Accessibility links

Real hərəkatı Azərbaycanda iki dəfədən çox dövlət başçısı seçilmək hüququ verən konstitusiya müddəasının ləğvini tələb edir


Real hərəkatı Azərbaycanda iki dəfədən çox dövlət başçısı seçilmək hüququ verən konstitusiya müddəasının ləğvini tələb edir

Real hərəkatı Azərbaycanda iki dəfədən çox dövlət başçısı seçilmək hüququ verən konstitusiya müddəasının ləğvini tələb edir

Real hesab edir ki, ilk nümunəvi addım kimi, 2009-cu il referendumunun iki prezidentlik müddətinə dair nəticələri məqsədəuyğun hüquqi yolla dəyişdirilməli, əvvəlki məhdudiyyət yerinə qaytarılmalıdır. Xalq içində olan bütün siyasi, sosial, mədəni fikir və təsəvvürlərin sərbəst ifadəsi üçün mövcud əngəllər aradan qaldırılmalıdır. Böyük siyasi rezonanslı məhkəmə qərarları Azərbaycanın üzv olduğu beynəlxalq qurumların tələblərinə dərhal uyğunlaşdırılmalıdır.

Real hərəkatı prezident İlham Əliyevi ona iki dəfədən çox dövlət başçısı seçilmək hüququ verən konstitusiya müddəasını ləğv etməyə çağırır.

Real-ın dövlət başçısına ünvanlandığı məktubda deyilir ki, iki il öncə, hər hansı açıq, geniş və dərin müzakirəsiz ölkədə cümhuriyyətçiliyin əsaslarını sarsıdan referendum keçirilərək, dövlət başçısının iki müddətdən çox vəzifədə qala biləcəyini təmin edən formal hüquqi dəyişiklik baş verib. “Respublikaçı Alternativ hərəkatı olaraq, istənilən qanun dəyişikliyinin hakimiyyəti əbədiliklə təmin edə bilməyəcəyini referendum ətrafındakı məhdud müzakirələrdə dəfələrlə bildirmişdik. Dərinə baxsaq, belə əbədilik axtaranların ona həqiqi ehtiyacı da yoxdur. O zaman mövqeyimizi daha çox tarixin örnəklərlə əsaslandırsaq da, indi ərəb dünyasında gözlərimiz qarşısında davam edən üsyan, inqilab və müharibələr də doğru düşündüyümüzü sübut edir. Onilliklərdir öz yerlərini həm adi, həm də fövqəl qanunlarla qorumuş sayan dövlət başçıları bir-bir hakimiyyətlərini itirir. Kəskin vətəndaş qarşıdurmaları bu dövlətləri böyük insani və iqtisadi itkilərlə üzləşdirir. Bakıda hələ də heykəli duran Hüsnü Mübarəkin məcburi istefasından sonra onun ölkəsində dərhal referendum keçirildi və bir şəxsin iki dəfədən artıq prezident seçilməsi yasaqlandı. Eyni dəyişikliklər üsyan alovu hələ sönməyən və ya təzə üzə çıxan başqa ölkələrdə də baş verir”.

Sənəddə bildirilir ki, Azərbaycanda siyasi rəqiblərin fəaliyyətinin məhdudlaşdırılması, söz və ifadə azadlığı kimi fundamental hüquqların geniş əhatədə pozulması, rüşvətə və büdcə oğurluğuna qarşı gerçək mübarizənin aparılmaması, sivil toplumun davamlı əngəllərlə üzləşməsi, möminlərlə qanunsuz rəftar və bu kimi digər mənfi mənzərələr ərəb ölkələrində baş verənlərin ölkəmizdə təkrarlanmasını artıq dərəcədə mümkün edir. “Məsələ təkcə siyasi inhisar naminə hüquqların pozulması ilə məhdudlaşmır. İqtisadi inhisarçılıq qiymətləri maaşlara nisbətdə xeyli yüksək saxlayır, onsuz da zəif yerli istehsalı rəqabət gücdən salır - TV verilişlərindən tutmuş gündəlik qida məsullarına qədər əksər Azərbaycan mal və xidmətləri əsasən ticari baryerlər hesabına yaşayır. Ərəb inqilablarından ruhlanan gənc ədalət mübarizlərimizə qarşı dövlətin repressiv addımları bizdə xüsusi təəssüf hissi doğurur, çünki bunun nəticəsində vətəndaş qarşıdurması perspektivi yalnız kəskinləşir. Sözügedən bütün bu ciddi qüsurların Qarabağ davamıza nə dərəcədə ziyan vurduğunu gözəl bilirsiniz”.

Realçılar hesab edir ki, ilk nümunəvi addım kimi, 2009-cu il referendumunun iki prezidentlik müddətinə dair nəticələri məqsədəuyğun hüquqi yolla dəyişdirilməli, əvvəlki məhdudiyyət yerinə qaytarılmalıdır. “Xalq içində olan bütün siyasi, sosial, mədəni fikir və təsəvvürlərin sərbəst ifadəsi üçün mövcud əngəllər aradan qaldırılmalıdır. Böyük siyasi rezonanslı məhkəmə qərarları Azərbaycanın üzv olduğu beynəlxalq qurumların tələblərinə dərhal uyğunlaşdırılmalıdır. Rüşvətə və büdcə oğurluğuna qarşı fraqmentar, əskik və səmərəsiz addımlar inandırıcı şəffaflıq və ədalət siyasəti ilə əvəzlənməlidir”.

Real hərəkatı 2008-ci ildə yaranıb. Hərəkatda ölkənin çoxsaylı tanınmış, dünyəvi baxışlı ziyalıları birləşir.

XS
SM
MD
LG