Accessibility links

Riçard Morninqstar: Biz bəyanatımıza sadiq olaraq qalırıq [Video-Müsahibə]


Riçard Morninqstar: Biz bəyanatımıza sadiq olaraq qalırıq
please wait

No media source currently available

0:00 0:12:10 0:00

Riçard Morninqstar: Biz bəyanatımıza sadiq olaraq qalırıq

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın Amerikanın Səsinə müsahibəsi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində Azərbaycanda prezident seçkilərinə ABŞ-nin münasibəti, Amerika-Azərbaycan münasibətlərinin perspektivləri və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindəki yeniliklərdən danışıb.


Sual: Azərbaycanda prezident seçkiləri başa çatıb. Seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz, beynəlxalq standartlara uyğundurmu?

Biz həmin bəyanata sadiq olaraq qalırıq.
Cavab: Biz 10 oktyabrda həm seçkiöncəsi, həm də seçki günü qiymətləndirilməsini əks etdirən bəyanat vermişik. Biz həmin bəyanata sadiq olaraq qalırıq. Əlavə etmək istəyirəm ki, bizim bəyanatımız seçkinin yekunlarını şübhə altına almır. Prezident Əliyev andiçmə mərasimi keçirərək prezident vəzifəsinin icrasına başlayıb.

Bizim həm hökumətlə, həm prezident Əliyevlə bir sıra məsələlərlə bağlı geniş, hər iki ölkənin marağında olan və eyni zamanda bu ölkənin vətəndaş cəmiyyəti üçün vacib olan bir sıra məsələlər üzrə əməkdaşlığımızı davam etdirməyimiz vacibdir. Bunlara demokratiya, Dağlıq Qarabağ, geosiyasi məsələlər daxildir. Həmçinin terrorizmlə mübarizə, iqtisadi diversifikasiya, enerji məsələləri də buna aiddir. Bütün bu məsələlər, xüsusilə demokratiya məsələsi çox önəmlidir və eyni zamanda bizim hökumətlə bu məsələlər üzrə əməkdaşlığımızı davam etdirməyimiz də vacibdir.

Sual: Azərbaycandakı prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bəyanatında seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, azad və ədalətli olmadığı qeyd edilir. Həmin bəyanatı ABŞ-da dəstəklədi. Amma, Azərbaycan tərəfi bəyan etdi ki, seçkilər demokratik keçirilib. Hətta Amerikanın seçki praktikasında qüsurlar var, amma Azərbaycanda yoxdur. Amerikanın seçki praktikası, seçki pozisiyası ilə Azərbaycanın seçki pozisiyası arasında oxşar və fərqli cəhətlər nədir?

Biz konstruktiv olmaq istəyirik.
Cavab: Mən belə deyərdim ki, biz seçkilərlə bağlı işlərimizi yaxşı yerinə yetiririk. Biz mükəmməl deyilik və heç bir demokratiya mükəmməl deyil. Demokratiya davamlı bir prosesdir. Hətta ABŞ kimi 237 il demokratiya quruculuğu üzərində işləyən bir ölkənin də demokratiyanı təkmilləşdirməyə ehtiyacı var. Biz bu işi davam etdirəcəyik, çünki bundan daha yaxşı sistem tanımırıq.

Azərbaycan öz demokratiyasını təkmilləşdirdiyi müddətdə biz Azərbaycanla əməkdaşlıq etmək istəyirik. Bu işi seçkilər və bir sıra digər məsələlərlə bağlı öz rəy və fikirlərimizi bildirməklə edirik. Biz konstruktiv olmaq istəyirik. Biz istəyirik ki, Azərbaycan öz demokratiyasını, iqtisadiyyatını daha da inkişaf etdirsin və malik olduğu potensialı gerçəkləşdirərək böyük bir ölkəyə çevrilsin.

Sual: Seçki dövründə, seçkiqabağı, müxalifətin seçkiyə hazırlığı dövründə bir çox şəxslər həbs edilib. O cümlədən, jurnalistlər həbsdədir. Bu yaxınlarda müxalifət liderlərindən birinin oğlu həbs edildi. Jurnalist Pərviz Həşimli həbs edildi. Həbslərə münasibətiniz necədir?

Azərbaycan hökumətini sərbəst toplaşmaq, birləşmək, mətbuat və söz azadlıqlarına, qanunun aliliyinə hörmət etməyə çağırmışıq və indi də çağırırıq.
Cavab: Biz həm seçkiöncəsi dövrdə, həm seçki dövründə, seçkidən sonra, eyni zamanda bundan sonra da Azərbaycan hökumətini sərbəst toplaşmaq, birləşmək, mətbuat və söz azadlıqlarına, qanunun aliliyinə hörmət etməyə çağırmışıq və indi də çağırırıq. Sizin istinad etdiyiniz həbslərlə bağlı, biz hökumət rəsmiləri qarşısında davamlı olaraq bu məsələləri qaldırmışıq və bu işləri görməkdə davam edəcəyik. Biz hökuməti şəffaf olmağa, müvafiq hüquqi prosedurlara əməl etməyə çağırırıq. Biz çox şadıq ki, Fərhad Əliyev və onun qardaşı əfv olunub azadlığa buraxılıblar. Ümidvarıq ki, müəyyən məhbusların azad olunması davam edəcək və bununla siyasi mühit daha açıq olacaq, genişləndiriləcək.

