Accessibility links

Respublikaçı namizədlərin ikinci debatı [Video]


Debatda 11 Respublikaçı namizəd iştirak edib

Çərşənbə günü Kaliforniyada yerləşən Ronald Reyqan Kitabxanasında 2016-cı il prezident seçkiləri öncəsi respublikaçıların ikinci debatı baş tutub. 11 Respublikaçı namizədin iştirak etdiyi debatda diqqət mərkəzində rəy sorğularında öndə gedən Donald Tramp olub.

Mən prezident seçilsəm, elə ilk günümdə İranla faciəvi nüvə razılığını kəsib doğrayacam

Arxa fonda Ronald Reyqanın Air Froce One təyyarəsi olan səhnədə Donald Tramp debat boyu özünü müdafiə etməli olub. Məsələn Kentukki senatoru Rand Polla baş tutan bu dialoqda olduğu kimi.

“O, insanların görünüşləri ilə bağlı şərhlər edərək onlara hücum edir. Onları qısa, hündür, kök, eybəcər adlandırır. Belə şeylər məktəbdə olurdu. Məgər biz bunu aşmamışıq? Belə bir insanın bizim nüvə arsenalımızı idarə edə biləcəyindən narahat olmamalıyıqmı?,” deyə Rand Pol gileylənib.

“Mən heç bir zaman onun görünüşü ilə bağlı heç nə deməmişəm. Amma inanın mənə, deyəcək çox şey var,” deyə Tramp cavab verib.

Tramp və sabiq Florida qubernatoru Ceb Buş arasında da qarşıdurmalar olub. Bunların sırasına İranla nüvə razılığı və İraq müharibəsi üzərindəki mübahisələr daxildir.

Ben Karson

Ben Karson

“Belə bir zamanda dünyada işlərin necə yürüməsi ilə bağlı anlayışı və fikrinin olmaması çox təhlükəlidir. Yəni sən indi bu fikirdəsən ki, Hillari Klinton yaxşı vasitəçidir və ya İranla daha yaxşı razılıq əldə edə bilər?,” deyə Ceb Buş Donald Trampa sual verib.

“Sənin qardaşının administrasiyası da bizə Barak Obamanı verdi, çünki o, son üç ay o qədər fəlakətli idi ki, hətta Abraham Linkoln belə seçilə bilməzdi,” deyə Donlad Tramp bildirib.

“Qardaşıma gəldikdə, bildiyim bir şey var ki, o bizim təhlükəsizliyimizi təmin etdi,” deyə Ceb Buş cavab verib.

Debatda həmçinin prezidentliyə yeganə qadın respublikaçı namizəd kimi keçmiş biznes icraçısı Karli Fiorina iştirak edib. Ona Donald Trampın bu yaxınlarda onun görünüşü ilə bağlı etdiyi şərh barədə sual verilib.

İraqda müharibəni yenidən bərpa etmək istəyən Buş və Klinton var

“Düşünürəm ki, ölkədəki bütün qadınlar cənab Trampın dediklərini aydın bir şəkildə duydu,” deyə Fiorina bu sualı cavablandırıb.

Donald Tramp isə bu suala “məncə onun gözəl siması var və o, gözəl qadındır,” deyə cavab verib.

Digər namizədlərin bəziləri isə debatda əsəbi söz mübadilələrinin olduğunu düşünüblər.

“Evdə bizi izləyən insanlar bizim bu ölkəni bərpa etmək üçün nələr edəcəklərimizi bilmək istəyirlər,” deyə Con Kasiç bildirib.

Namizədlərin əksəriyyəti isə Obama administrasiyasının İranla əldə etdiyi razılıqla bağlı narazılıqlarını dilə gətirib.

“Mən prezident seçilsəm, elə ilk günümdə İranla faciəvi nüvə razılığını kəsib doğrayacam,” deyə Ted Kruz bildirib.

Marko Rubio

Marko Rubio

Ancaq Ceb Buş və Rand Pol bunu etməyəcəklərini deyiblər və Pol İŞİD-ə qarşı mübarizə məqsədilə Suriya və İraqa ABŞ qoşunlarını göndərməyin əleyhinə çıxış edib.

Rand Pol deyib ki, “İraqda müharibəni yenidən bərpa etmək istəyən Buş və Klinton var.”

Debatda həmçinin Florida senatoru Marko Rubio, Nyu-Cersi qubernatoru Kris Kristi, sabiq Arkanzas qubernatoru Mayk Hakabi, Viskonsin qubernatoru Skot Ualker və neyrocərrah Ben Karson iştirak ediblər. Ben Karson siyasi dairələrdən kənar ikinci namizəddir və ən son rəy sorğularında yüksək nəticələr əldə edib.

XS
SM
MD
LG