Accessibility links

ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan amerikalı milyarder, daşınmaz əmlak maqnatı Donald Tramp və texaslı senator Ted Kruz aylardır özlərini rəqib əvəzinə, tərəfdaş kimi aparırdılar.

Elə görünür ki, prezidentlik uğrunda mübarizə sadəcə bu üç namizəd arasında olacaq.

Lakin cümə axşamı Cənubi Karolinada Respublikaçı namizədlər arasında keçirilən debatda rəy sorğularında ən yüksək dəstəyə sahib bu iki kişi bir-birinə qarşı heç də mehriban deyildi.

İki saat yarım davam edən debatda Tramp və Kruz arasında dəfələrlə qarşıdurmalar yaşanıb.

Kruz floridalı senator Marko Rubio ilə də atışıb. Rubio rəy sorğularında Tramp və Kruzdan sonra üçüncü yerdədir.

Debatda digər dörd namizəd – Nyu-Cersi qubernatoru Kris Kristi, Ohayo qubernatoru Con Kasiç, keçmiş neyrocərrah Ben Karson və sabiq Florida qubernatoru Ceb Buş isə sözlərini çatdırmaqda çətinlik çəkib.

Üç-nəfərlik mübarizə?

Kris Kristi və Marko Rubio

Kris Kristi və Marko Rubio

Respublikaçı strategist və 2008-ci ildə prezident seçkiləri zamanı senator Con MakKeynin müşaviri vəzifəsində çalışan Ford O’Konnell debatın üç qalibi olduğunu və bunların da Rubio, Tramp və Kruz olduğunu deyir.

“Elə görünür ki, prezidentlik uğrunda mübarizə sadəcə bu üç namizəd arasında olacaq,” deyə o bildirir.

Sabiq prezident Corc Buşun köməkçisinin keçmiş müavini Taker Eskyu da eyni fikirdədir.

“Mənə elə gəlir ki, bu debatdan sonra əsas namizədlərə dəstək artacaq, digərlərinə isə azalacaq,” deyə o düşünür.

Tramp-Kruz qarşıdurmaları

Aydın olmayan bir məsələ isə Tramp və Kruz arasında yaşanan gərginliklərdən kimin qalib çıxmasıdır. Bu iki namizəd arasında mübahisənin yaranması isə çoxdan gözlənilirdi.

Vətəndaşlıq məsələsində Ted Kruz çox gözəl şərh verdi və bu mübahisənin qalibi oldu, amma Tramp da Nyu-York dəyərləri məsələsinə çox gözəl reaksiya verdi.

Aylar boyu Kruz Trampı tənqid etməkdən imtina edirdi. O qorxurdu ki, bunu etsə, gələcəkdə öz tərəfinə çəkməyi planlaşdıran Tramp dəstəkçilərini özündən uzaqlaşdıracaq.

Onlar arasında gərginlik Tramp Kruzun konstitusiyaya əsasən prezident ola bilməsi ilə bağlı sual qaldırmasından sonra artıb. Kruz Kanadada dünyaya gəlib. Onun anası amerikalı, atası isə kubalıdır.

Trampın bu hücumu bəzi nəticələr göstərib. Ayovada keçirilən ən son sorğular Kruzun dəstəyinin azaldığını göstərir.

Cümə axşamı isə Ted Kruzun artıq bunu qəbul edə bilmədiyi müşahidə olundu. Bu məsələyə toxunan Kruz, Trampı onun vətəndaşlıq məsələsini qaldıraraq siyasi fürsətçilikdən istifadə etməkdə günahlandırıb.

Ceb Buş

Ceb Buş

Cavab olaraq, Tramp deyib ki, onun məsələni indi qaldırmasına səbəb Kruzun rəy sorğularında dəstəyinin artmasıdır. O həmçinin yenidən vurğulayıb ki, Kruzun “doğum yolu ilə vətəndaş” olmaq üçün tələbləri qarşılayıb-qarşılamadığı ilə bağlı böyük müəmma var.

“Səninlə bağlı böyük bir sual mövcuddur. Bəlkə də sənin prezident seçilməyə heç haqqın belə yoxdur,” deyə Tramp sual edib.

Nyu-York dəyərləri

Başqa bir söz mübadiləsində Kruz Trampı “Nyu-York dəyərlərinə” sahib olmaqda ittiham edib. O, bu dəyərlərin ənənəvi mühafizəkarların dəyərlərinə zidd olduğunu düşünür.

“Manhattandan çox mühafizəkar çıxmır,” deyə Kruz bildirib.

Tramp dərhal buna reaksiya verərək, nyu-yorkluların 11 sentyabr hücumlarına “çox gözəl” reaksiya verdiklərini bildirib.

Məncə bir çox insan üçün Tramp sadəcə şoumendir.

“Biz mərkəzi Manhattanı yenidən inşa etdik. Bütün dünya bunu izlədi və bütün dünya Nyu-Yorku və nyu-yorkluları sevir. Mən Tedin bu sözlərinin çox təhqiredici olduğunu bildirmək istəyirəm,” deyə Tramp cavab verərək, auditoriyanın alqışını qazanıb.

Qalib kim oldu?

Eskyunun fikrincə, Tramp və Kruz arasındakı söz mübadiləsində heç kəs üstə çıxmayıb.

“Vətəndaşlıq məsələsində Ted Kruz çox gözəl şərh verdi və bu mübahisənin qalibi oldu, amma Tramp da Nyu-York dəyərləri məsələsinə çox gözəl reaksiya verdi,” deyə Eskyu düşünür.

Cənubi Karolinada fəaliyyət göstərən digər bir siyasi təhlilçi bu dəfəki debat zamanı Trampın daha təmkinli davrandığını deyir.

Donald Tramp

Donald Tramp

Debat Cənubi Karolinada keçirilib ki, siyasi təhlilçi Çip Felkelin dediyinə görə, səsvermə başlandığı zaman Trampın orada dəstək qazanmağı çox çətin ola bilər.

“Məncə bir çox insan üçün Tramp sadəcə şoumendir,” deyə Felkel bildirib və Kruzun yevangelist xristianlar və sosial mühafizəkarlar arasında populyar olduğunu vurğulayıb.

“Bu praymeriyə yaxınlaşdıqca insanlar fikir verməyə başlayır ki, Tramp çox şey desə də, dediklərinin məzmunu yoxdur. Artıq ciddi olmaq vaxtıdır və məncə, bu ona problem yaradır,” deyə o əlavə edib.

Cruz-Rubio qarşıdurması

Kruz həmçinin Rubiodan gələn bir neçə hücuma cavab verməli olub. Rubio Kruzu immiqrasiya ilə bağlı bəzi məsələlərdə fikir dəyişikliyi etməkdə günahlandırıb.

Bu praymeriyə yaxınlaşdıqca insanlar fikir verməyə başlayır ki, Tramp çox şey desə də, dediklərinin məzmunu yoxdur. Artıq ciddi olmaq vaxtıdır və məncə bu ona problem yaradır.

“Əvvəl “qrin kartların” sayını iki dəfə artırmaq fikrini dəstəklədiyini deyirdin, indi isə bunun əleyhinə çıxış edirsən. Qonaq işçilərin sayının 500 faiz artırlmasını dəstəklədiyini deyirdin, indi bunun da əleyhinə olduğunu deyirsən,” deyə Rubio Ted Kruzu ittiham edib.

Kruz isə “araşdırmalarını debatda səsləndirməyini yüksək qiymətləndirirəm,” deyə Rubioya cavab verib.

Obama və Klitona qarşı tənqid

Namizədlər həmçinin prezident Baraka Obamaya qarşı da tənqidlər səsləndiriblər.

Prezidenti əsas tənqid edən qubernator Kris Kristi olub. O, Obamanı Ağ Evdən çıxaracağına dair söz verib və hətta Obamanı “şıltaq uşaq” adlandırıb.

Namizədlər həmçinin Demokratlar cəbhəsində öndə gedən Hillari Klintonun ünvanına da tənqidlər yağdırıblar.

Hillari Klinton

Hillari Klinton

Buş Klintonun dövlət katibi olduğu dövrdə şəxsi email hesabından istifadə etməsinə dair qalmaqala istinad edərək, bunun ona problem yaradacığını deyib.

“Əgər o, seçilsə, hakimiyyətdəki ilk 100 günündə, gündəm tərtib etmək əvəzinə vaxtını Ağ Evlə məhkəmə arasındakı yolu gedib-gəlməyə sərf edəcək,” deyə alqışlar altında Buş bildirib.

Bir zamanlar Respublikaçların sevimli namizədi kimi görülən Ceb Buş artıq dəstəyini itirib və hazırda rəy sorğularında aşağı yerləri tutur.

Təhlilçilərin fikrincə, səsvermə başladığı zaman Buş və az dəstəyə sahib olan digər bir neçə namizəd namizədliklərini geri çəkməyə başlaya bilər.

“Amma məncə Nyu Hempşir və ya Cənubi Karolina praymerilərinə qədər heç kəs geri çəkilməyəcək.” deyə O’Konnell xəbərdarlıq edir.

Show comments

XS
SM
MD
LG