Accessibility links

Reyçel Denber: Avropa oyunlarına qədər fəallar azad edilməlidir


Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Human Rights Watch Avropa İttifaqını Azərbaycanda tənqidi səslərin susdurulmasına göz yummamğa çağırıb. Təşkilatın sədr müavini Reyçel Denber bu günlər yazdığı məqalədə Azərbaycanda müstəqilliyin əldə edilməsindən sonra insan haqları sahəsində vəziyyətin ən pis səviyyədə olduğunu bildirib. Reyçel Denber Amerikanın Səsinə müsahibədə Human Rights Watch təşkilatının nümayəndəsi Giorgi Qogianın Azərbaycana buraxılmaması, hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi və ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblərdən danışıb.

Dilşad Əliyarlı: Təşkilatın nümayəndəsi Georgi Qogianın Azərbaycana daxil olmaq istədikdə baş verənlər haqda danışmağınızı istərdik.

Reyçel Denber: O, Azərbaycana İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmə proseslərində iştirak etmək üçün gedirdi. O, pasport yoxlanışı zamanı saxlanıb və ona deyiblər ki, gözləsin. O, 31 saat hava limanında əsas etibarilə tranzit zonada qalıb. Ona ölkəyə daxil ola bilmədiyi haqda heç bir izahat verilməyib. Nəhayət 31 saatdan sonra ona deyiblər ki, onu təyyarə ilə Gürcüstana geri göndərəcəklər. Sərhəd polisi onun pasportunu o, təyyarədə olandan sonra qaytarıb. Əslində, onun pasportu və sənədləri təyyarənin uçuş heyətinin üzvlərinə verilib, onlar sənədləri Gürcüstan sərhəd polisinə verib və yalnız Gürcüstana çatandan sonra sənədlər Georginin özünə qaytarılıb. Beləliklə, Georgi 31 saat pasportu olmadan və Azərbaycana daxil olmağa nə üçün icazə verilmədiyi izah edilmədən hava limanında bu vəziyyətdə qalıb.

"Rəsul Cəfərovun həbsdə olduğu hər gün ədalətsiz bir gündür."-Reyçel Denber

Dilşad Əliyarlı: Bu gün prokuror Georgi Qogianın məhkəməsində iştirak etmək istədiyi Rəsul Cəfərovun 9 il həbsə məhkum olmasını istəyib. Bununla bağlı fikrinizi bilmək istərdik.

Reyçel Denber: Bu, dəhşət doğurur. Rəsul Cəfərov dəmir barmaqlıqlar arxasında olmamalıdır. O, hüquq müdafiəçisidir. Ona qarşı ittiham irəli sürülməsi dəhşət doğurur. Onun həbsdə olduğu hər gün ədalətsiz bir gündür. Georgi Qogianın Azərbaycana gedə bilməməsi, Rəsul Cəfərovun məhkəməsi, Azərbaycanda insan haqları müdafiəçiləri, bloggerlər və fəalların həbsi insan hüquqları sahəsində ciddi dəyişikliyin aydın göstəricisidir. Ölkəni monitorinq etdiyimiz 24 ildən çox müddət ərzində bu, ilk dəfədir ki, Human Rights Watch ölkəyə daxil ola bilmir. İlk dəfədir. Hüquq müdafiəçilərinin ölkəyə getməsinə icazə verilməyəndə, hüquq müdafiəçiləri saxta ittihamlarla məhkəməyə çıxarılanda, təşkilatların ofislərinə reydlər keçirilib onların fəaliyyəti dayandırılıb bağlayanda, onların maliyyə imkanlarından məhrum olanda bu, dərin transformasiyanın açıq göstəriciləridir və bütün bunlar Azərbaycanda çox qısa müddətdə baş verib.

"Ölkəni monitorinq etdiyimiz 24 ildən çox müddət ərzində bu, ilk dəfədir ki, Human Rights Watch Azərbaycana daxil ola bilmir."-Reyçel Denber

Dilşad Əliyarlı: Azərbaycan Avropa İttifaqının üzvüdür, Birləşmiş Ştatlarla münasibətləri var. Siczə, Qərbin Azərbaycana təzyiqləri təsirlidirmi?

Reyçel Denber: Avropa Şurası, BMT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar, həmçinin üzv ölkələr və Birləşmiş Ştatlar Azərbaycana təzyiqləri artırmalıdır. Fikrimcə, Azərbaycanla insan hüquqları sahəsində çox məşğul olmurlar. Bunun üçün qarşıda çox mühüm imkan da var. Bakıda ilk dəfə Avropa oyunlarının iki aydan az müddətdə inaqurasiyası olacaq. Əgər Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus, Arfi Yunus, Anar Məmmədli, Xədicə İsmayılova və başqaları oyunlara qədər həbsdən azad edilməsə, Avropa liderləri, ölkələri yüksək səviyyədə nümayəndə heyətini tədbirə göndərməməlidir.

Dilşad Əliyarlı: Sizin təşkilat Azərbaycanda siyasi məhbuslar probleminin həlli istiqamətində hansı fəaliyyətləri aparmağı planlaşdırır?

Reyçel Denber: Biz hər zaman Azərbaycanda siyasi məhbuslar problemini qaldırırıq. Biz son üç ildə, hökumətin təqibləri dövrü qanunsuz həbslər, saxta ittihamlar, hüquq müdafiçiləri, bloggerlər, araşdırmaçı jurnalistlər və dinc aksiya iştirakçılarının ədalətsiz məhkəmə proseslərinin bütün məqamlarını sənədləşdirmişik. Bu, bizim Azərbaycanla bağlı ən böyük narahatlığımızdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG