Accessibility links

İlham Əliyev: Mən dəfələrlə demişəm - müharibə davam edir


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Prezident Əliyev Respublika Günü münasibəti ilə çıxışında Azərbaycanın daxili və xarici siyasəti, iqtisadi və sosial durum, enerji təhlükəsizliyi, regional layihələr və Dağlıq Qarabağ münaqişəsindən danışıb

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Qəbulda prezident İlham Əliyev, Milli Məclisin deputatları, hökumət üzvləri, diplomatik korpusların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

Prezident Əliyev Respublika Günü münasibəti ilə təbrik nitqi söyləyib.

O bildirib ki, Azərbaycan xalqı haqlı olaraq müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması ilə fəxr edir.

“Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur”.

Dövlət başçısı deyib ki, 1920-ci ildə respublika süqut edib və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyulub.

“Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz Sovet İttifaqı tərkibində yaşamışıq”.

Sonra president Azərbaycanın Sovet İttifaqının tərkibində inkişaf yolundan danışıb.

İkinci şans Azərbayacana 1991-ci ildə nəsib olub. Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər Azərbaycan da müstəqilliyə qovuşub.
Ancaq o illər Azərbaycan üçün çox ağır, təhlükəli illər idi.

"Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı.

Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı”.

Dövlət baçısı hesab edir ki, Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.

”Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

O neft sənayesinin inkişafı, neft müqavilələri və kəmər siyasətinin dövrün uğurları olduğunu bildirib.

“Neft kontraktlarının, xüsusilə “Əsrin kontraktı”nın, - o gündən artıq 20 il keçir, - imzalanması dönüş yaratdı. Həm iqtisadi, həm siyasi sahədə. 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır”.

Onun fikrincə, son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində, infrastruktur layihələrin icrası istiqamətində tarixi nailiyyətlər əldə edilib. Beynəlxalq aləmdə Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib.

“Bu illər ərzində biz güclü enerji potensialı yaratmışıq. Bu gün heç kimə sirr deyil ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyini təmin edir. Bəlkə hərbi potensialdan sonra ikinci yerdə dayanan enerji təhlükəsizliyidir. O ölkələr ki, enerji təhlükəsizliyini təmin edib, onlar özlərini rahat hiss edə bilərlər. Biz bunu etmişik”.

Prezident sdxili siyasətlə bağlı deyib ki, Azərbaycanda bundan sonra da sabitlik qorunacaq.

“Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir”.

O daxili siyasətlə bağlı islahatların davam etdiriləcəyini bəyan edib.

“Cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizə daha da ciddi aparılacaqdır. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər, uğurlar vardır. Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır. Cəmiyyətdə bu işlərin aparılmasına böyük dəstək, inam vardır. Biz bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır. Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik”.

Dövlət başısı xarici siyasət kursundan danışarkən bildirib ki,
Azərbaycanın bütün qonşu ölkələrlə, Ermənistan istisna olmaqla, fikirləri üst-üstə düşür.

“Bütün qonşularla münasibətlər bərabər hüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq qalacaqdır. Böyük imkanlar vardır. Həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da yaradılmışdır. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilmişdir. Biz buna böyük əhəmiyyət veririk. Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət göstərir.

Əlbəttə ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıbdır”.

Prezident beynəlxalq təşkilatlrada Azərbaycanın təmsilçiliyinin müsbət faydalarına diqqəti çəkib və bir çox təşkilatların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qətnamə və qəraralarını buna nümunə göstərib.

“Əlbəttə, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır.

Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır.

Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir.

Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı.

Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır.

Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur.

Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir.

Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır.

Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır.

Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır və alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində əlavə işlər görülür və görüləcəkdir.

Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz.

Bir sözlə, biz bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik”.

Əliyev enerji siyasətindən danışarkən qeyd edib ki, bu gün qarşıda duran əsas layihə TANAP layihəsidir.

“Bu layihənin də təşəbbüskarı biz olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin yaradılması işində dönüş nöqtəsi olmuşdur. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilməyib. Biz vəziyyəti təhlil etdik və gördük ki, belə davam edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə götürərək çox düşünülmüş addım atdıq.

TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə qədər icra ediləcəkdir”, o qeyd edib.
XS
SM
MD
LG