Accessibility links

Rejissor Elxan Qasımov:`Azərbaycan kinosu artıq dirçəlib` (audio)


Azərbaycanfilm

Azərbaycanfilm

Müsahibim `Əhməd Haradadır` filimindən Şofer Əhməd kimi tanıdığımız aktyor və kino-rejissor Elxan Qasımıvdur. Elxan Qasımov 1969-cu ildən Azərbaycanfilm” kinostudiyasında çalışır. Bir neçə bədii və sənədli filmlərin, “Mozalan”jurnalından süjetlərin müəllifidir.

Bəxtiyar Zamanov: 1990-cı illərin əvvəllərindən başlayaraq Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının fəaliyyətində bir geriləmə müşahidə olunur. Kino studiyanın hazırkı vəziyyəti necədir? Hansı müsbət dəyişikliklər var?

Elxan Qaslmov: Məlumatınız çox düzgündür ki, Sovet İttifaqı dağılandan sonra bütün post-sovet məkanında olduğu kimi, Azərbaycan respublikasında da kino sahəsində problemlər baş qaldırdı. O zaman birləşmiş Sovet kinosu var idi və onun da bir qolu Azərbaycan kinosu idi. Qarabağ müharibəsinin başlaması ölkədə hər bir sahədə olduğu kimi, kino sahəsinə də öz təsirini göstərdi. Müharibə dövründə biz daha çox sənədli filmlərə üz tutmuşduq.

Kino sənəti bir gün ərzində nə düşünülmür, nə də çəkilmir. Gərək mövzu müəyyən edilsin, ssenari yazılsın, aktyorlar seçilsin və ondan sonra film çəkilsin. Keçid dövründə isə mövzular, ssenarilər Sovet idealogiyasını təbliğ edirdi və müstəqil Azərbaycana aid mövzular hələ yox idi. Amma hal-hazırda Azərbaycan kinosu artıq dirçəlib və dünya səviyyəsində belə nümayiş etdirilən filmlər çəkirik.

Sual: Azərbaycan filmlərini beynəlxalq səviyyədə tanıtmaq üçün nə işlər görülür?

Vikipediya, www.kinozal.az

Vikipediya, www.kinozal.az

Cavab: Kino yaradıcı sahə olmaqla yanaşı, həm də kommersiya ilə bağlıdır. Dünya və Avropa kino bazarına çıxmaq üçün böyük mübarizə lazımdır. Hal-hazırda Amerika kinosu öz dəsti-xətti ilə artıq bütün dünyaya yayılıb. Azərbaycanın bu bazarda öz yerini tapması üçün yüksək səviyyəli və keyfiyyətli filmlər çəkilməlidir. Amma buna baxmayaraq, Asiya və Avropa festivallarında müsabiqədən kənar nümayiş etdirdiyimiz filmlərimiz çox yaxşı qarşılanır. Beş film çəkilirsə, onun ən azından ikisi, altı film çəkilirsə, onun üçü Qarabağ, yəni vətəndaşlıq mövzusuna aiddir. Dünyada az ölkələr var ki, 20 faiz torpağı işğal altında olsun və biz bu mövzudan mütləq bəhrələnib film çəkməliyik və bunu dünya ekranına çıxarıb göstərməliyik.

Sual: Hal-hazırda Azərbaycanda çəkilən yeni bədii filmlər hansılardır?

Cavab: Yeni komediya janrında filmlər çəkilir, tarixi filmlər çəkilir. Hal-hazırda Azərbaycan dramaturgiyasının banisi, gözəl publisist Mirzə Fətəli Axundovun həyatına həsr olunmuş iki seriyalı bədii film çəkirik. Ssenarist və yazıçı Aqil Abbasın ssenarisinə əsasən Qarabağ mövzusuna aid `Dolu` filmi çəkilir.

İndi artıq Azərbaycanfilmdən başqa müstəqil kinostudiyalar yaradılıb və bu kinostudiyalar Azərbaycanfilm kinostudiyası ilə bərabər Mədəniyyət nazirliyinin ətrafında birləşib. Bu kinostudiyalar Azərbaycanfilm kimi nazirlikdən sifarişlər alaraq filimlər çəkir. İndi tam qüvvə ilə işləyirik.

Başqa ölkələrdə kino özü-özünü maliyələşdirir. Amma Azərbaycan inkişaf etməkdə olan ölkə olduğu üçün hələlik dövlət kinoya pul ayırır. Mənim 2007-ci ildə çəkdiyim Xocalı faciəsinə həsr olunmuş `Biz Qayıdayacayıq` bədii filmi dəfələrlə televiziya vasitəsi ilə nümayiş etdirildi və filmə tamaşaçıların münasibəti müsbət oldu. Bu da o deməkdir ki, tamaşaçılarımız çox maraqla Azərbaycan filmlərini izləyirlər. Ona görədə Azərbaycan kinosu var, yaşıyır və yaşayacaq.

`Əhməd Haradadır` filmindən fraqmentlər:

XS
SM
MD
LG