Accessibility links

Rəsul Quliyevin hüquqlarını müdafiə komitəsi beynəlxalq qurumlara müraciət edib (Video)


Onun vətənə qayıtması xarici ölkələrlə əməkdaşlığın güclənməsinə, sabitliyin və demokratiyanın inkişafına kömək göstərər

Azərbaycan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin ölkəyə qayıtması vacibdir. Onun qayıdışı Azərbaycanla xarici ölkələrin əməkdaşlığının güclənməsinə, sabitliyin və demokratiyanın inkişafına kömək göstərəcək.

Fevralın 28-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında “Eks-spiker Rəsul Quliyevin hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada səslənən çıxışların başlıca leytmotivi belə olub.

Rəsul Quliyev hazırda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının aparıcı şəxslərindən biri olub. Əbülfəz Elçibəy hökumətinin “Yeni Azərbaycan” Partiyası iqtidarı ilə əvəzlənməsində mühüm rol oynayıb. 1993-1996-cı illərdə Milli Məclisin sədri olub.

1996-cı ildə parlamentin spikeri vəzifəsindən istefaya göndərilib və siyasi mühacirətə getməyə məcbur olub. Rəsul Quliyev artıq 17 ildir ABŞ-da mühacirətdədir.

Ona qarşı cinayət işi qaldırılıb, barəsində axtarış elan edilib.

R.Quliyev 2005-ci ilin payızında parlament seçkiləri öncəsi Azərbaycana gəlməyə cəhd edib. Azərbaycan hökuməti onun gəlişinin qarşısını alıb, Rəsul Quliyevin təyyarəsi Ukraynaya enməyə məcbur olub. Sonra Ukrayna hökuməti onu Azərbaycana təhvil verməyib və yenidən Amerikaya qayıdıb.

O 2005-ci ildə təsis edilmiş Açıq Cəmiyyət Partiyasının lideridir.

“Rəsul Quliyevin hüquqları həm vətəndaş, həm də siyasi lider kimi pozulur. Hamı kimi Rəsul Quliyevin də seçib-seçilmək hüququ var. O ölkəyə gəlib məhkəmə qarşısında da cavab verməyə hazlırdır”, - deyə sabiq deputat İbrahim İbrahimli bildirib.

Rəsul Quliyevin ölkəyə qayıtması hazıki iqtidarın mənafeyinə uyğun deyil. O prezidentlik uğrunda mübarizə aparır.

“Rəsul Quliyev 1995-ci ildə parlamentdə çıxışında ölkə üçün ən böyük problemin hazırki iqtidar olduğunu bildirib. Onun qayıtması iqtidar komandasının parçalanması deməkdir. Onun qayıdışı siyasi sistemdə yeni qüvvənin formalaşması, neft imperiyasının sirlərinin açılması deməkdir. Bunlar isə hazırki iqtidara sərf etmir”, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Çıxışlarda ölkə müxalifətinin birləşərək mövcud rejimə qarşı birgə mübarizə aparmasının vacibliyi önə çəkilib. Müxalifət liderləri şəxsi iddialarını kənara qoyub birləşə bilməsə 2013-cü il seçkilərindən müvəffəqiyyət gözləmək əbəsdir.

“Ayaz Mütəllibov siyasi iddialarını kənara qoydu və Azərbaycana qayıtdı. Köklü siyasi islahatlar və problemlərin ümumilikdə həllinə nail olmaq üçün müxalifət liderlərinin həmrəyliyi lazımdır. Bu gün İsa Qəmbər regionlara buraxılmır, Əli Kərimlinin ölkədən xaricə getməsinə imkan verilmir, Rəsul Quliyevin isə ölkəyə qayıtması mümkün deyil. Problemlərin köklü həlli siyasi liderlərin birləşməsindən keçir”, ADP təmsilçisi Taliyyət Əliyev qeyd edib.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Rəsul Quliyevin ölkəyə qayıtması üçün çoxsaylı siyasi partiyalar, hüquq-müdafiə təşkilatları, ziyalılar və ictimaiyyət nümayəndələrinin onun hüquqlarını ictimai müdafiə komitəsində birləşdiyini deyib.

Onun sözlərinə görə, partiya liderinin ölkəyə qayıtması üçün müraciətlərlə yanaşı imza toplama kampaniyası da davam edir.

“Ziyalılar Forumu ACP liderinin ölkəyə qayıtmasına dəstək verir, imza toplama kampaniyası daxilində minlərlə imza toplanıb. Rəsul Quliyevin özü də ölkəyə qayıtmaq üçün Amerikada və Avropada görüşlərə başlayır”, o qeyd edib.

S.Əkbər həmçinin ölkədə siyasi liderlər arasında birlik ideyasını dəstəkləyir.

“Nə qədər ki müxalifət birləşməyib, ölkədə kütləvi ictimai-siyasi hərəkat başlamayıb xalqdan, hakimiyyət daxilindən və beynəlxalq birlikdən dəstək olmayacaq. Bunlar olmasa ölkədə də dəyişiklik olmayacaq” , deyə o fikrini möhkəmləndirib.

Tədbir iştirakçıları adından BMT-nin İnsan Haqları Komitəsinə, Avropa Birliyinə, ATƏT-ə, Avropa Şurası Parlament Assambleyasına, Avropa İnsan Haqları Ombudsmanına, Azərbaycandakı diplomatik korpuslara müraciət qəbul edilib. Sənədi 40-dan çox ictimai-siyasi təşkilat imzalayıb.

“Azərbaycanda yaranmış ictimai-siyasi və hüquqi böhranı dəyərləndirərək hesab edirik ki, xalq arasında böyük nüfuzu olan Rəsul Quliyevin vətənə qayıtması, prezident seçkilərində iştirak etməsi demokratik seçki mühitinin yaradılmasına, ədalətli seçki yolu ilə legitim hakimiyyətin formalaşmasına pozitiv təsir göstərə bilər”, sənəddə vurğulanır.
XS
SM
MD
LG