Accessibility links

Demokratik Qüvvələrin Milli Şurası və REAL Hərəkatı Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər haqqında referendum aktı layihəsini pisləyən bəyanatla çıxış edib.

Prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə iyulun 18-də sərəncam imzalayıb. Layihəyə əsasən prezidentlik müddəti 5 ildən 7 ilədək artırılır, deputat və prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyəti (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılır, prezidentə Milli Məclisi buraxmaq və nöbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilir, 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələri yaradılır, dövlətin xüsusi mülkiyyət toxunulmazlığını məhdudlaşdırmaq hüququ tanınır.

“Bu müddəalar toplu halda ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklərin qəbulu Azərbaycanda artıq xeyli vaxtdır faktiki tətbiq edilən monarxiya quruluşunun qanuniləşməsi demək olardı. Başqa sözlə, İlham Əliyev öz ailəsinin əbədi hakimiyyətini təmin etmək üçün dövlət quruluşunu faktiki konstitusiyalı monarxiyaya dəyişmək niyyətindədir”, Milli Şuranın bəyanatında deyilir.

Milli Şura beynəlxalq birliyə müraciət edib.

“Azərbaycan hakimiyyəti bir sıra beynəlxalq hüquqi öhdəliklər götürüb və ölkədə faktiki monarxiyanı qanuniləşdirmək istəyi həmin öhdəliklərə zidd və onların pozulmasıdır. Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvü kimi mütərəqqi dünyada qəbul edilmiş universal demokratik dəyərlərə sədaqət və onları inkişaf etdirmək öhdəliyinə malikdir”, deyə bildirən Milli Şura həm də beynəlxalq təşkilatlardan və bütövlükdə Qərb dünyasından "Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir”.

Milli Şura bəyan edir ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər əhatə dairəsinə görə təkcə siyasi qüvvələri maraqlandıracaq miqyasda deyil, bütün vətəndaşların maraq və mənafeyinə zərbə vuracaq gücdədir.

“Milli Şura Azərbaycan xalqını öz hüquq və haqları uğrunda fəallığa, Konstitusiyaya təklif edilən bu dəyişikliklərə “yox” deməyə çağırır”, sənəddə qeyd edilir.

REAL Hərəkatı isə hesab edir ki, ölkədəki problemləri aradan qaldırmağın tək doğru yolu sistemi kökündən dəyişməkdir.

“Konstitusiyaya təklif olunan dəyişikliklər sistemi nəinki dəyişmir, onu daha dərin böhrana sürükləyir, ölkə üçün əlavə risklər və təhlükələr yaradır”, sənəddə qeyd edilir.

REAL referenduma çıxarılması gözlənilən təkliflərə qarşı təşviqat aparmaq üçün qanunun icazə verdiyi gərəkli fürsətlərdən istifadə edəcəyini bəyan edir.

“Bunun üçü, referendum rəsmən təyin olunan kimi REAL özünün referendum təşviqat qrupunu yaradacaq. Ən yaxın zamanda bu prosesə hazırlıqla bağlı REAL-ın bütün üzvlərinə gərəkli təlimatlar veriləcək. Referendum təşviqat qrupunun rəsmən qeydiyyatdan keçməsi üçün, REAL-ın tərəfdarlarına və təəssübkeşlərinə, öz vətəndaş (seçici) imzalarını vermələrinə yönəlik çağırışımız da olacaq”, bəyanatda deyilir.

XS
SM
MD
LG