Accessibility links

Rəna Yüzbaşı: Moskvadakı həmvətənlərimin nə hisslər keçirdiyini başa düşürəm


Rəna Yüzbaşı

Rəna Yüzbaşı

Azərbaycanlı yazıçı Rəna Yüzbaşı ksenofobiya və ayrı-seçkilik mövzusundan bəhs edən “Skinhed” romanının müəllifidir. Kitab onun Moskvada yaşadığı illərdə yazılıb. Rəna Yüzbaşı Amerikanın Səsinə müsahibədə Moskva həyatı və “Skinhed” romanından danışıb, Biryulevoda cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun işinə münasibətini bildirib.



Dilşad Əliyarlı: Rəna xanım, son bir neçə gündür Moskvanın Birülyovo rayonunda Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun həbsi ilə bağlı mətbuatda və sosial mediada müxtəlif xəbərlər və video materiallar yayılır, insanlar buna öz münasibətini bildirir. Sizin hadisəyə reaksiyanızı bilmək maraqlı olardı.

Rəna Yüzbaşı: Sizə bu dərin təəssüf doğuran son hadisələrlə bağlı fikir bildirmək imkanı verdiyinizə görə təşəkkür edirəm. Belə gənc bir insanın ölümünə görə, qətl hadisəsinin müsəlmanların ən gözəl bayramlarından biri olan Qurban bayramı dövrü baş verməsi və cinayətin baş verməsindən sonra dəhşətli hadisələrlə bağlı kədərimi ifadə etmək üçün söz tapmağa çətinlik çəkirəm. Nəticələr isə həqiqətən də dəhşətlidir.

“Həyat boz və sönük, atan içki düşgünü olan zaman, məktəbdə səni heç kəs istəməyəndə, küçə isə darıxdırıcı olanda və özünə bir iş tapmayanda, bütün çətinliklərdə kiminsə günahkar olduğuna inanmaq çox asandır. Başqa birisi. Qərib. Əcnəbi. Başqalarına qarşı cilovlanmayan təcavüz sənin yeganə hissinə və həyatının mənasına çevrilir.”-Rəna Yüzbaşı, “Skinhed”
Computer HopeOrxan Zeynalov bu cinayəti törətməkdə şübhəlidir. Onun bu cinayəti törətdiyi haqda qərarı yalnız məhkəmə verə bilər. Günahsızlıq prezumpsiyası mövcuddur. Çox istəyirəm ki, hüquq-mühafizə və ədliyyə orqanları öz işlərini görsün, onlara heç kim mane olmasın, prokurorluq öz işini görsün, istintaq başa çatsın və iş məhkəməyə göndərilsin və məhkəmədə dinləmələr başlasın. Bu gün qarşımızda bir cinayətkarın olduğunu demək konstitusiya hüquqlarına hörmət baxımından düzgün deyil. Gəlin, məhkəməni gözləyək və məhkəmə qərar versin. Biz məhkəmə orqanlarını əvəz edə bilmərik. Amma məsələ bunda deyil. Mümkündür ki, Orxan Zeynalov günahkardır, deyilənə görə, cinayətin video yazısı da var, şahid də var, ola bilsin ki, onun təqsiri var. Amma bu belədirsə, o, təkcə ölən deyil, həm də Moskvada yaşayan və işləyən minlərlə həmvətəninə zərbə vurub. Belə cinayətlər heç vaxt izsiz keçib getmir. Hadisənin baş verməsi, onun necə həbs edilməsi, şübhəlinin Rusiya Federasiyasının yüksək rəsminin yanına gətirilməsi, bütün bunlar məni dəhşətə gətirir, çünki mən təsəvvür edirəm ki, Moskvada yaşayan həmvətənlərim indi hansı hissləri keçirir.

Dilşad Əliyarlı: Siz iki il Moskvada yaşamısınız. Verdiyiniz müsahibələrdə özünüzə münasibətdə ayrı-seçkilik müşahidə edilmədiyini demisiniz. Lakin Moskvada yaşadığınız dövrdə “Skinhed” kitabını yazmısınız. Əvvəlvə Moskva həyatınızdan danışmağınızı istərdim.


