Accessibility links

Riçard Morninqstar: Bu elə oyun deyil ki, tərəflərdən biri hər şeyi uduzmalı, digəri hər şeydə qalib olmalıdır


ABŞ səfiri Riçard Morninqstar

ABŞ səfiri Riçard Morninqstar

Amerika səfiri ABŞ-Azərbaycan münasibətləri, Ukrayna hadisələri və Azərbaycanda insan haqlarından danışıb

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” qəzetinə müsahibə verib. Səfir ABŞ-Azərbaycan münasibətləri, Ukraynada baş verən proseslər və Azərbaycanda insan haqları, azad mətbuata qarşı olan basqılarla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Cənab səfir, ilk olaraq bütün dünyanın diqqətini cəlb edən hadisə ilə bağlı sual ünvanlamaq istərdik. Rusiya ilə Ukrayna arasında gərginlik hələ də qalmaqdadır. ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və proseslərin gələcək inkişafını necə dəyərləndirir?

Rusiyanın Krım yarımadasındakı son addımları beynəlxalq hüquqa ziddir, onlar beynəlxalq hüququ pozur.
- Açığını desəm, Ukraynadakı son hadisələr, vəziyyət dəyişkən və qeyri-sabitdir. Mənim bu məsələlər barəsində detalları ilə danışmağım çətindir. Ukraynadakı vəziyyətlə bağlı prezident Obama və dövlət katibi Kerri tərəfindən bizim ölkənin mövqeyini əks etdirən bir çox ictimai bəyanatlar verilib. Amma onu qeyd etməliyəm ki, Rusiyanın Krım yarımadasındakı son addımları beynəlxalq hüquqa ziddir, onlar beynəlxalq hüququ pozur. Son addım eyni zamanda Ukraynanın ərazi bütövlüyünə ziddir və onu pozur. Mən bu sözlərdən əlavə olaraq sizi bizim yüksək rütbəli dövlət rəsmilərinin verdikləri bəyanatlara istinad etməyə çağırıram.

- ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumu necədir və Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

Biz Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləməkdə davam edirik.
- Hesab edirəm ki, Azərbaycanla ABŞ arasında münasibətlər yaxşıdır və biz Azərbaycanla güclü tərəfdaşlığımızı davam etdiririk. Biz Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləməkdə davam edirik. Ölkələrimiz arasında müzakirə olunan çoxlu məsələlər var. Onlar sırasında xüsusilə demokratiyaya aid məsələlər var. Biz bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirəcəyik. Eyni zamanda biz hər iki ölkənin ortaq maraqları üzrə fəaliyyətimizi davam etdiririk. Bunların sırasında geosiyasi sabitlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, terrorizmə qarşı birgə mübarizə ilə bağlı əməkdaşlığı göstərmək olar. Eyni zamanda Əfqanıstanla bağlı ölkələrimiz arasındakı əməkdaşlığı da yüksək dəyərləndiririk. Biz iqtisadi sahədə də əməkdaşlığımızı davam etdiririk. Bura yalnız enerji məsələləri daxil deyil, biz eyni zamanda Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi üçün qeyri neft sektorunun inkişafına da köməklik göstəririk. Bir çox ölkələr arasında qarşılıqlı əlaqələrdə mürəkkəb məqamlar olur. Biz çalışırıq ki, əlaqələrimizdə balansı qoruyaq. Ortaq maraqlarımız üzrə fəaliyyətimizi davam etdirməklə yanaşı, mürəkkəb məsələlərdə də irəliləyişə nail olaq.

- Son günlər ABŞ-Azərbaycan münasibətlərində daha bir məqam diqqəti çəkir. Söhbət ABŞ Senatının iki əməkdaşı və jurnalist Xədicə Ismayıl barədə yaranan qalmaqaldan gedir. Onların Azərbaycana gəlməsi, burada görüşlər keçirməsi böyük qalmaqalla nəticələndi. Faktiki bu şəxslər Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olundu. Sizin bu məsələyə münasibətiniz?

