Accessibility links

Paris konservatoriyasının professoru Rəna Mustafabəylinin tələbəsi Çaykovski müsabiqəsinin laureatı olub


Rəna Mustafabəyli və Luka Debarq

Rəna Mustafabəyli və Luka Debarq

Moskvada Çaykovski adına XV Beynəlxalq Musiqi Müsabiqəsində Paris Ali Musiqi məktəbinin professoru Rəna Mustafabəyli Şereşevskayanın yetişdirməsi olan fransız pianoçu Lüka Debarq dördüncü mükafata layiq görülüb. 24 yaşlı pianoçu eyni zamanda Moskva musiqi tənqidçilərinin xüsusi mükafatına da layiq görülüb.

Lüka Debarq Çaykovksi müsabiqəsinin sensasiyası adlandırılıb. Ravel, Motsart, Bethoven və Çaykovskinin əsərlərini ifa edən gənc pianoçunun istedadı, bədii improvizisiya qabiliyyətinə olduqca yüksək qiymət verilib. Rəna Mustafabəyli Amerikanın Səsinə müsahibədə Çaykovski müsabiqəsi, pedaqoji fəaliyyəti və Bakı xatirələri ilə bölüşüb.

Lükanın belə qarşılanması mənim üçün gözlənilməz oldu

“Çaykovski müsabiqəsi ən yüksək səviyyədə keçdi. Lükanın çalğısına gəldikdə onu zalda dinlədikcə hər nota, hər səsə diqqət verirdim. İlk tur keçdi. Lakin ikinci turdan sonra zalda gurultu qopdu, insanlar ayaqüstə onu alqışlara qərq edirdi. Zalda işıqlar artıq keçməyə başlamışdı, amma onu səhnəyə dəvət edirdilər. Müsabiqənin reqlamentinə görə, musiqiçi əslində ifadan sonra səhnəyə çıxmamalıdır. Sonra gördüm ki, münsiflər heyətinin üzvləri onun əlini sıxır. Jüri üzvü Vladimir Feltsman onun əlini sıxıb dedi ki, indiyə qədər Ravelin belə ifasını eşitməmişdi. Münsiflər heyətinin digər üzvü Boris Berezovski də mənə Lüka haqqında ən yüksək fikirlərini söylədi. Bu, mənim üçün gözlənilməz oldu.”

Lüka Debarq romantik musiqiçidir

“Bu müsabiqədə mahiyyətcə romantik əhval-ruhiyyə mövcuddur. Lüka Debarq da mahiyyətcə romantikdir. Bastiliyanı tutub inqilab edən romantik deyil, amma arzuya çatmaq istəyən bir romantik ifaçıdır. Burada müsahibə verəndə mən onu sanki yenidən kəşf etdim. Onun danışıq tərzi xüsusilə də müasir gənclərin üslubundan çox seçilir. O olduqca savadlıdır. Rus ədəbiyyatını gözəl bilir. Biz Çaykovskinin ev-muzeyini ziyarət edəndə Lüka orada ona deyilən hər şeyi bilirdi. Buna görə də o dedi ki, özü suallar vermək istəyir. Lüka musuqidə elə bir ştampları aradan götürür. O olduqca təbiidir, bütün varlığı ilə musiqi ilə yaşayır. Onun üçün musiqi təkcə ifa deyil, o, musiqi vasitəsilə danışır. Mənim müəllim kimi qarşıya məqsəd qoyduğum və istədiyim də budur. Musiqiçi danışmalıdır, ona görə də musiqidə “cümlə”, “ifadə” kimi terminlər işlədilir. Musiqiçi danışanda, rəngləri musiqi vasitəsilə göstərəndə istər-istəməz bu, insanların ürəyinə işləyir, bütün musiqisevərlərin ürəyini ələ ala bilir. Əgər musiqiçi hər bir notda “mən musiqini sevirəm” deyirsə, o zaman o, Lükun yetişdiyi zirvəyə çata bilər.”

