Accessibility links

İlqar Məmmədov: Prezidentliyə namizədliyimi açıqlayan anda Azərbaycandakı diktatorluq rejimi məni həbsxanaya atdı


ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

REAL Hərəkatının lideri həbsxanadan dünya ictimaiyyətinə müraciət edib

“Beynəlxalq ictimaiyyətin Azərbaycan diktatorluğu ilə səfehcəsinə sivil qaydalar əsasında oynamaq cəhdlərinə, bu zaman sonuncunun dünyaya və öz vətəndaşlarına sırtıq tərzdə meydan oxumasına həbsxanadan ayrı bir hisslə baxırsan”, - Respublika Alternativi Hərəkatının (REAL) həbsdə olan rəhbəri İlqar Məmmədovun açıq məktubunda deyilir.
“Rusiya deputatlarının və bir neçə ələ alınmış, ya da aldadılmış avropalı siyasətçinin kiçik səs çoxluğu ilə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) siyasi məhbuslar mövzusunda tarixi səsverməni Azərbaycan hakimiyyəti qazandıqdan cəmi 20 dəqiqə sonra İsmayıllı şəhərində baş verən ciddi siyasi toqquşmalar öz ironik acılığı ilə siyasi məhbuslar dairəsini daha da genişləndirdi.

Mənə qarşı rəsmi ittiham da həmin toqquşmalarla bağlıdır. Xalqın polislə dalbadal iki gecə toqquşması arası, sakit axşamtərəfi saatlarda İsmayıllıya qısa bir səfər etmişdim. İstənilən ölkənin siyasi və sivil toplum liderinə dəqiqliklə yaraşan məqsədim – durumu yerində dəyərləndirmək və geniş ictimaiyyətə mövqeyimi çatdırmaq idi. İndi korrupsiyaya bu qəfil və təəssüf ki, zorakı etirazı təşkil etməkdə Azərbaycan hakimiyyəti məni günahlandırır.

Bu həbsi dərhal siyasi kimi səciyyələndirən, sərbəst buraxılmağımı tələb edən bütün beynəlxalq təşkilatlara, Avropa Birliyinin tanınmış komissarlarına və görkəmli siyasətçilərinə təşəkkür edirəm. Onlar nələrin olduğunu yaxşı anlayırlar. Hakimiyyətin “istintaq” haqqında sözlərini ciddi qəbul edən sadəlövh adamlar varsa, bu yazının içində keçmiş bir il ərzində diktator Əliyevi incidən fəaliyyət epizodlarımla və qarşıdakı prezident seçkilərində onun həmişəki tamaşasını necə poza biləcəyimlə tanış olsunlar.

2012-ci ilin əvvəllərində “Washington Post” qəzeti və “Azadlıq” radiosu İlham Əliyevin ən yaxın ailə üzvlərinə aid korrupsiya halları haqqında araşdırmaçı jurnalistlərin hesabatlarını dərc etdilər. Belə çıxdı ki, onun uşaqları, o cümlədən yeniyetmə oğlu, dollar dəyəri yüz milyonlarla ölçülən mülk müəssisələrə sahibdirlər. Bunlardan bəziləri ayrı-ayrı ölkələrdə, bəziləri isə Azərbaycanda yerləşir, xaricdə qeydiyyatda dursa da.
Əliyevin cavabı o jurnalistlərə qarşı müxtəlif növdə təqib aktları ilə məhdudlaşmadı: iyun ayında o, şirkət sahibləri haqda məlumatları ictimaiyyətin üzünə qapatdıran qanun dəyişikliyini həyata keçirtdi. İndi ölkəni özəl mülkiyyətlərinə çevirmək üçün və neft gəlirlərini oğurlamaq üçün Əliyevlərə xaricdə şirkət qeydiyyatdan keçirmək lazım deyil – ölkədə qısa ömürlü şirkətlər qurmaq yetir.

Bu dəyişikliyin ən səs-küylü və məzmunlu tənqidçisi sədri olduğum REAL vətəndaş hərəkatı idi. Siyasi baxımdan steril olan parlamentin qarşısında etiraz da etmək istədik, amma orada polis tərəfindən qısa müddətə tutuldum, qanun dəyişikliyi isə səsvermədən yağ kimi keçdi. Bu hadisə haqqında Nyu Yorkda yerləşən Gəlirlərin Müşahidə İnstitutunun (Revenue Watch Institute) üzvü olduğum Məsləhət Şurasına xəbər vermişdim.

Bunlar iyun ayında baş verdi. Yay tətilindən sonra yenidən toplaşan parlament, bu cür “icazəsiz” ictimai etirazlara görə ağır cərimələr nəzərdə tutan dəyişiklikləri qanunlara daxil etdi. Sosial şəbəkələrdə bir çox tənqidçinin (TV və radio tam senzura altındadır) parlamentin bu və bütün digər qanunların qəbulundakı notarial kontor roluna qarşı sərt ifadələr işlətdiyimə görə, məhz cərimələri təsdiqləyən səsvermə iclasında parlamentin sədri Oqtay Əsədov, “parlamenti ictimai təhqirlərdən qoruyacaq” tədbirlərin də görüləcəyini vəd etdi.

Geniş oxunan siyasi bloqumda buna cavab olaraq parlamentin rolunu orta əsrlərdə şahlarımızın sarayda saxladığı zooparka bənzətdim: şahlar narazı insanları oraya yem şəklində atıb qalan əhalini eyni aqibətlə qorxudurdular.

