Accessibility links

Ərəb ölkələrinin nazirləri İran əleyhinə bəyanat qəbul edib


Ərəb ölkələrinin nazirləri İran əleyhinə bəyanat qəbul edib

Ərəb ölkələrinin nazirləri İran əleyhinə bəyanat qəbul edib

Bəhreyn, Küveyt, Əmman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, İran İslam Respublikasının bölgədəki nifaq siyasətinin qarşısını almaq üçün ciddi tədbirlər görmək lazımdır.

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr BMT Təhlükəsizlik Şurasından İranın bölgə ölkələrinə qarşı təhriklərinin qarısını almağı tələb ediblər.

“Media forum” saytının məlumatına görə, bu tələbi əks etdirən bəyanat Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin aprelin 17-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirdiyi iclasda qəbul olunub.

Şuraya üzv olan Bəhreyn, Küveyt, Əmman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, İran İslam Respublikasının “bölgədəki nifaq siyasəti”nin qarşısını almaq üçün ciddi tədbirlər görmək lazımdır: “İrandan bizim daxili işlərimizə qarışmağa son qoymağı, bölgə ölkələrinə qarşı təhrikçi siyasətdən əl çəkməyini tələb edirik. Biz həmçinin Səudiyyə Ərəbistanının İrandakı diplomatlarına qarşı zorakılığı pisləyir, bildiririk ki, bu ölkə diplomatlarının təhlükəsizliyi təmin edilməsə, Ər-Riyad onları Tehrandan geri çağırmaq məcburiyyətində qalacaq”.

Aprelin 11-də Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi qarşısında aksiya keçirilmişdi. Səudiyyə Ərəbistanının Bəhreynə hərbi müdaxiləsinə etiraz olaraq keçirilən aksiyada səfirlik binasına altı-yeddi dəfə “Molotov kokteyli” atılmışdı.

Fevral ayında Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.

XS
SM
MD
LG