Moskvanın özündə də elə insanlar var ki “haradansan” sualının verilməsini ədəbdən kənar hesab edir.

Rəna Yüzbaşı: Siz doğru qeyd etdiniz, mən həqiqətən də Moskvada özümə qarşı şovinist əhval-ruhiyyə ilə qarşılaşmamışam. Bunu yəqin çox səbəblə izah etmək olar. Əvvəla, mən rus dilini mükəmməl bilirəm. İkincisi də harada yaşamağımdan asılı olmayaraq, Avropada, Azərbaycanda, Asiyada, harada olursa-olsun, mən həmin cəmiyyətlərin adətlərinə və qayda-qanunlarına hörmət etmək, o cəmiyyətlərə qarışmağa çalışmışam. Heç vaxt konfliktlə qarşılaşmamışam.

Moskvada yaşadığım müddətdə ədəbiyyat və kinematoqrafiya sahələrində qələm dostlarımla təmasda olduğumu nəzərə alsaq, bu insanlar belə ifadələr və davranışıın yol verilmədiyi tərbiyə, mədəniyyət və təhsilə malikdir. Biz 21-ci əsrdə yaşayırıq, bu, qlobalizasiya əsridir. Moskvanın özündə də elə insanlar var ki “haradansan” sualının verilməsini ədəbdən kənar hesab edir. Avropada olduğu kimi bu sualın verilməsi düzgün deyil, çünki bir ölkəyə qanuni əsaslarda gələn şəxsin haradan gəldiyinin nə fərqi var. Bir dəfə hətta rəfiqəm mənə dedi ki, o məni özününkü kimi görür. Mən moskvalı deyiləm, daxilən də fərqlənirəm, amma görünür, cəmiyyətə qaynayıb-qarışa bilmişəm, cəmiyyətin bir hissəsi ola bilmişəm. Məncə, hər bir adam üçün cəmiyyətin bir hissəsi olmaq vacibdir. Biz insanlar sosial varlığıq, sosiumun bir hissəsi olmalıyıq.

Dilşad Əliyarlı: Rəna xanım, həyatınızın bu dövrü siz “Skinhed” kitabını yazmısınız? Bu mövzuya müraciət etmənizin səbəbi nə idi?

Rəna Yüzbaşı: Bilirsinizmi, Moskva kimi böyük bir meqapolisdə yaşayanda istər-istəməz sənin özünə və yaxınlarına təsir gsötərən səhnələrin şahidi olursan. Təəssüf ki Moskvada terror aktları baş vermişdi. Yadımdadır, bu terror aktlarının biri olanda, mən super-marketdə idim və hələ hadisələrdən xəbərim yox idi və oradan çıxandan sonra telefonda 18 ötürülmüş cavabsız zəng gördüm. Yarım saat ərzində 18 cabasız zəng. Baxanda gördüm ki, bu zənglərin hamısı atamdan gəlib. Adam görün necə narahat olub ki yarım saat ərzində 18 dəfə zəng edib. Valideynlərim çox narahat olmuşdu, çünki Moskva həqiqətən də çox gərgin şəhərdir. Bu, bir hadisədir, amma elə məqamlar çox olub. Bəzən küçədə şahidi olduğum, aeroportda, metroda, ya da bazarda eşitdiklərim və gördüklərim məni utanmağa məcbur edirdi. Özü də məni utandıran təkcə hüquq-mühafizə orqanlarının davranışı deyil, həmvətənlərimin özünü aparması olub. Bəzən yaxınlaşıb onları tutub silkələmək və demək istəyirdim ki, axı siz Bakıda özünüzü belə aparmırsınız, niyə görə özünüzü belə aparırsınız? İnsanlar Moskvaya dil bilmədən, öz hüquqlarını, öz vəfizələrini bilmədən gedir, haraya getdikləri haqda təsəvvürləri olmur. Bunlar ilk növbədə onların özləri, sonra isə ətrfadakılar üçün təhlükə törədir. Çox vaxt, nə qədər təəssüf və kədər doğursa da, biz səhvlərimizi qəbul etməliyik, çünki mən bir azərbaycanlı kimi, Azərbaycan vətəndaşı kimi öz həmvətənimə görə məsuliyyət daşıdığımızı hissi edirəm. Mən çox istərdim ki, insanlar bir yerə gedəndə haraya yollandıqlarını, orada nə edəcəklərini başa düşsünlər. Bu, o məqamdır ki, konflikdə hər iki tərəf məsuliyyət daşıyır. Hüquq-mühafizə orqanlarının, ya da adi vətəndaşların reaksiyası da adamı utandırır.