Sual: ABŞ-ın Azərbaycanla bağlı siyasətinin prioritetləri əsasən təhlükəsizlik, enerji və demokratiya məsələləridir. Amma, nədənsə daim enerji və təhlükəsizlik sahəsində irəliləyişlər əldə edilir, demokratiya sahəsində münasibətlər həmişə tənqid olunur. Səbəbi nədir?

Biz demokratiya sahəsi ilə bağlı səylərimizi davam etdirəcəyik.
Cavab: Mən sizin fikrinizlə razıyam ki, bizim ölkələrimiz arasında əsas prioritet sahələr təhlükəsizlik, enerji və demokratiyadır. Biz Azərbaycanla tərəfdaş ölkəyik və əlbəttə tərəfdaşlar arasında müəyyən fikir ayrılıqları olur. Biz həm razılaşmadığımız, razılığa gəlmədiyimiz sahələrdə, həm də razılaşdığımız sahələrdə əməkdaşlığımızı davam etdirməliyik. Biz demokratiya sahəsi ilə bağlı səylərimizi davam etdirəcəyik. Burada məqsəd hansısa fikir ayrılıqlarının daha da dərinləşməsinə, hansısa qarşı-qarşıya gəlməyə rəvac vermək deyil. Əksinə, biz bunu ona görə etmək istəyirik ki, bu məsələləri həll etməklə Azərbaycan özünün potensialına tam şəkildə nail ola bilər. Biz bütün bu məsələlərlə bağlı işimizi davam etdirəcəyik. Demokratiya və qeyd olunan digər məsələlər arasında əlaqə var.

Mən hesab edirəm ki, demokratiya sahəsində irəliləyişin əldə olunması Dağlıq Qarabağ məsələsinin həll olunmasına kömək edə bilər. Bu bütün ölkələrə aiddir. Biz demokratiya və digər məsələlərlə bağlı işimizi bundan sonra da səylə davam etdirəcəyik. Demokratiya məsələləri yalnız ABŞ üçün deyil, Azərbaycan və Azərbaycan vətəndaşları üçün də vacibdir.

Sual: Sizin də istinad etdiyiniz kimi, Amerikanın dövlət katibləri bildirib ki, Amerikanın ən yaxşı əlaqələri demokratik dövlətlərlə qurulur. Amma, seçkidən dərhal sonra siz Amerikanın Azərbaycanla, yeni hökumətlə səbirsizliklə əməkdaşlığını gözlədiyini bildirdiniz? Amerika ilə Azərbaycanın bundan sonra əməkdaşlığının gələcək perspektivləri nədən ibarət olacaq?

Sizin qeyd etdiyiniz bu iki fikirdə bir ziddiyyət görmürəm.
Cavab: İlk öncə qeyd etmək istəyirəm ki, sizin qeyd etdiyiniz bu iki fikirdə bir ziddiyyət görmürəm. Dövlət katibi Hilari Klinton ölkəyə səfər edərkən bildirmişdi ki, bizim ən güclü əlaqələrimiz demokratik ölkələrlədir. Buna görə də biz demokratik dəyərləri və prinsipləri daha da inkişaf etdirmək üçün Azərbaycan hökuməti və Azərbaycanın vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlığımızı səylə davam etdirəcəyik. Eyni zamanda bu məsələlərlə yanaşı sizə əvvəlki cavablarımda qeyd etdiyim sahələrdə də əməkdaşlığımızı davam etdirəcəyik.

Sual: Azərbaycan müxalifəti ilə əməkdaşlığınız necə olacaq? Seçkilərdə Milli Şura əsas müxalifət olduğunu göstərdi. Milli Şura ilə münasibətləriniz necə olacaq?

Əgər bu ölkədə demokratiyanın inkişafı lazımdırsa, önəmlidirsə bizim bütün siyasi partiyalarla əlaqələrimizin olması vacibdir.
Cavab: Bu vaxtadək bizim müxalifətlə, Milli Şura ilə yaxşı əlaqələrimiz olub və bundan sonra da həm Milli Şura ilə, həm də digər müxalifət rəhbərləri ilə əlaqələrimizi davam etdirəcəyik. Yeri gəlmişkən, bizim iqtidar partiyası ilə də çox yaxşı əlaqələrimiz var. Əgər bu ölkədə demokratiyanın inkişafı lazımdırsa, önəmlidirsə bizim bütün siyasi partiyalarla əlaqələrimizin olması vacibdir. Bu onun üçün lazımdır ki, biz onlardan öyrənə bilək. Onların ideyalarını fikirlərini öyrənək. Mən seçki kampaniyası ərzində dəfələrlə bildirdiyim fikri bir daha vurğulamaq istəyirəm ki, biz heç bir namizədi dəstəkləmirik, eyni zamanda da heç bir namizədə qarşı deyilik.

