Accessibility links

Jurnalist bəraət istəyir

Fevralın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə ilkin baxış olub. Rauf Mirqədirovun da iştirak etdiyi məhkəmə iclası qapalı keçirilib.

Vəkil Fuad Ağayev prosesdə həbs qətimkan tədbirinin ləğv edilməsi, yolverilməz sübutların cinayət işindən çıxarılması və yeni sübutların araşdırılması, apellyasiya məhkəməsi istintaqı dövründə azadlığa buraxılmasının mümkünlüyü barədə vəsatət verib. Vəsatətlərin heç biri təmin olunmayıb.

Hakim qeyd edib ki, məhkəmə baxışı zamanı ehtiyac olarsa, istintaq yenilənə bilər.

Məhkəmə baxışı martın 3-nə təyin edilib.

Vəkil Rauf Mirqədirovun səhhətində çoxsaylı problemlərin olduğunu deyib.

“R.Mirqədirov qan təzyiqindən əziyyət çəkir. Hazırda o, dərmanlar qəbul edir, beyindaxili qan təzyiqini normada saxlamaq üçün müalicə alır. Gözləri zəifləyib. Onun həbsxana şəraitində müalicəsi çətindir”, vəkil qeyd edib.

R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib.

R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

Jurnalist ittihamı qəbul etmir. Amnetsty İnternational Mirqədirovu “vicdan məhbusu“ elan edib.

XS
SM
MD
LG