Accessibility links

Rəfsəncaninin qızı həbsdə saxlanan bacı-qardaşından danışıb


Fayimə Haşimi
Fayimə Haşimi

O bacı-qardaşının hazırda Tehranın Evin zindanında təkadamlıq kamerada saxlandığını deyib

İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi noyabrın 21-də jurnalistlərə açıqlamasında həbsdə saxlanan bacısı Faizə və qardaşı Mehdinin durumundan danışıb.

“Media forum” saytının məlumatına görə, bacı-qardaşının hazırda Tehranın Evin zindanında təkadamlıq kamerada saxlandığını vurğulayan Fatimə Haşimi atasının Evin zindanına gedərək övladları ilə görüşdüyünü bildirib: “Faizə Haşimi hazırda məhbus qadınlar korpusunda saxlanılır. Hər bazar günü zindana gedib onunla görüşürük. Təkadamlıq kamerada saxlanan qardaşım Mehdi Haşiminin səhhətində ciddi problem yarandığı üçün onu noyabrın 19-da şəhər xəstəxanasına aparıb müayinə ediblər, sonra yenidən zindana qaytarıblar.

Qardaşımda qan təzyiqi yüksək olduğuna görə onu xəstəxanaya aparmışdılar. Sidiyində qan da müşahidə edilib. Qardaşımı təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparıblar. Yatdığı palatada 3 silahlı məmur da olub. Xəstəxanadakı həkimlər və tibb bacıları xəstəxanada var-gəl edən təhlükəsizlik əməkdaşlarının onlarla kobud rəftarından şikayətləniblər. Mehdi zindanda atamla görüşündə 7 saat dindirildiyini bildirib. Deyib ki, ona qarşı irəli sürülən ittihamlar müxtəlif şəxslərin böhtanlarına söykənir və müstəntiqlərin əlində bu ittihamları sübuta yetirən heç bir tutarlı dəlil-sübut yoxdur”.

2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı. Prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyaları keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulmuş, sonra isə ölkəni tərk edərək Böyük Britaniyaya getmişdi. Mehdi Haşimi 3 il mühacirətdə yaşadıqdan sonra 2012-ci il sentyabrın 24-nə keçən gecə İrana qayıdıb və həmin günün səhəri Tehran prokurorluğuna çağırılıb dindirildikdən sonra həbs edilib.

Faizə Haşimi isə sentyabrın 22-si axşam saat 23-də mənzilində tutulub. Tehran məhkəməsi 2012-ci ilin yanvar ayında Faizə Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, o, həbsə salınmamışdı. Məhkəmə Faizə Haşimini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırmışdı.

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.
XS
SM
MD
LG