Accessibility links

Bloq: Möhtəşəm Nəsil


Amerikada möhtəşəm nəsil deyiləndə 1920-ci illərdə doğulmuş yaş nəsli nəzərdə tutulur. Niyə möhtəşəm? Ona görə ki, bu nəslin nümayəndələri Amerika tarxinin ən çətin imtahanlarından alnıaçıq çıxaraq mənsub olduqları ölkəni superqüdrətə çevirməyə nail oldular. Böyük Depressiyaya sinə gərən, İkinci Dünya Müharibəsində düşmən üzərində qələbə çalan və müharibədən sonrakı sülh şəraitində Amerikanı varlı və qüdrətli dövlətə çevirən məhz bu yaş nəslinin nümayəndələri olub. Onları bu nailiyyətlərə qovuşduran mətinlik, mərdlik, işgüzarlıq və humanizm olub ki, bu xüsusiyyətlər həmin nəsli ən yaxşı mənada əvvəl gedənlər və sonra gələnlərdən fərqləndirir.

ABŞ əsgərləri Iwo Jimada qələbə bayrağını qaldırır
ABŞ əsgərləri Iwo Jimada qələbə bayrağını qaldırır

​Terminin müəlliflik hüququ NBC telekanalının məşhur xəbər aparıcısı Tom Brokawa məxsusdur. 2000-ci illərin əvvəlində, Brokaw The Greatest Generation yəni “Möhtəşəm Nəsil” adlı kitab yazımdışdı ki, burada o, öz valideynlərindən və onlarla həmyaşıd olan nəslin miras qoyduğu irsdən bəhs edirdi. Kitabın qayəsi bundan ibarət idi ki, Amerikanı möhtəşəm dövlətə çevirən hansısa bir şəxs yaxud siyasi strategiya yox, dövrün sınaqlarından çıxmış sadə vətəndaşları olub. Bu adamlar böyük ambisiyalara deyil, sadə, lakin mühüm dəyərlərə sahib olublar. Onları iqtisadi çətinliklər qarşısında sındırmayan, alman nasizmi üzərində qələbəyə aparan da bu dəyərlər olub. Vətənə dönüb ailə quran, gecə-gündüz işləyərək öz övladlarına keçmişin acılarını yaşatmamaq əzmini də onlara bu dəyərlər aşılayıb. İndi Amerikada bir çoxları bu nəslin üstün tutduğu dəyərlərin buxarlanmasından, ifrat individualizmin, bəsitliyin, vulqarlığın, tənbəlliyin və nəhayət acizliyin ayaq açmasından gileylənir.

Bəs görəsən hər ölkənin bir “möhtəşəm nəsli” olur? Bu anlam Azərbaycana şamil edilə bilərmi? Və əgər varsa, onlar kimlər olub? Ağlıma 1870-80-ci illərdə anadan olmuş adamlar gəlir. 1918-ci ildə Rusiya İmperiyası çökdükdən az sonra Azərbaycan Türklərinin başbilənləri – messenatları, əsilzadələri, intellektualları bir araya gələrək millət yaratdılar. Onlar Çar Rusiyasında Sergey Vitte və Pyotr Stolıpin islahatları fonunda yaşanan qısa intibah dövrünün yetirmələri idilər. Bunların sırasında Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Ələkbər bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həmid bəy Şahtaxtinski, Üzeyir Hacıbəyli, Hüseyn Cavid və bir çox başqaları var idi. Pərvərdigar Azərbaycan millətinə bir dövrdə onlarla görkəmli şəxsiyyət bəxş etmişdi ki, onlar zəmanənin verdiyi kiçicik şansdan belə yararlanaraq millət üçün nəsə miras qoyub getməyə çalışırdılar.

Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dəfn mərasimi
Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dəfn mərasimi

Şübhəsiz, bu şəxsiyyətlər piramidasının zirvəsində Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadə dayanır. Heçdən dövlət yaradan, ilk kərə bayraq qaldıran bu böyük şəxsiyyət haqda çox yazılıb. Haqlı olaraq. O, təkcə dərin biliyə malik intellektual deyildi. Rəsulzadə həmçinin qorxmaz lider, bacarıqlı siyasətçi, istedadlı təşkilatçı, peşəkar diplomat və ən başlıcası, mübariz patriot idi. Həyatın müxtəlif məqamlarında o ciddi təhlükələrlə üzləşdi. Əvvəl Çar hökuməti, sonra Bolşeviklər, qanlı dünya müharibəsi, və ümumən totalitar dövran Rəsulzadəni hər növ sınağa çəkdi. Amma üzləşdiyi məşəqqətlər onu müstəqil Azərbaycan amacından sapdırmadı. Vətənini azad görmək istəyən Rəsulzadə mühacirətdə belə durmadan üçrəngli bayrağı yenidən ucaltmaq uğrunda mübarizə apardı.

Həmin o bayraq bu gün Azərbaycanın üzərində dalğalanır. Ərazisinin böyük bir hissəsini itirmiş Azərbaycan necə də olmasa müstəqil dövlətdir. Amma Rəsulzadənin məzarı hələ də Türkiyədə, yeganə heykəli isə doğulduğu Novxanı kəndində yerləşir. Halbuki Rəsulzadə təkcə Novxanı uğrunda vuruşmamışdı. Sonrakı nəsillərin – başda Sovet diktatoru İosif Stalinin yetişdirdiyi vıdvijentsilər nəsli olmaqla – monokulturaya, keçici bayraqlara, inzibati amirlik sisteminə, yerlibazlığa, sistemik rüşvətxorluğa, təslimçiliyə düçar etdikləri Azərbaycan Rəsulzadənin ali ideallarını əks etdirirmi? Ola bilsin bu sualın cavabını növbəti möhtəşəm nəsil verəcək.

XS
SM
MD
LG