Accessibility links

Məhəmməd Nurizad 2009-cu il prezident seçkisinin nəticələrinə etiraz etdikd’n sonra dəfələrlə həbsə salınıb, işgəncəyə məruz qalıb

İranda jurnalist və kinorejissor Məhəmməd Nurizad yenidən tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şiraz şöbəsinin əməkdaşları Məhəmməd Nurizadı mayın 19-da Şiraz şəhərində məşhur klassik şair Hafizin məzarını ziyarət edərkən tutub bilinməz istiqamətə aparıblar. Məhəmməd Nurizadla görüşmək üçün Hafiziyyəyə (Hafizin məqbərəsi) gələn bir neçə dərviş də tutulub.

Nurizad Şiraz şəhərində bir sıra dərviş şəhid və məhbus ailələri ilə görüşməyi planlaşdırıbmış.

Jurnalistin konkret nədə günahlandırıldığı bilinmir.

Məhəmməd Nurizad 2009-cu ilə qədər İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin ən yaxın dostlarından, qatı tərəfdarlarından biri olub. 2009-cu ilin iyununda ölkədə keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar baş qaldıranda isə o, dini rəhbərə açıq məktub yazaraq zorakılığı pisləyib və bundan sonra dəfələrlə həbsə salınıb, işgəncəyə məruz qoyulub.

Tehran məhkəməsi Məhəmməd Nurizadı hakimiyyətə qarşı təbliğat aparmaqda və dini rəhbəri təhqirdə təqsirli bilərək 3 il 6 ay həbsə və 50 şallaq zərbəsinə məhkum edib. İl yarım həbsdə saxlanandan sonra Məhəmməd Nurizad mülk girovu qarşılığında şərti azadlığa buraxılıb. Həmin qərarla Nurizadın peşə fəaliyyətinə və ölkədən çıxmasına da qadağa qoyulub.
XS
SM
MD
LG