Accessibility links

Rəsul Cəfərovun məhkəməsində şahidlər ifadə verib [Video]


Şahidlər hüquq müdafiəçisinin düzgünlüyünü təsdiq edib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri davam edib.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar- vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi) və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.

Amnesty İnternational Rəsul Cəfərovu ”vicdan məhbusu” elan edib.

Bugünki prosesdə şahid, Caz Mərkəzinin rəhbəri Rüfət Ələsgərov bildirib ki, 2011-ci ildə Rəsul Cəfərov mərkəzdə keçirdiyi tədbirin müqabilində icarə üçün 1000 manat və xidmət üçün 1500 manat ödəyib.

“Ödənişlərin müqabilində ona kassa qəbzi verilib. Ödənilən məbləğ azaldılıb-artırılmayıb”, o qeyd edib.

Şahid Pərviz Əzizov tərcüməçidir. O, tərcüməçi kimi 2013-cü ildə 6 aylıq müqavilə imzalayıb.

“Mən tərcümələrim müqabilində 734,58 manat və 732,90 manat olmaqla iki dəfə pul almışam”, şahid bildirib.

Şahid Cavid Qurbanov isə çəkdiyi film müqabilində 1720 manat vəsait aldığını təsdiq edib.

Hakim və prokuror şahidlərin məhkəməyə verdiyi ifadələr ilə ibtidai istintaqa verdiyi ifadələrin ziddiyyət təşkil etmədiyini bildirib.

Prosesə sədrlik edən Eldar İsmayılov deyib ki, artıq zərərçəkənlər və şahidlərin hamısı məhkəmədə ifadə verib.

“Yalnız şahir Rəşad Şirinov məhkəməyə gəlməyib. Onun ölkədə olub-olmaması sənədlərlə təsdiqini tapdıqdan sonra Rəsul Cəfərov sərbəst ifadə verəcək”, o qeyd edib.

Məhkəmə şahid Rəşad Şirinovla bağlı məlumatları dəqiqləşdirmək üçün təxirə salınıb. Növbəti məhəkəmə iclası martın 31-də saat 10.30-da olacaq.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, istintaqın tanıdığı zərəçəkmişlərin hamısı məhkəmədə zərər çəkmədiyini bildirib, şahidlər isə Cəfərovun doğru olduğunu təsdiq edib.

“Bütün bunlar Rəsul Cəfərova qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir. Növbəti məhkəmə iclasında Cəfərovun azadlığa buraxılması ilə bağlı məhkəmə qarşısında yenidən vəsatət qaldıracam”, o qeyd edib.

Rəsul Cəfərov da məhkəmə zalında olarkən Amerikanın Səsinin müxbirinə ittihamların əsassız olduğunu bildirib.

“Saxlanma şəraitindən narazılığım yoxdur, səhhətim normaldır. Şikayətim yalnız ittimaların əsassız olması ilə bağlıdır. Martın 3-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin məruzəçiləri mənimlə görüşəndə də dedim ki, ittihamların tam əsassız olduğunu görüşdüyü şəxslərə çatdırsınlar”, hüquq müdafiəçisi deyib.

XS
SM
MD
LG