Accessibility links

Respublikaçılar - 2016 [Video]


Mühafizəkar Siyasi Fəaliyyətlər konfransında siyasi sınaqdan keçənlər arasında Viskonsin ştatının qubernatoru Skot Valker də var idi.

Valker bəzi ilkin rəy sorğularında irəlidə gedir və prezident Barak Obamanın İslam Dövləti qrupu ilə bağlı siyasətini tənqid edir.

Skot Valker: "Bizim prezidentə, liderə ehtiyacımız var. Ayağa qalxsın və desin ki, biz onlarla döyüşəcəyik və onların müharibəni Amerika torpaqlarında uşaqlarımız və nəvələrimizə gətirməsinə icazə verməyəcəyik.”

Florida ştatının sabiq qubernatoru Ceb Buş da ilkin rəy sorğularına görə irəlidə getsə də mühafizəkarların tənqidlərinə məruz qalır. O bildirib ki, Respublikaçılar azlıqda olan seçicilərin səslərini almağı bacarmalıdır.

Ceb Buş: “Əgər biz ölkəmizə olan sevgimizi və ruh yüksəkliyimizi, inandığımız fəsləfəmizi bölüşə bilsək, qalibiyyətimizə lazım olan 50 faizi toplamaq üçün Latın Amerikalılar, gənclərin və başqalarının səslərini ala bilərik.”

Kentukki ştatının senatoru Rand Pol xarici siyasətdə fərqli görüşə malikdir. O, ABŞ hərbi qüvvələrinin xarici münaqişələrdə iştirakına qarşı xəbərdarlıq edib.

Rand Pol: “Mənə görə Amerika deyəndə xalq tərəfindən yaradılan misilsiz, məğlubedilməz və azad milli müdafiə ağla gəlir.”

Mühafizəkar namizədlər arasında daha bir favorit, Texas ştatının senatoru Ted Kruz isə diqqəti prezident Barak Obamanın mühacirətlə bağlı attığı addımlara yönəldib.

Ted Kruz: “Əgər namizəd deyirsə ki, onlar prezident Obamanın qeyri-qanuni və konstitusiyaya zidd amnistiyasına qarşı çıxırlar, bu möhtəşəmdir. Bəs siz nə zaman ayağa qalxıb buna qarşı mübarizə aparacaqsız?”

Cənubi Karolina ştatında mühafizəkar fəal Rene Kannon qeyri-rəsmi sorğu və potensial namizədlər üçün sınaq seçkisində iştirak edib. Onun kimə üstünlük verdiyi az şübhə doğurur.

Rene Kannon: “Ted Kruz. Fikrimcə, bu, aydındır. O, prinsipial və əqidəli bir insandır.”

“Konfransda yaxşı təsərrüat yaradacaq namizəd üstünlük qazanacaq”,-deyə Vaşinqton Post qəzetinin jurnalisti Dan Balz bildirir.

Dan Balz: “Burada baş verənlərə çox insan baxır. Bura gələn bütün insanlar, prezidentliyə namizəd olmaq istəyənlər bilir ki, burada yaxşı nəticə göstərməlidirlər.”

CPAC konfransı Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün uzun və gərgin seçki kampanyasından öncə sınaq mərhələsi kimi qiymətləndirilir.

XS
SM
MD
LG