Bu cür iddiaları irəli sürən şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq, sarsıtmaq istəyirlər.
- Əvvəla, mən bu hadisəni qalmaqal kimi qiymətləndirməzdim. Çünki ortada baş verəni qalmaqal adlandırmaq üçün kifayət qədər əsas yoxdur. Mən əvvəl də qeyd etmişdim ki, senatın iki əməkdaşının səfəri ilə bağlı irəli sürülən iddialar o qədər cəfəng və yanlışdır ki, onlara münasibət bildirməyə belə dəyməz. Onu da əlavə etmək istəyirəm ki, bu cür iddiaları irəli sürən şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq, sarsıtmaq istəyirlər. Düşünürəm ki, bizim ona yol verməməyimiz önəmlidir. ABŞ-la Azərbaycan arasındakı münasibətlərin önəmi barəsində artıq danışmışam. Biz ortaq maraqlarımıza aid məsələlər üzrə işimizi davam etdirməliyik. Fikir ayrılığının olduğu demokratiya ilə bağlı məsələlərdə də əməkdaşlığımızı davam etdirməliyik. Biz bunu yalnız o halda edə bilərik ki, aramızda güclü, konstruktiv münasibətlər olsun. Əgər biz müəyyən şəxslərə ölkələrimiz arasında əlaqələri pisləşdirməyə imkan yaratsaq, o zaman dediyimiz o məqsədləri həyata keçirə bilmərik.

- Azərbaycan hazırda seçim qarşısındadır. Bir tərəfdən Avroatlantik məkana inteqrasiya, digər bir tərəfdən isə Putin Rusiyasının Gömrük Komitəsi var. Sonuncu bu və ya başqa formada Sovet Ittifaqını yenidən bərpa etməyə çalışır. Sizcə, Qərb Azərbaycanın Avrointeqrasiya istiqamətində ciddi addımlar atmasına nə dərəcədə kömək edə bilər?

Rusiya ilə Azərbaycan arasında yaxşı əlaqələr olmalıdır..
- Hesab edirəm ki, burada söhbət Qərbin Azərbaycanı hər hansı bir tərəflə əməkdaşlıqdan yayındırmaq və ya çəkindirmək cəhdlərindən getmir. Mən Azərbaycanın suveren və müstəqil dövlət olmasının əhəmiyyətini bir daha vurğulamaq istəyirəm. Azərbaycan özü qərar verməlidir. Azərbaycan bu seçimi edərkən nə Rusiya, nə Avropa Birliyi, nə də ABŞ tərəfindən təzyiqə məruz qalmamalıdır. Bu elə bir oyun deyil ki, burada tərəflərdən biri hər şeyi uduzmalı, digər bir tərəf isə hər şeydə qalib olmalıdır. Rusiya Azərbaycanın qonşusudur. Bəllidir ki, bu iki dövlət arasında uzunmüddətli tarixi əlaqələr olub. Rusiya ilə Azərbaycan arasında yaxşı əlaqələr olmalıdır. Eyni zamanda Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə ticarət, tərəfdaşlıq əlaqələri olmalıdır. Bu istər Avropa Birliyi olsun, istər ABŞ, istərsə də başqa bir dövlət. Bu, Azərbaycanın marağındadır. Azərbaycan hər hansı bir təzyiq olmadan seçimini etməlidir.

- Cənab səfir, bildirdiniz ki, Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən, demokratiya ilə bağlı əlaqələr var. Amma təəssüflər olsun ki, bu sahədə durum son zamanlar olduqca pisləşib. Həbslər davam edir, QHT-lərlə bağlı qanunvericiliyə xeyli sayda mürtəce dəyişikliklər edilib. Bunlar Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə ciddi problemlər yaradacaq dəyişikliklərdir. Bu məsələlərlə bağlı ABŞ hökuməti Azərbaycan iqtidarı ilə müzakirələr aparırmı və vəziyyət dəyişə bilərmi?

Ilqar Məmmədovun, Tofiq Yaqublunun, “NIDA”çıların, Anar Məmmədlinin məhkəmə işləri, eyni zamanda QHT-lərlə bağlı qanunvericiliyə ediləcək dəyişiklikləri müntəzəm olaraq qaldırmışıq və bu istiqamətdə davam edəcəyik
- Bəli, sizin qaldırdığınız bütün məsələləri müzakirə edirik. Ilqar Məmmədovun, Tofiq Yaqublunun, “NIDA”çıların, Anar Məmmədlinin məhkəmə işləri, eyni zamanda QHT-lərlə bağlı qanunvericiliyə ediləcək dəyişiklikləri müntəzəm olaraq qaldırmışıq və bu istiqamətdə davam edəcəyik. Ümidvarıq ki, bu məsələlərlə bağlı müəyyən irəliləyiş əldə olunacaq. Azərbaycan hakimiyyəti ilə burada sadalanmayan digər məsələlərlə bağlı da əməkdaşlıq edirik.

- ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları ilə bağlı hesabatına qarşı hökumət nümayəndələri çox ciddi təpki göstərdi. Hətta hakim partiya üzvləri parlamentdə ABŞ hökumətini Əfqanıstanda narkoticarəti himayə etməkdə ittiham etdi. Hesab edirik ki, bu, münasibətlərin gərginliyini göstərir və situasiyadan çıxış yolu nədir?

