Accessibility links

Respublikaçılar Trampın açıqlamalarına qəzəbli reaksiya göstərir


Respublikaçılar partiyasının nümayəndələri prezidentiyə namizəd Donald Trampın 2005-ci ilə aid videoda qadınlar haqda söylədiyi nalayiq sözlərə görə üzr istəməsinə baxmayaraq qəzəbli reaksiya göstərməyə davam edir.

"Mən bunu demişəm. Səhv etmişəm və üzr istəyirəm"-deyə Donald Facebook səhifəsində açıqlama verib.

Bununla belə milyarder tikinti maqnatı qalmaqal yaratmış videonun "diqqət yayındırmaqdan başqa bir şey olmadığını" deyib və seçkilərə qədər qalan bütün vaxtını rəqibi Hillari Klintonun qadınlara münasibətdə daha xoşagəlməz hərəkətlərə yol verdiyini sübuta yetirməyə çalışacağına söz verib.

"Söz və əməl arasında böyük fərq var. Bill Klinton qadınlara münasibətdə pis rəftar göstərib və Hillari Klinton onun qurbanlarını təqib edir, hücum edir, utandırır və qorxudurdu," deyə Donald Tramp bildirib.

Trampın kampaniya tərəfdaşı, vitse-prezidentliyə namizəd Mayk Pens Twitter hesabında Trampın açıqlamalarına münasibət bildirib:

“Bir ər və ata olaraq, mənim üçün Donald Trampın sözləri və hərəkətləri təhqiramizdir. Mən bu açıqlamalara bəraət qazandırmıram və onları müdafiə edə bilmərəm.”

Ağ qadınların dəstəyi uğrunda mübarizə

​Rəy sorğuları üzrə Respublikaçı tədqiqatçı Kristen Soltis Anderson CNN tele şirkətinə müsahibədə deyib ki, Tramp ali təhsilli ağ qadınların dəstəyini qazanmaqda həmişə çətinlik çəkib və "açıqlanmış bu son video onun elektoratın bu seqmenti arasında "bundan sonra da dəstək qazana bilməyəcəyini" göstərir.

Bu arada, Respublikaçılar partiyasının yüksək səviyyəli nümayəndələri videonun açıqlanmasından sonra Trampı dəstəkləməkdən imtina etməyə başlayıb. Videoda Trampın əyləncəli proqramın aparıcısı ilə söhbətdə qadınlarla necə flirt etdiyi haqda danışdığı göstərilir. Tramp həmin vaxt hazırkı həyat yoldaşı Melaniya ilə evli idi.

Nümayəndələr Palatasının spikeri Pol Rayan
Nümayəndələr Palatasının spikeri Pol Rayan

Könülsüz dəstək

Daşınmaq əmlak maqnatı öz partiyasının üzvlərinin çoxunun könülsüz dəstəyini alıb və onun qadınlar haqda nalayiq sözlər işlətdiyi videonun açıqlanması partiyanın bəzi liderlərinin ona səs verməyəcəklərini deməsinə gətirib çıxarıb.

Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan "Trampın açıqlamalarından bezdiyini və Trampın Rayanın doğma ştatı olan Viskonsində festivala qatılmayacağını" elan edib. Tramp festivalda Rayanla yanaşı, Viskonsin ştatının qubernatoru Skott Valter və Respublikaçılar partiyasının sədri Reyns Pribusla bir araya gəlməli idi.

Pribus Trampın açıqlamalarına reaksiya göstərərək deyib k, "heç bir qadın haqda heç vaxt belə ifadələrlə və belə tərzdə danışmaq olmaz."

Senatda Respublikaçı əksəriyyətin lideri Mitç Makkonnel deyib ki, bu açıqlamalar heç bir halda qəbul edilə bilməz. "Mən inanıram ki, Tramp birbaşa hər yerdə qadınlar və qızlardan üzr istəməlidir"-deyə o bildirib.

Konqresin Nümayəndələr Palatasında Respublikaçı əksəriyyətin lideri Kevin Makkarti də Trampı üzr istəməyə çağırıb.

Təcili əvəzolunma çağırışları

İllinoys ştatında gərgin rəqabət şəraitində yenidən seçilmək uğrunda mübarizə aparn senator Mark Körk Trampın prezidentlik yarışlarından çıxmalı olduğu və Respublikaçılar partiyasının "təcili əvəzolunma mexanizmlərini işə salmalı" olduğunu bildirib.

2008-ci ildə seşkilərdə prezident Barak Obamaya məğlub olan senator Con Makkeyn "Tarmpın öz hərəkətlərinə görə məsuliyyətini özünün daşıdığını və bunun bütün nəticələri ilə özünün qarşılacağını" bildirib.

Nyu Hempşir ştatının senatoru Kelli Ayott Twitter hesabında mesajında "qadınları aşağılayıb, onlara hücum etdiyinə görə" Donald Trampa səs verməyəcəyini yazıb.

Siyasi təhlilçilər Trampın açıqlamalarının ciddi nəticələri ola biləcəyini gözlədiklərini bildiriblər.

Trampın Demokrat rəqibi Hillari Klinton və onun kampaniya tərəfdaşı senator Tim Keyn Respublikaçı namizədin videoda söylədiklərini narazılıq hissi ilə qarşılayıb.

Hillari Klinton və Donald Tramp arasında növbəti, ikinci debat bazar günü keçiriləcək.

XS
SM
MD
LG