Çaykovski müsabiqəsində iştirak etmək ideyası

“Əvvəlcə bu fikir məndə yaranmışdı. Lüka Debarq özü də Parisdə verdiyi müsahibələrdə bu fikrin məndən gəldiyini demişdi. O, uşaqlıqdan şəkil çəkib. Musiqi ilə isə 11 yaşında məşğul olmağa başlayıb və 15 yaşına qədər musiqini təhsilini davam etdirib. Onu da deyim ki, onun ailəsində musiqiçi olmayıb. Bundan sonra Lüka Paris universitetinin ədəbiyyat fakültəsinə daxil olub. Universitetdən sonra isə o, yenidən musiqiyə qayıdıb, caz musiqisinə böyük həvəs göstərib və Parisin müxtəlif yerlərində caz ifa edib. Eyni zamanda, o, yaşayışını təmin etmək üçün musiqi dəsrləsi verməyə başlayıb. Amma 19 yaşında Lüka yenidən musiqi təhslini davam etdirmək fikrinə gəlib və ona mənimlə məşğul olmağı məsləhət görüblər. Beləliklə o, Paris konservatoriyasına gəldi. Mən elə əvvəlcədən onda böyük istedadın olduğunu hiss etdim. Sonra məşğələlər, dərslər başladı. Mən ona demişdim ki, əgər məşğələləri belə intensiv davam etdirsək, mən dörd ildən sonra onu Çaykovski müsabiqəsinə təqdim edəcəm və bu, belə də oldu.”

Müsabiqədən sonra onun üçün gözəl perspektivlər açılıb

“Lüka Debarq qarşısında olduqca böyük perspektivlər var. Ona indi fantastik təkliflər edilir. Ümid edirəm ki, bunların hamısı baş tutsun. Puşkin muzeyinin direktoru İrina Antonova ona “Dekabr gecələri” festivalında iştirak etməyi təklif edib. Bu, çox elitar mədəni tədbirdir, çox prestijli bir festivaldır. Ona Musiqi evi ilə əməkdaşlıq təklif edilir. Müxtəlif yerlərdən ona olduqca gözəl təkliflər gəlir. Vladimir Spivakov onu bir yerdə musiqi ifa etməyə dəvət edib. Fransanın özündə səsyazma şirkətləri onunla maraqlanır. Caz-klassika şirkəti onunla bağlı hətta mənimlə də əlaqə saxlayıb. İnanılmaz şeylər baş verir.”

Azərbaycan hər zaman ürəyimdədir

“Mən Bakıda anadan olmuşam. Ailəmdə musiqiçi olmayıb. Atam da, anam da geoloq olublar. Atam 13 il Azərbaycanın Geologiya idarəsinin rəisi olub. Onlar musiqini çox seviblər. Anam da hesab edir ki, bütün uşaqlar musiqi təhsili almalıdır. Bizim caz qrupumuz var idi. Mənim böyük qardaşım Əli Mustafabəyli diplomatdır, bütün karyerası diplomatik işdə keçib, indi Moskvada Diplomatik Akademiyada işləyir. O indiyə qədər caz musiqisi ifa edir, mahnı oxuyur. Uşaqlıq illəri kiçik qardaşım saksofonda musiqi ifa edirdi, mən royalın arxasına otururdum, böyük qardaşım da akkordeon çalırdı. Beləcə özümüzün ansamblını yaratmışdıq. Musiqi təhsilinə 5 yaşım olanda Bülbül adına musiqi məktəbində başlamışdım. Mənim müəllimim özümün 40 illik təcrübəsinə əsaslanıb tamamilə məsuliyyətlə deyə bilərəm ki, ən gözəl pedaqoqlardan biri olan Liliya Filatova idi. Həyatımda hər şeyi müəllimim və Bülbül adına məktəb sayəsində əldə etmişəm. Məktəbdə indinin özünə qədər mənim yaxım dostlarım dəsr deyir. Aliyə Əliyeva, Aza Hüseynova ilə indiyə qədər yazışırıq. Bülbül adına məktəbdən sonra Moskva Konservatoriyasında təhsilimi davam etdirdim. Bu, mənim uşaqlıq arzum idi və bunun gerçəkləşməsi də Qara Qarayevin xeyir-duası ilə baş verdi. Konservatoriyanı bitirdikdən sonra aspiranturaya daxil olanda Azərbaycanın da mənə dəstəyi oldu. Bundan sonra pedaqoq kimi fəaliyyətimi davam etdirmişəm. 1994-cü ildən Paris Konservatoriyasından dərs deyirəm. Hazırda Parisdə ilk ali musiqi məktəbinin professoruyam. Məndən çox vaxt soruşurlar ki Bakıya nə üçün tez-tez gəlmirəm. Doğrusunu deyim ki, Parisə yerləşəndən sonra orada yeni həyata uyğunlaşmaq üçün çox səy və vaxt tələb olunurdu. Əsas bununla bağlı olub. Amma Azərbaycan mənim hər zaman ürəyimdədir, mən heç vaxt bu ölkəni unutmamışam, mən Azərbaycanı hədsiz dərədə sevirəm.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG