Accessibility links

Respublikaçı namizədlər Nyu Hempşirdə səsvermədən öncə növbəti debat keçirib


ABŞ prezident seçkilərində Respublikaçılar parityasından namizədləR şənbə günü Nyu Hempşir ştatında keçirdikləri növbəti debatda xarici siyasət məsələlərinin müzakirəsinə geniş yer yerib.

Debat Nyu Hempşirdə prezidentliyə namizədlərin bir neçəsinin kampaniyasına son qoya biləcək mühüm seçki tədbirindən öncə keçirilib.

Namizədlərin təzyiq altında olduğu debatların əvvəlindən hiss olunurdu, belə ki rəy sorğularında daha az dəstək almış namizədlərin bəzisi opponentlərinə qarşı kəskin tonda danışıb.

Nyu Cersi ştatının qubernatoru Kris Kristi tənqidlərini Florida ştatından senator Marko Rubioya yönəldərək, onun Birləşmiş Ştatlar prezidenti seçilmək üçün kifayət qədər təcrübəsi olmadığını deyib.

Kris Kristi Marko Rubionu kampaniya tədbirlərində istifadə etdiyi "25 saniyəlik nitqi əzbərlədiyini" deyərək, Konqresdə birinci müddət senator olan Rubionun heç bir mühüm fəaliyyəti olmadığını bildirib.

Nyu Cersi ştatının qubernatoru Kris Kristi və neyrocərrah Ben Karson

Nyu Cersi ştatının qubernatoru Kris Kristi və neyrocərrah Ben Karson

Marko Rubio belə bir hücumu gözləməsə də, öz tənqidlərini prezident Barak Obamaya ünvanlamağa üstünlük verərək, onun "Amerikanı dəyişmək üçün sistematik səy göstərdiyini" deyib.

Florida senatoru Marko Rubio Respublikaçılar partiyasının establişmentinin favoriti hesab edilir. Senator keçən həftə Ayova ştatında partiyadan nominasiya almaq üçün keçirilən ilk mühüm seçki tədbirində gözlənildiyindən daha yaxşı göstəricilərə malik olaraq üçüncü yerə çıxıb.

Respublikaçı namizədlər Ceb Buş(solda), Marko Rubio(mərkəzdə) və Donald Tramp(sağda)

Respublikaçı namizədlər Ceb Buş(solda), Marko Rubio(mərkəzdə) və Donald Tramp(sağda)

Donald Tramp təkliflərini müdafiə edir

Respublikaçılar partiyasından prezidentliyə namizədlər arasında irəli gedən daşınmaz əmlak maqnatı Donald Tramp keçən həftə Ayova kokusunda birinciliyi itirdikdən sonra Nyu Hempşirdə səsvermədə daha yaxşı nəticələr göstərməlidir. Donald Tramp Nyu Hempşirdə rəy sorğularına görə birinci yerdə gedir.

Bu üstünlüyü saxlamaq üçün o, əvvəlki debatlarla müqayisədə daha yumşaq ton seçib, diqqəti əvvəllər olduğu kimi şəxsi müstəvidə təhqirlərə deyil, önəmli siyasi məsələlərin müzakirəsinə yönəldib.

Donald Tramp ABŞ-ın Meksika ilə sərhədində hasar tikmək də daxil olmaqla mühacirət sahəsində təkliflərini müdafiə edib. O, İŞİD-ə qarşı mübarizəni də gücləndirəcəyini deyib. Tramp terrorçu olduğundan şübhəli bilinənlərin dindirilməsi zaman suda boğulmanın imitasiyası üsulunun yenidən istifadəyə gətirilməsinə söz verib.

Ted Kruz Nyu Hempşirdə sınaq qarşındadır

Ayova kokusunda qələbə qazanmış Texas senatoru Ted Kruz ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün "genişləndirilmiş dindirilmə üsullarının" yenidən istifadə edilməsinə səlahiyyət verəcəyini bildirib.

Lakin Ayovada qələbədən sonra yevangelist xristian olan Ted Kruzun kampaniyası seçicilərin daha mötədil namizədlərə üstünlük verdiyi Nyu Hempşirdə sınaq qarşısındadır.

Texas senatoru Ted Kruz

Texas senatoru Ted Kruz

Bunu nəzərə alaraq, bir neçə mərkəzçi və rəy sorğularında çox sayda seçicinin dəstəyini qazanmayan respublikaçı namizəd Qranit ştat adı ilə tanınan Nyu Hempşirdə ciddi kampaniya aparır. Buraya Nyu Cersi ştatının qubernatoru Kris Kristi, Florida ştatının keçmi qubernatoru Ceb Buş və Ohayo ştatının qubernatoru Con Keysik daxildir.

Şimali Koreya

Prezidentliyə yeddi namizəd BMT sanksiyalarını pozaraq, ballistik raket sınağı keçirdiyini elan edən Şimali Koreyadan gələn təhlükə məsələsini müzakirə edib.

Ceb Buş Pxenyana qarşə ən sərt mövqe nümayiş etdirərək deyib ki, "əgər bizim təhlükəsizliyimiz üçün zəruridirsə, Şimali Koreyaya qarşı preventiv hücumu etməliyik."

Ted Kruz isə bunu edəcəyinə söz verməyib və ilk növbədə kəşfiyyat orqanları ilə müzakirələr keçirilməli olduğunu deyib.

Donald Tramp Pxenyanla strategiyanın Şimali Koreyanın ən yaxın müttəfiqi olan Çindən başlamalı olduğunu deyib: "Qoy Çin bu problemi həll etsin. Onlar bunu tez və əməli şəkildə edə bilər."

Namizədlərin sıraları seyrəlir

Respublikaçı namizədlrin debatı Nyu Hempşir ştatının Mançester şəhərində Sant Ansel kollecində keçirilib və ABC tele şirkəti tərəfindən ölkə üzrə yayımlanıb. Respublikaçı namizədlərin bu formatda keçirdiyi səkkizinci debatda daha az namizəd iştirak edib.

Kentukki ştatından senator Rand Pol, Arkanzas ştatının qubernatoru Maykl Hakabi və Pensilvaniya ştatından keçmiş senator Rik Santorum Ayova kokusunda aşağı nəticələr göstərdikdən sonra prezident seçki yarışından çıxıblar.

XS
SM
MD
LG