Accessibility links

"Rəsulzadə təqaüdü gənclərimizi Amerikada savadlandırmağa yönəlib"


Bu yaxınlarda ABŞ-da fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Konqresi qeyri-hökumət təşkilatı 2016-2017-ci tədris ili üçün Məhəmməd Əmin Rəsulzadə adına təqaüd proqramını elan edib. Təqaüd proqramı Amerika universitetlərindən birində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları və ABŞ -da yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Təşkilatın yeni əlaqələr koordinatoru Esmira Matatova Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Rəsulzadə təqaüd proqramının təsis edilməsinin məqsədi, Azərbaycanlı Amerikalılar Konqresi təşkilatının fəaliyyət və layihələri haqda danışıb.

Esmira Matatova deyib ki, təşkilatın və təqaüdün təsis edilməsi ideyası ABŞ-da təhsil alıb işləyən bir qrup azərbaycanlı gənc Amerikada təhsil alan tələbələrə fərdi yardımından başlayıb. Təşkilatın yanvar ayında Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gün yaradılmasından sonra tələbə təqaüdü proqramı da təsis edildi. “Bizim təşkilat yanvar ayının 31-də yarandı və fikirləşdik ki, tələbə təqaüdü proqramını Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlayaq.”

Esmira Matatovanın sözlərinə görə, tələbə təqaüdünə müraciət etmək üçün kriteriya yoxdur və o, Azərbaycanda və Amerikada az təminatlı ailələrin övladları üçün nəzərdə tutulub. “Ola bilsin bizim gələcəkdə maddi gücümüz daha çox olacaq ki, biz tələbələrə onların demək olar bütün təhsil haqqını ödəmək olsun. Amma indi biz fikirləşirik ki, biz onların müəyyən semestrlərində maddi yardımlar edək. Bizim inşa mövzumuz var. Həmin mövzunu ən yaxşı yazan şəxs tələbə təqaüdü komitəsi tərəfindən müsabiqə yolu ilə seçiləcək və həmin tələbə müəyyənləşdikdən sonra həmin tələbəyə bizim təşkilatın maddi yardımı olacaq.”

“Bizim təşkilat yanvar ayının 31-də yarandı və fikirləşdik ki, tələbə təqaüdü proqramını Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlayaq”-Esmira Matatova

Esmira Matatova Amerika Azərbaycanlılar Konqresinin fəaliyyəti və təşkilatın Azərbaycan diasporu ilə əlaqələrindən danışıb. “Biz fikirləşdik ki, bu təşkilatı yaradarkən həm diasporaya, həm də tələbələrə şaxəli yardımlar edək. Sözün əsl mənasında istəyirik ki, diasporamız güclənsin, diasporamızda birlik olsun, diasporamız təhsilli olsun. O üzdən də bu yöndə çoxlu layihələrimiz, proqramlarımız var və gələcəkdə böyük layihələrimiz olacaq.”

Amerika Azərbaycanlılar Konqresi ABŞ-da təhsil almış azərbaycanlılardan ibarətdir. Esmira Matatova deyir ki, təşkilatda fərli baxışlara malik insanlar bir araya gəlib və məqsəd ABŞ-da güclü Azərbaycan diasporasının yaradılmasından ibarətdir. “Biz üzvlərimiz arasında demokratik, azad fikrə, azad ifadəyə üstünlük veririk və o üzdən istəyirik ki, diasporamız arasında siyasi baxışlarına və həyat tərzinə görə ayrı-seçkilik olmasın.”

XS
SM
MD
LG