Accessibility links

ABŞ səfiri NDİ və Qarabağ münaqişəsindən danışıb [Video]


Morninqstar NDİ prosesinin uğurla sona çatacağına və münaqişə tərəfləri arasında online əlaqə yaradılması təklifini irəli sürüb

Azərbaycanda Milli Demokratiya İnstitutunun taleyi haqqında danışıqlar davam edir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərlə söhbətində bildirib.

“Bu, uzun prosesdir və biz prosesin uğurla yekunlaşacağına ümid edirik”, deyə səfir bildirib.

Azərbaycanda NDİ-nin fəaliyyəti kəskin tənqid edilir. Baş Prokuror təşkilatın fəaliyyətinin araşdırılması məqsədi ilə Amerikanın Azərbaycandakı səfirliyinə məktub göndərib. NDİ dəfələrlə ittihamları təkzib edərək, şəffaf və qanun çərçivəsində fəaliyyət göstərdiyini bəyan edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda Cənubi Qafqaz Forumunda çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunub.

“Biz dəqiq başa düşürük ki, Dağlıq Qarabağ münaqişəsində hazırkı “status kvo” məqbul deyil. Münaqişənin davam etməsinin Azərbaycan xalqı üçün çətin olduğunu anlayırıq”, o qeyd edib.

Səfir 1994-cü ilin mayından davam edən atəşkəs sazişini xatırladıb

“Bu saziş müharibənin qarşısını aldı. Amma müharibənin qarşısını almaq münaqişənin həlli üçün yetərli deyil. Bunu Minsk Qrupu da çox gözəl başa düşür. Hesab edirik ki, Minsk Qrupuna daha çox əzm lazımdır ki, sülhün yaradılmasında, tərəfləri kompromisə gətirəcək çərçivənin alınmasında nəyəsə nail olsunlar”.

R.Morninqstar münaqişənin həllində vətəndaş cəmiyyətlərinin rolundan da danışıb.

“Hər iki ölkədən vətəndaş cəmiyyətlərinin bu prosesdə iştirakı önəmlidir. Bunu Minsk Qrupunun həmsədrləri edə bilməz, tərəflər özləri etməlidir. Minsk Qrupunun fəaliyyətinə dəstək olaraq xalq diplomatiyasından istifadə olunmalıdır. Biz Azərbaycanda və Ermənistanda xalqla münasibətlərimizdə həm qadınlar, həm də uşaqlarla işləyirik ki, onlar iki ölkə arasında hazırkı “demonizasiya” (olduğundan çox düşmənçilik-TF) prosesini dayandırsınlar. Fikrimizcə iki tərəf arasında online əlaqələr yaratmaq olar, “Youtube”-də, “Facebook”-da müxtəlif qruplar yaradıla bilər”, o qeyd edib.

Səfir Azərbaycan və Ermənistandakı qadın fəalları münaqişənin həllinə cəlb etməyi vacib sayır.

“Qadınlar müharibədən daha çox əziyyət çəkir, mövcud vəziyyəti qəbul etmir”.

O Amerikanın sonadək problemin həllinə çalışacağını bəyan edib.

“Münaqişə Azərbaycanın acı problemidir və həll olunmalıdır. Çünki burada işğal faktından söhbət gedir”, o qeyd edib.
XS
SM
MD
LG