Bir şeyi də qeyd etmək istəyirəm ki, hər dəfə televiziyada Müslüm Maqomayev haqqında danışanda onun Azərbaycandan olduğu təkrar edilmir, onun Bakıda boya-başa çatdığı deyilmir. Amma bir cinayət baş verəndə hamı onun Azərbaycandan olduğunu deməyə başlayır. Caninin haralı olduğunun nə fərqi var? Dəhşət onun cinayət törətməsidir və onun belə olması o demək deyil ki, azərbaycanlılar, ya da gürcülərin hamısı cinayətkardır. Milli mənsubiyyətin qeyd edilməsi bu gün baş verən ən pis haldır.

Dilşad Əliyarlı: Rəna xanım, siz problemin həllini nədə görürsünüz?



Hər dəfə televiziyada Müslüm Maqomayev haqqında danışanda onun Azərbaycandan olduğu təkrar edilmir, onun Bakıda boya-başa çatdığı deyilmir. Amma bir cinayət baş verəndə hamı onun Azərbaycandan olduğunu deməyə başlayır.
Rəna Yüzbaşı: Mən yəqin ki, təhsildən başlayardım. Bu gün gördüklərimizin böyük hissəsi təhsilin, tərbiyə və mədəniyyət çatışmazlığından irəli gəlir. Fikrimcə, təkcə şərq mədəniyyəti deyil, digər mədəniyyətlərdə də bir mühüm məqam var. Bizim üçün ictimai fikrin böyük əhəmiyyəti var. “Bizə baxan nə deyər” fikri bizim üçün vacibdir. Vətəndə yaşayanda bu çox vacibdir, təəssüf ki, hətta absurd səviyyədə əhəmiyyətə malik olur. Adamlar atdığı hər addımı ictimai fikri nəzərə alaraq atır. O biri tərəfdən isə xüsusilə də gənclər dırnaqarası azadlığa düşəndə, cəmiyyətin bu “bizə baxan nə deyər” hissini itirirlər. Beləliklə də gənclər öz öhdəsinə qalmış olur və hər cür işdən çıxır.

Dilşad Əliyarlı: Rəna xanım, sizcə, hadisənin Moskvada və Rusiyada yaşayan azərbaycanlılara necə təsiri olacaq?

Rəna Yüzbaşı: Məsələ burasındadır ki, burada əhatədən çox şey asıldır. Moskvanın mərkəzində yaşayırsansa, leqal qaydada buradasansa, işin varsa, həmvətəninin hərəkətinə görə xəcalət çəkəcəksən. Bir-iki ay ərzində küçəyə çıxanda yəqin sənədlər yoxlanılacaq. Yarı-leqal vəziyyətdə yaşayanlara gəldikdə, fikrimcə, bu, Rusiya hökuməti tərəfindən səhlənkarlıqdır, çünki heç kəs bir ölkəyə istədiyi üçün sənədsiz gəlib işləməməlidir. Onlar ilk növbədə özləri üçün təhlükə yaradırlar, çünki savadı olmayan bu insanlar çox vaxt təəssüf olsun ki qula çevrilirlər. Əhalinin bu təbəqələrinə daha çox təsir olacaq, çünki qeyri-leqal statusda olan insnlar kütləvi şəkildə deportasiya olunacaq, ixtisar olunub işdən çıxarılacaqlar. Rusiyaya gələn insanların böyük hissəsi aşağı kvalifikasiyalı işçilərdir və təəssüf ki, bu hadisənin ən böyük təsiri onlara olacaq.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG