Accessibility links

Rəhim Qazıyev: Şübhə içərisindəyəm ki, açıq məktubumun nəticəsi olaraq prezident belə bir sifariş verib? [Audio-müsahibə]


Sabiq müdafiə naziri Rəhim Qazıyev

Sabiq müdafiə naziri Rəhim Qazıyev

Keçmiş müdafiə naziri Amerikanın Səsinə müsahibəsində Təhmasib Novruzov və Səs TV-nin əməkdaşı ilə üzləşdirilməsindən danışıb

Keçmiş müdafiə naziri Rəhim Qazıyev müstəntiq Ziya Əliyevin çağırış vərəqəsi ilə Səbayel Rayon Polis İdarəsinə dəvət olunub. Buna hökumətyönümlü QHT rəhbəri Təhmasib Novruzlu ilə bir il öncə baş vermiş insident səbəb olub. Sonuncu R.Qazıyev tərəfindən təhqir olunduğunu və fiziki təzyiqə məruz qaldığını bildirib.



“Guya bir il qabaq “Səs” televiziyasının efirdə onu təhqir etmişəm, hətta redaksiya əməkdaşlarını söymüşəm. Sonra dəhlizdə Təhmasibi vurmuşam”, - R.Qazıyev istintaqda olarkən nahar fasiləsi zamanı Amerikanın Səsinə müsahibəsində bildirib.

Müstəntiq dindirmədən sonra R.Qazıyevlə T.Novruzovu üzləşdirib.

R.Qazıyevin sözlərinə görə, T.Novruzov bildirib ki, guya keçmiş nazir ona şillə vurub və qapaz atıb. Bundan sonra R.Qazıyev yenidən saat 16:00-da polisə çağırılıb.

Keçmiş nazir bütün bunları bir ay öncə prezidentə yazdığı açıq məktubla əlaqələndirib. Məktubda ordudakı çatışmazlıqları sərt tənqid edib.

Martın 19-da R.Qazıyev saxlanılıb və 6 saat DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qalıb. Ondan tənqidə son qoyması tələb olunub.

Beləliklə, axşam saatlarında Rəhim Qazıyev sərbəst buraxılıb. O Amerikanın Səsinə deyib ki, dindirmədə tanınmış vəkillər Qurban Məmmədov və Namizəd Səfərov onun hüquqlarını müdafiə edib.

Günortadan sonra üzləşmədə “Səs TV”-nin icraçı direktoru da iştirak edib.

“İcraçı direktor dedi ki, o mənim Təhmasib Novruzovu vurmağımı görməyib. Amma, şapalağın səsini eşidib, baş nahiyəsindən dəyib. Mən isə bildirdim ki, Təhmasib Novruzova barmağım da dəyməyib. Mən debatdan yarımçıq çıxmışam, onları studiyada qoyub getmişəm və heç yerdə dayanmamışam”, Qazıyev bildirib.

Keçmiş müdafiə naziri güman edir ki, ona qarşı xuliqanlıq ittihamı irəli sürmək istəyirlər.

“Çalışırlar ki, xuliqanlığın tərkib hissəsini uydursunlar. Ancaq, bu mümkün deyil. Çünki mən Təhmasib Novruzova ümumiyyətlə toxunmamışam”, o qeyd edib.

Rəhim Qazıyevin dindirilməsi növbəti günlərdə davam etdiriləcək.

Keçmiş nazir hesab edir ki, onun dindirilməsi təxribatdır.

“Buna heç şübhə də etmirəm”.

O ölkə prezident Əliyevə ünvanladığı açıq məktubdan danışarkən deyib ki, “mən indi də şübhə içərisindəyəm ki, altından imza atıb ölkə prezidentinə göndərdiyim məktubun nəticəsi olaraq prezident belə bir sifariş verib? Və yaxud bu onun ətrafında olan, onu tamamilə nüfuzdan salmaq istəyən, seçki ilində aranı qarışdırmaq istəyən insanların əməlidir? Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində demişəm ki, mən prezidentə məktub yazmağın cinayət olduğunu bilmirdim”.

“Bu məktubu yazmışam və altından da imza atmışam. Bundan ötrü mənim başıma niyə torba salıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər?”, deyə o bundan öncə 6 saat saxlanmağını sual edib.

Qazıyev həbs edilmə ehtimalından da danışıb.

“Bu ölkədə kim nədən sığorta olunub? Ürəkləri nə istəyir onu da edirlər”, keçmiş nazir bildirib.
XS
SM
MD
LG