Əsl mafiya bossu üslubunda çıxış edərək, keçmiş polis rəisi və daha da yüksək rütbəli təhlükəsizlik məmurunun qardaşı olan deputat Adil Əliyev, bu bloq yazıma görə başımın kəsiləcəyi ilə məni hədələdi. Təxminən daha 40 deputat məni məhkəməyə verməyə hazırlaşdıqlarını bildirdilər. Lakin bu kampaniya birdən-birə dayandı, sanki ən yuxarı yerdən onlara “bir az gözləyin” işarəsi edildi. Həmin vaxt Avropa Birliyinin vitse-prezidenti Nelli Kroes mənə qarşı hədələr mövzusuna münasibət bildirdi – yəqin, dünyanın belə iyrənc ideyalardan xəbərdar olmasını göstərmək üçün.

Ay yarım sonra, orduda savaşdankənar ölümlərin rekord sayına küçədə etiraz düzənləyən minlərlə gəncə qoşuldum. Bu icazəsiz etiraz hakimiyyət üzərinə güclü mənəvi basqı yaratmaqla böyük uğura çevrildi.

Artıq o göstəridən sonra hakimiyyətin məni həbsə atmaq planlarını hiss etdim. Buna baxmayaraq, İsmayıllıdakı antikorrupsiya toqquşmalarının ilk gecəsindən sonra o şəhərə getdim görüm nə baş verir. Marağımı əsaslı edən təkcə ictimai statusum deyildi – bundan 11 ay öncə daha bir əyalət şəhəri Qubada da oxşar toqquşmalar olmuşdu və mən onları indiki, ifrat dərəcədə mərkəzləşdirilmiş yerli idarəetmə sistemindəki böhranın açıq-aydın təzahürü kimi səciyyələndirərək, yerlərdə hakimiyyətin icra başçılarından alınaraq seçiləcək bələdiyyələrə verilməsini nəzərdə tutan təcili islahatlara çağırmışdım. Böhranın sistemli olduğunu hadisə günü Qubanın özündən bildirərək, həm də gərginliklərin başqa nöqtələrdə təkrarlanacağı haqda “Amerikanın Səsi”nin 15 dəqiqəlik video yayımında proqnoz da vermişdim.

İsmayıllı hadisələri bu müşahidə və qənaətlərimi doğru çıxardı. Yeri gəlmişkən, İsmayıllıda 2 saatdan az oldum, özü də axşamtərəfi, polislə toqquşmaların ikinci gecəsi ərəfəsində şəhərin hələ sakit olduğu vaxtda.

Bu hadisələr 23 və 24 yanvarda yaşanmışdı. Beş gün sonra isə yanvarın 28-də, hakimiyyəti tam özündən çıxaran qalmaqallı bir məlumatı bloqumda dərc etdim. Prezident tərəfindən təyin olunmuş İsmayıllı icra başçısının hadisələrdə yandırılan otelin ona, ya da yaxınlarına aidiyyatı olmamasına dair ilk gündən verdiyi bəyanatlara baxmayaraq, dərc etdiyim rəsmi sənədlər bu mülkün onun qardaşı oğluna məxsus olmasını aydın göstərdi. Qardaşı isə, əmək və əhalinin sosial müdafiəsi naziridir. Yanvarın 23-də xalqı qəzəbləndirən də elə həmin qardaşoğlu olmuşdu. Sözügedən yazım, Azərbaycan informasiya məkanında bir partlayış etdi və bloqumu dünya üzrə “livejournal” bloqları sıralamasında 67-ci yerə yüksəltdi (yazını həmin gün 17 min unikal ziyarətçi oxudu, halbuki əvvəlki rekord 6 min idi, gündəlik ortalama göstəricim isə 500 təşkil edir).

Təbii ki, ertəsi gün məni Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət etdilər, və bu İdarə İsmayıllı etirazlarını təşkil etməyim haqda birdən-birə “faktlar” aşkarladığını bildirdi. Beş gündən sonra iki şəxsi üzümə “şahid” qismində durduraraq, iki ay müddətinə həbs qətimkan tədbiri ilə məni həbs etdilər. İttihama əsasən 7 ilədək azadlıqdan məhrum edilə bilərəm.

İşin daha bir əhəmiyyətli tərəfi, REAL hərəkatının məni prezidentliyə namizəd elan etmək haqqında yanvarın əvvəllərində verdiyi və xalqa açıqladığı qərardır. Bu qərarın rəsmi ictimai təqdimatı fevralın 9-a planlaşdırılmışdı. Seçkilər oktyabrın ortasında keçiriləcək.

Bütün bunlar sadəcə 12 ayın bir neçə epizodudur. Siyasi və sivil toplum sahəsində liderlik fəaliyyətimin tarixçəsi daha uzundur. 15 il ərzində dünyanın xeyli sayda ən yüksək səviyyəli və tanınmış siyasətçiləri ilə - ABŞ senatorları, Avropa Parlamentinin üzvləri, nazirlər, baş nazirlər və prezidentlər ilə - regional təhlükəsizlik, inkişaf və demokratiya məsələlərini görüşmüşəm. Azərbaycanın Avro-Atlantik inteqrasiyaçısı, Qarabağ münaqişəsinin dinc həlli və gerçək demokratik dəyişikliyin ən fəal təşviqatçısı qismində Birləşmiş Ştatlarda və Avropada keçirilən konfranslara saysız-hesabsız çıxış və yazılarımla töhfə vermişəm.

Həmin məqsədlər uğrunda davamlı mübarizəmizin nəticəsi kimi REAL hərəkatının genişlənməsi yeni temp qazanan anda və REAL prezidentliyə namizədliyimi xalqa açıqlayan anda Azərbaycandakı diktatorluq rejimi məni həbsxanaya atdı”, - müraciətdə bildirilir.
XS
SM
MD
LG