Accessibility links

Ərəb inqilablarının Azərbaycana təsirləri müzakirə edilib


Ərəb inqilablarının Azərbaycana təsirləri müzakirə edilib
Ərəb inqilablarının Azərbaycana təsirləri müzakirə edilib

Forumda ərəb inqilablarının səbəbləri, hərəkətverici və avanqard qüvvələri, dinin təsirləri, avtoritar hakimiyyətlər, qərb demokratiyasının rolu, qloballaşma, müasir texnologiyaların təsirləri, yeni inqilabi hərəkatın təsir dairələri, Azərbaycana və regiona təsirləri ətrafında fikir mübadiləsi aparılıb

Çoxsaylı siyasi partiyanı birləşdirən Demokratiya Uğrunda İttifaq “Ərəb inqilablarının Azərbaycana təsirləri” mövzusunda dəyirmi masa keçirib. Müzakirələrdə çoxsaylı siyasi partiya təmsilçiləri, ekspertlər və ziyalılar iştirak edib.

Forumda ərəb inqilablarının səbəbləri, hərəkətverici və avanqard qüvvələri, dinin təsirləri, avtoritar hakimiyyətlər, qərb demokratiyasının rolu, qloballaşma, müasir texnologiyaların təsirləri, yeni inqilabi hərəkatın təsir dairələri, Azərbaycana və regiona təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

“Azərbaycanın ən böyük problemi indiki iqtidardır. Xalqa xidmət edən iqtidar formalaşdırılmalıdır”, - deyə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu qeyd edib.

Ekspertlər ərəb ölkələrindəki hakimiyyətlərlə Azərbaycan hakimiyyətini müqayisə edib. Onların fikrincə, ərəb ölkələri və Azərbaycanı avtoritar rejimlər idarə edir. “Müasir texnologiyalar dövründə xalqa xidmət etməyən hakimiyyətlə bir-birinin ardınca yıxılır. Azərbaycanda da artıq 40 ilə yaxındır ki, hakimiyyət bir ailənin əlində cəmləşib. Hakimiyyətdə olan ailənin varı digər vətəndaşlarla müqayisədə ölçüyəgəlməz səviyyədə çoxdur. Məhkəmə hakimiyyəti işləmir, insan haqları pozulur, siyasi partiyalar, müxalif fikirlər susdurulur, rüşvət və korrupsiya dövlətin idarəetmə mexanizmidir”, - deyə Azadlıq Partiyasının sədri Əhməd Oruc vurğulayıb.

O prezidentin rüşvət və korrupsiyaya qarşı mübarizə ilə bağlı bəyanatını “cəfəng fikirlər” adlandırıb. “Bu rüşvət və korrupsiyanın dövlət başçısının iradəsi ilə alındığının sübutudur. Bu həm də göstərir ki, hökumətə xalqın nəzarəti yoxdur. Dövlət başçısı icazə verərsə rüşvət alınacaq, icazə verməzsə alınmayacaq. Biz, ilk öncə konstitusiyaya dəyişiklik edib “bir nəfərin iki dəfədən çox prezident ola bilməz” bəndini bərpa etməliyik. Yeni hökumət formalaşdırmalıyıq”, - deyə o qeyd edib.

Çıxışlarda Avropa və Amerikanın inqilablara kömək etməsinin səbəbləri ilə bağlı da fikrilər yer alıb. “Avropa İttifaqı ölkələri hesab edir ki, totalitar rejimlər qaldıqca onların ölkələrinə gələn miqrantların sayı artmaqda davam edir. Hazırda yalnız Almaniyada 6 min azərbaycanlı siyasi qaçqın var”, - deyə Liberal partiyasının sədri Əvəz Temirxan qeyd edib.