Sual: Müxalifətin prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 14-dən 24-dək Amerikada səfərdə olacaq. Onun rəsmi səviyyədə görüşləri nəzərdə tutulubmu?

Mənim Cəmil Həsənlinin səfərinin qrafikindən xəbərim yoxdur.
Cavab: İlk öncə, mənim onun səfərinin qrafikindən xəbərim yoxdur. Güman edirəm ki, o rəsmilərdən bəziləri ilə görüşəcək. Amma dəqiq kimlərlə görüşəcəyini bilmirəm. Eyni zamanda, onların müzakirələrinin, danışıqlarının mövzusu nədən ibarət olacaq, bunu da bilmirəm. Yəqin ki, cənab Həsənlinin özü bu barədə sizə məlumat verə bilər.

Sual: Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesini bundan sonra necə görürsünüz? Çünki Minsk formatı, həmsədrlik formatı cəmiyyətdə gülüş doğurur. Bəziləri “Üç müşketyor gəldi-getdi” və sairə lətifələr də qoşurlar. Reallıqda da bu format bir nəticə vermədi. Necə baxırsınız, gələcəkdə yeni bir format, yeni bir situasiya yarana bilərmi? Məsələn, 1996-cı ildə Madelen Olbrayt dövlət katibi olanda prezidentlərin birbaşa danışığını təklif etdi, bir qədər də davam etdi, son dövr Rusiya prezidenti Medvedevin təşəbbüsü ilə iki ölkə prezidentinin on görüşünün nəticəsi olmadı. Gələcək situasiyanı necə görürsünüz? Yeniliklər ola bilərmi?

Ümidvarıq ki, bu il ərzində hər iki ölkə prezidentləri arasında görüş baş tutacaq
Cavab: İlk öncə qeyd etmək istəyirəm ki, mən bütün azərbaycanlıların bu məsələnin nizamlanması istiqamətində irəliləyişin əldə olunmaması ilə bağlı və artıq 20 il keçməsinə baxmayaraq hansısa bir irəliləyişin, nəticənin əldə olunmaması ilə bağlı məyusluğunu anlayıram. Amma, mən sizi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz bu münaqişənin həll olunmasına sadiqik. Dövlət katibi Kerri bu məsələ ilə çox yaxından maraqlanır, bu işin həll olunmasını çox istəyir və maraqlıdır. Bizim yeni həmsədrimiz var. Səfir Uorlik bu məsələyə yeni yanaşma gətirir, yeni yanaşma sərgiləyir. Mən bunu ona görə deyirəm ki, cənab Uorlikin Bakıda prezident və xarici işlər naziri ilə iki görüşündə iştirak etmişəm. Düşünürəm ki, o da, biz də Ermənistanda və Azərbaycanda seçkilərin başa çatmasından sonra bir fürsətin yaranmasını görürük. Ümidvarıq ki, bu il ərzində hər iki ölkə prezidentləri arasında görüş baş tutacaq. Biz əlimizdən gələni edəcəyik, Minsk qrupu vasitəsi ilə səylərimizi davam etdirəcəyik və səfir Uorlikin səyləri vasitəsi ilə yeni yaradıcı yanaşmalar vasitəsi ilə ümidvarıq ki, bütün bunların vasitəsi ilə hazırkı ölü nöqtədən, dalandan məsələnin irəli getməsinə, irəliləyişin əldə edilməsinə nail olacağıq.

Səfir Uorlik bu məsələyə yeni yanaşma gətirir, yeni yanaşma sərgiləyir.
Sual: Amma, səfir Uorlikin Azərbaycana səfəri zamanı cəbhə xəttində, xüsusilə də Azərbaycan-Ermənistan sərhədində atışma qeydə alındı, gərginlik oldu. Ermənistanın baş naziri bəyan etdi ki, buna cavab veriləcək. Belə görünür ki, gərginlik artacaq. Gərginliyin qarşını almaq üçün ABŞ hansı addımlar ata bilər?

Cavab: Hesab edirəm ki, bu məsləyə ATƏT-in Minsk qrupu və həmsədrlər cavab verməlidirlər. Onu da əlavə etmək istəyirəm ki, bu cür çıxışlar, bu cür ritorika prosesə hər hansı köməklik göstərmir. Ümidvarıq ki, bütün tərəflər gərginliyin artmasına gətirib çıxaracaq hər hansı bir addımların atılmasından çəkinəcəklər.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG