Accessibility links

Bu gün səhər saatlarında Sabirabadda polis AXCP yerli təşkilatının müşavirə iştirakçılarını dağıdıb. AXCP mətbuat katibi Natiq Adilovun facebook səhifəsində yazdığına görə, müşavirə yerli fəallardan biri olan Sahib Rüstəmlinin şəxsi evinin həyətində keçirilirdi.

Polis həyətə daxil olub və toplaşanları dağıtmağa başlayıb, masaları aşırıb və hər kəsi küçəyə qovub. Bu zaman Rüstəmlinin ailə üzvləri zorakılığa və təhqirə məruz qalıblar.

AXCP sədr müavini Gözəl Bayramlı hakimiyyətin əməllərini qərəzli təxribat kimi qiymətləndirib.

Bu gün Qəbələ rayonunun Nic kəndində də AXCP fəallarının fəhlələr və kiçik biznes nümayəndələri ilə görüşündə buna bənzər hadisə baş verib.

Burada da polis görüşün keçirildiyi çayxanaya gələrək, iştirakçıları hədələyib. Nəhayət, polis və icra hakimiyyəti işçiləri “görüşü nəzarət altına alıblar”, bütün deyilənləri qeydə alıblar. Bu barədə Turan İnformasiya Agentliyi AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlıya isitinadən məlumat yayıb.

Bu arada AXCP aprelin 20-də partiyanın Sabirabad rayon şöbəsinin müşavirəsini polisin dağıtması ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, AXCP Sabirabad şöbəsi ölkə qanunlarına və partiyanın nizamnaməsinə uyğun olaraq növbəti müşavirəsini keçirmək istəyib. Lakin tədbir başlayandan təxminən 15 dəqiqə sonra aralarında mülki geyimlilərin də olduğu 100-ə yaxın polis əməkdaşı partiya fəalı Sahib Rüstəmlinin müşavirənin keçirildiyi evinə sözün həqiqi mənasında basqın edərək, tədbiri dağıdıb. Basqın zamanı polislər şəxsi əmlaka zərər vurub, toplantı iştirakçılarına, eləcə də ev sahibinin ailə üzvlərinə qarşı ciddi zorakılıq edib.

AXCP bildirir ki, Sabirabadda baş verən bu son hadisə partiyaya qarşı törədilən ilk belə hücum olmamaqla, Azərbaycan hakimiyyətinin seçkilərə necə hazırlaşdığını göstərir. Partiya bəyan edir ki, Sabirabad şöbəsinin müşavirəsinə polis basqını, eləcə də buna qədər qeydə alınan bu kimi hallar həm də hakimiyyətin siyasi cəhətdən özünü nə qədər gücsüz hiss etməsindən xəbər verir.

XS
SM
MD
LG