Accessibility links

Zərərçəkmişlərin Rəsul Cəfərova qarşı iddiaları yoxdur


Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı proses davam edib.

İclasın əvvəlində hakim Eldar İsmayılov Cəfərova ifadə verməyi təklif edib. Lakin hüquq müdafiəçisi imtina edib, ittihamın mahiyyətinin ona aydın olmadığını bildirib.

Buna cavabda hakim bildirib ki, Cəfərovun ibtidai istintaqa ifadələrini elan etməlidir.

Hakim Cəfərovun 31 iyul 2014-cü il tarixli dindirmə zamanı verdiyi ifadələri oxuyub.

O bildirib ki, 2010-cu ilin dekabrında digər iki fəalla birlikdə İnsan Hüquqları Klubunu (İHK) təsis edib və ona rəhbərlik edib. Lakin İHK-nın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması ilə əlaqədar o, qrant müqavilələrini fiziki şəxs kimi bağlayıb.

Xüsusən, 2012-ci ilin dekabrında “Demokratiya naminə incəsənət” kampaniyası çərçivəsində Cəfərov Böyük Britaniya səfirliyindən layihənin təqdimatı üçün 2 min manat maliyyə yardımı alıb.

30 min dollarlıq qrantı o, 4 hissə şəkildə Amerikanın NED QHT-sindən insan hüquqları sahəsində vəziyyətin monitorinqi və videoçarxların hazırlanması üçün alıb.

Daha 2600 dollar Çexiyanın People in Need təşkilatı 2013-cü ilin prezident seçkiləri öncəsi seçicilərin maarifləndirilməsi məqsədilə 3 animasiya videoçarxı üçün verib.

Bundan başqa, Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyası çərçivəsində rəsm, karikatura müsabiqələri üçün Norveçin Freed Ort təşkilatından 15 min avro alıb.

Dövlət ittihamçısı Cəfərovun qrantları qeydiyyatdan keçirməməsinin səbəbi ilə maraqlanıb.

Hüquq müdafiəçisi qeyd edib ki, qanunvericilikdə fiziki şəxslərin aldığı qrantların qeydiyyatı mexanizmi yoxdur. Bu zaman Ədliyyə Nazirliyində də fiziki şəxslərin aldığı qrantların reyestri yox idi.

Cəfərov həmçinin qeyd edib ki, qanunvericilikdə qeydiyyatdan keçməmiş QHT-lərin qrantlar həyata keçirməsini qadağan edən dəyişikliklər edildikdən sonra layihələr təsisçisi Elçin Sadıqov olan Hüquq Müdafiə və Hüquq Maarifçiliyi Cəmiyyəti vasitəsilə həyata keçirilirdi.

Daha sonra prosesdə zərərçəkmişlərin ifadələri başlayıb.

Reper Anar Cəbiyev (Nağılbaz) bildirib ki, seçiciləri 2013-cü il prezident seçkilərində iştiraka çağıran klipin hazırlanması layihəsində iştirak edib.

Mahnı bəstələməyə və klip çəkməyə görə Cəbiyev 1720 manat alıb.

Sentyabrda dindirmə zamanı o bildirib ki, qonorar məbləği 1200 manat təşkil edib. Musiqiçi bunu bir ildən çox vaxt keçməsi, dəqiq məbləği xatırlamaması ilə izah edib.

Prosesdə o bildirib ki, əvvəlcədən razılaşdırılmış məbləği tam alıb və Cəfərova qarşı heç bir iradı yoxdur, ondan zərərçəkmiş statusunun götürülməsini xahiş edir.

Daha sonra fasilə elan edilib, fasilədən sonra daha bir zərərçəkmiş - Seymur Verdizadə çıxış edib.

O, Amerikanın Səsinə bildirib ki, Cəfərovla şəxsən tanış deyil.

O, bir layihədə “Gürcüstan qadınları” filminin müzakirəsində moderator kimi iştirak edib və 150 manat qonorar alıb.

Cəfərov 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı ittihamları da irəli sürülüb.

O, bütün ittihamları təkzib edib və onları hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb

XS
SM
MD
LG