Avroatlanitika Əməkdaşlığı Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər hesab edir ki, qloballaşma elə səviyyəyə çatıb ki, artıq avtoritar rejimlər buna maneədir. Onun fikrincə, qlobal istəklə ərəb dünyasının tələblərinin sintezi uğurlu inqilabı situasiyanın yaranmasına səbəb olub. “Ölkədəki sərvətlər avtoritar rejimlərin əlində cəmləşdiyindən açıq sərhədlər, azad gömrük-keçid məsələlərinə mane olurlar. Azərbaycanda da avtoritar rejim, bu səbəbdən qərbin çoxsaylı çağırışlarına baxmayaraq Ümumdünya Ticarət Təşkilatına üzv olmur. Həm də qapalı rejimlər terror mənbəyi, çirkli pulların yuyulması üçün münbit məkan, narkotiklərin yayılması üçün məntəqə rolunu oynayır”.

Forumda ölkə prezidentinin sosial-siyasi siyasəti kəskin tənqid edilib və inqilabi hərəkatın vacibliyi önə çəkilib. Çıxışlarda həmçinin, bir sıra müxalifət liderlərinin parlamentin buraxılması ilə bağlı təklifləri də tənqidə tuş olub. “Baş korrupsioneri yerində saxlayıb, yeni parlament seçkiləri tələb etmək mənasızdır. İndiki iqtidar dəyişməzsə hər hansı islahat mümkün deyil. Xalq hərəkatı olmadan siyasi partiyalar nailiyyət əldə edə bilməz. Buna Tunis və Misir inqilabları gözəl nümunədir. Xalqla işləmək lazımdır”, - deyə keçmiş daxili işlər naziri İsgəndər Həmidov bildirib.

Ekspertlər və siyasətçilər ərəb inqilablarından MDB məkanında baş verən dəyişikliklərin Azərbaycana təsirlərinin daha çox olduğu fikrindədir. “Cənubi Qafqaz Rusiyanın təsirindədir. Rusiyada və digər MDB ölkələrində baş verənlərin Azərbaycana daha çox təsirləri var. Bu səbəbdən MDB ölkələrinin demokratik qüvvələri bir cəbhədə birləşməlidir, qarşılıqlı əlaqələrini gücləndirməlidir. Bu baxımdan, Gürcüstan və Ermənistanda müxalifətin birliyi olduğu halda, Azərbaycanda bu birlik toxdur”, - deyə Sülhəddin Əkbər xatırladıb.

Politoloqlar ərəb inqilablarının İrana və sonra Azərbaycana təsirlərini istisna etməyib. “Dünən İranda ciddi təqiblərə baxmayaraq etirazlar davam edib. Əgər prezident seçkilərində etirazlar yalnız Tehranı əhatə edirdisə, dünənki etirazlar bütün İranı əhatə edib. İranda inqilab qaçılmaz xarakter alır və bunun Azərbaycan təsirləri olacaq”, - deyə politoloq Qabil Hüseynli qeyd edib.

Onun fikrincə, İran hakimiyyəti inqilabdan diqqəti yayındırmaq üçün terror aktları reallaşdıra bilər. “Son günlər Amerika, Böyük Britaniya və İsrailin terror təhlükəsi çağırışları da bununla bağlıdır. Hətta, Masallı şəhərində telefon stansiyasının partladılması da bununla bağlı ola bilər”, - deyə politoloq fikrini izah edib.

Bir sıra siyasətçilər islahatlar yolu ilə inqilabdan qaçmağın mümkünlüyünü irəli sürüb. “İnqilablar sülalə hakimiyyətlərini devirmək üçün edilir. Azərbaycan konstitusiyada iki dəfədən çox prezident olmamaq bəndini bərpa etsə, təcili yeni parlament seçkiləri keçirsə, prezidentin səlahiyyətləri azaltsa inqilabi situasiyadan qaçmaq olar”, - deyə Demokrat Partiyasının katibi Həsrət Rüstəmov qeyd edib.

Ekspertlər eyni zamanda, Azərbaycanda inqilabi situasiyanın hələ yetişmədiyini də deyib. “Hazırda xalqı arxasınca aparacaq avanqard siyasi qüvvə və vahid siyasi ideologiya formalaşmayıb. Eyni zamanda, Misir və Tunis inqilablarının gedişində siyasi ideologiya və avanqard qüvvə formalaşdı. İnqilabların yaradıcısı sosial şəbəkələr və gənclərdir” – deyə politoloq Qabil Hüseyni bildirib.

XS
SM
MD
LG