Accessibility links

REAL ATƏT-ə müraciət edib: İlqar Məmmədov həbsdən azad edilsin


REAL Hərəkatının sədri İlqar Məmmədov
REAL Hərəkatının sədri İlqar Məmmədov

“İ.Məmmədov dərhal azad edilməsə, bu seçkidəki nəticəmizə ən güclü formada mənfi təsir göstərəcəkr”, - sənəddə qeyd edilir

“REAL hərəkatının sədri İlqar Məmmədovun dərhal sərbəst buraxılması, seçkilərin demokratikliyi sahəsində Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Azərbaycan hakimiyyətinə bütün mümkün siyasi təsirlərin göstərilməsini və digər uyğun addımların atılmasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan xahiş edirik”. Bu barədə Respublikaçı Alternativ (REAL) hərəkatının İdarə Heyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müdiri Janes Lenarçik-ə müraciətində deyilir.

Azərbaycanda 2013-cü il oktyabrında növbəti prezident seçkiləri keçiriləcək. Bütün DTİHB müşahidə hesabatlarından göründüyü kimi, ölkənin seçki tarixçəsi ədalət və azadlıq baxımından bərbaddır. Hərəkatımızın sədri İlqar Məmmədovun bu günlərdəki həbsi hər hansı tərəqqi perspektivini daha da daraldır, sənəddə qeyd edilir.

Müraciətdə bildirilir ki, REAL hərəkatı İlqar Məmmədovun rəsmən 2013-cü il fevralın 9-da namizədliyini elan edəcəkdi.

“Lakin 2013-cü il fevralın 4-də o, iki ay müddətinə həbs edilib. Ona qarşı uydurma ittiham məhkəmə tərəfindən dəstəklənsə, o, yeddi ilə qədər azadlıqdan məhrum edilə bilər. Siyasi məhbus istehsalçısı kimi fəaliyyət göstərən Azərbaycan məhkəmələrinin dərin problemləri haqqında sizin büro yaxşı məlumatlıdır”, - müraciətdə xatırladılır.

Bir sıra beynəlxalq təşkilatlar - Human Rights Watch, Amnesty International, Revenue Watch Institute və digərləri bu siyasi həbslə bağlı ciddi tənqidlərini ifadə ediblər. Avropa Birliyinin rəhbərləri də - Catherine Ashton, Stephan Füle, Thornbjorn Jagland və başqaları buna mənfi münasibətlərini bildiriblər.

REAL qeyd edir ki, namizədləri səsvermə gününə 8 ay qalmış, yəni seçkilərin mühüm tərəfləri üçün həlledici vaxtda həbs edilib: namizədlər gələcək donorlardan ianə öhdəliklərinin əksəriyyətini məhz indi toplayır, eləcə də 40 min qeydiyyat imzası toplamaq üçün, ümumən kampaniya aparmaq üçün, seçki gününə aid fəaliyyətləri qurmaq üçün inzibati və kadr hazırlıqlarını məhz indi həyata keçirirlər.

“İ.Məmmədov dərhal azad edilməsə, bu seçkidəki nəticəmizə ən güclü formada mənfi təsir göstərəcək”, - sənəddə qeyd edilir
XS
SM
MD
LG