Accessibility links

Azərbaycanda seçici baxışları: Respondentlərin 46 faizi deputatlara müraciəti əhəmiyyətsiz sayır


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

SMDT-nin keçirdiyi ictimai rəy sorğusu 125 seçki dairəsi üzrə təsadüfü yolla seçilmiş 150 seçki məntəqəsində 1186 respondenti əhatə edib

Rəy sorğusunun təqdimatı

Rəy sorğusunun təqdimatı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) “Azərbaycanda seçici baxışları” mövzusunda keçirdiyi rəy sorğusunun təqdimatını edib. Demokratik Jurnalistika Mərkəzi ilə birgə ABŞ Milli Demokratiya İnstitutunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən ictimai rəy sorğusu Azərbaycanın bütün bölgələrini əhatə edən 125 seçki dairəsi üzrə təsadüfü yolla seçilmiş 150 seçki məntəqəsində 1186 respondenti əhatə edib.


Sorğu sosial iqtisadi durum, ictimai-siyasi problemlərdə iştirak və dövlət-vətəndaş münasibətlərini əhatə edib.
“Sosial-iqtisadi durumla bağlı suallara cavabda sorğuda iştirak edənlərin 2 faizi ailəsinin güzəranını yüksək, 48 faizi orta qiymətləndirib. Respondentlərin 37 faizi ailəsinin durumunu ağır, 12 faiz isə dözülməz hesab edir”, - deyə SMDT-nin rəhbəri Anar Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində qeyd edib.

Respondentlərin 49 faizi son 3 ildə yaşayış güzəranında dəyişiklik olmadığını qeyd edib. “Ancaq 36 faiz sorğu iştirakçısı son 3 ildə güzəranının ya aşağı düşdüyünü, ya da ağırlaşdığInı bildirib. Ümumilikdə isə, yalnız 5 faiz respondent yaşayışının yaxşılaşdığını deyib. İştirakçıların 24 faizi yaxın 3 ildə güzəranının yaxşılaşacağına ümid edir. 42 faiz respondent yaşayışında dəyişiklik baş verəcəyinə inanmır, 20 faiz isə yaşayışının aşağı düşəcəyini təxmin edir”, deyə o bildirib.

İctimai-siyasi proseslərdə iştirak blokuna gəlincə, A.Məmmədlinin dediyinə görə, respondentlərin 44 faizi seçkilərin hər-hansı prosesə təsirinin olmadığını düşünür. Sorğu iştirakçılarının 19 faizi “maaşlar və pensiyalar artır”, 16 faizi “yollar abadlaşır” cavabını verib. Bununla yanaşı, respondentlərin 8-9 faizi seçkilər dövründə siyasi təzyiqlərin artdığını deyib. “Biz 2013-cü ildə seçici fəallığının necə olacağı barədə də suallara cavab almışıq. Respondentlərin 70 faizi seçkilərdə yalnız seçici kimi iştirak edəcəyini, 16 faizi isə seçkilərdə iştirak etməyəcəyini bildirib. 14 faiz iştirakçı seçkilərdə seçici olmaqla yanaşı, jurnalist, müşahidəçi, komissiya üzvü və ya könüllü kimi iştiraka tərəfdardır”.

Dövlət-vətəndaş münasibətləri barədə sualların cavabında respondentlərin 40 faizi problemlərinin prezident və Prezident Administrasiyası tərəfindən həll olunacağına ümid edir. İştirakçılar problemlərinin həllində məhkəmələrin, yerli hakimiyyət orqanlarının, hüquq-mühafizə qurumlarının, ombudsmanın köməyinə ümid etmir. “Problemlərlə bağlı deputatınıza müraciət edirsinizmi?”, - sualına cavabda respondentlərin 46 faizi müraciət etməyin əhəmiyyətsiz olacağını yazıb. Bu, insanların parlament institutuna inanmaması deməkdir”, deyə A.Məmmədli qeyd edib.

Regionlarda ailələr siyasi xəbərləri əsasən ANS (45 faiz) və Xəzər (42-43 fazi) televiziyalarından aldığını bildirib. “Respondentlərin cəmi 15-16 faizi siyasi xəbərləri AzTV və İctimai televiziyadan alır. İştirakçılar xarici televiziyalardan daha çox Türkiyə televiziyalarına (25 faiz) baxır. Ancaq, internet televiziyalardan siyasi xəbərləri alanların (10 faiz) sayı da sürətlə artır. Onların sayı Lider televiziyasına (7 faiz) baxanlardan çoxdur. 11-12 faiz iştirakçı isə siyasi xəbərləri sosial şəbəkələrdən alır”, deyə o bildirib.

Təqdimat zamanı insanlarda fikrini azad ifadə etməklə bağlı qorxu hissinin olduğu da qeyd edilib. Belə ki, respondentlərin 35 faizə qədəri suallara cavab vermək istəməyib. “Bir çox bölgələrdə, o cümlədən Naxçıvan, Gəncə, Qusarda sorğu keçirilənlər təzyiqə məruz qalıb. Bir çox respondentlər isə iştirakdan sonra təzyiqlər olduğundan anketlərin geri qaytarılmasını tələb edib”, deyə A.Məmmədli bildirib.

Sorğunun tam mətnini bu linkdə oxuya bilərsiniz:
http://smdt.az /files/file/asb.pdf
XS
SM
MD
LG