Biz istəyirik ki, Azərbaycanla bu istiqamətdə işimizi davam etdirək və Azərbaycan demokratik, bazar yönümlü ölkə kimi öz potensialına tam nail olsun.
- Əgər söhbət narkoticarətdən gedirsə, biz əlbəttə ki bu işlə məşğul olanlara dəstək və köməklik göstərmirik. Biz Dövlət Departamentinin hesabatının arxasında dayanırıq. Biz düşünürük ki, hesabatda düzgün məlumatlar əks olunub. Hesabatda baş vermiş müsbət, pozitiv məqamlar barədə də məlumat vermişik. Hesabatda korrupsiyaya qarşı mübarizə halları, yaradılmış “Asan Xidmət” haqqında yazmışıq. Düşünürük ki, bu müsbət təşəbbüsdür. Ötən illər ərzində insan alverinə qarşı mübarizə istiqamətində baş vermiş irəliləyişləri də qeyd etmişik və digər müsbət məqamları qeyd eləmişik. Amma eyni zamanda bizi narahat edən məsələləri də orada qaldırmışıq. Biz bu məsələləri Azərbaycanı tənqid etmək, utandırmaq üçün qaldırmamışıq. Biz ona görə bu məsələləri qabartmışıq ki, bunlar bizi maraqlandırır və bizim üçün önəmlidir. Biz istəyirik ki, Azərbaycanla bu istiqamətdə işimizi davam etdirək və Azərbaycan demokratik, bazar yönümlü ölkə kimi öz potensialına tam nail olsun. Bizi ən çox maraqlandıran məsələ Azərbaycanın uğurudur.

- Hesabatda diqqət çəkən məqamlardan biri də budur ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçirilsə də, ölkə vətəndaşları növbəti dəfə dinc yol ilə hakimiyyəti dəyişmək imkanından məhrum edildilər. Azərbaycan vətəndaşı dinc yol ilə hakimiyyəti dəyişməkdən məhrumdursa, başqa nə edə bilər?

Dövlət Departamentinin hesabatının arxasında dayanırıq.
- Bir daha qeyd etmək istəyirəm ki, biz Dövlət Departamentinin hesabatının arxasında dayanırıq. ABŞ hökumətinin niyyəti Azərbaycanda hakimiyyəti dəyişmək deyil. Azərbaycandakı seçkilər Azərbaycan xalqının işidir. Biz inanırıq ki, daha açıq, plüralist, güclü vətəndaş cəmiyyətinin olması həm Azərbaycan, həm də digər ölkələr üçün faydalıdır.

- Bir neçə gün bundan əvvəl AXCP-nin qərargahında partlayış baş verdi və sonradan partlayışın bilərəkdən təşkil edildiyi ilə bağlı məlumat yayıldı. Daha sonra AXCP həmin binadan çıxarıldı və bina qəzalı elan edilərək söküldü. Səkkiz il qərargahsız fəaliyyət göstərən AXCP icarəyə götürdüyü qərargahdan belə çıxarıldı. Sizin baş verənlərə münasibətiniz necədir?

Amma bu yaxınlarda AXCP-nin bir neçə üzvünün həbs edilməsi, partiyanın qərargahından çıxarılması narahatlıq doğurur.
- Bizdə baş verənlər barədə məlumat mediada dərc olunan informasiyalardan və hadisə iştirakçılarının dediklərindən ibarətdir. Biz vəziyyəti yaxından izləyirik. Hesab edirəm ki, yekun qənaətə gəlmək üçün bizdə kifayət qədər məlumat yoxdur. Amma bu yaxınlarda AXCP-nin bir neçə üzvünün həbs edilməsi, partiyanın qərargahından çıxarılması narahatlıq doğurur. Bu olayların səbəbləri də bizə məlum deyil. Mən bir daha təkrar edirəm ki, Azərbaycanın plüralist sistemə malik olması ölkənin davamlı inkişafı üçün önəmlidir. Ölkədəki müxtəlif tərəflərin - vətəndaş cəmiyyətinin, hökumətin, siyasi partiyaların və digər şəxslərin fikirlərinin cəlb edildiyi dialoqun olması önəmlidir. Bu, Azərbaycan üçün faydalı olardı. Bir daha vurğulamaq istəyirəm ki, bu məsələlər ölkələrimiz arasındakı əlaqələrin çox önəmli bir hissəsidir. Bizim balanslaşdırılmış əlaqələrimiz var.

- Ukrayna hadisələri zamanı biz ABŞ və Avropa Birliyinin fəal diplomatiyasının şahidi olduq. Amma Azərbaycan vətəndaşları hesab edir ki, Qərb, xüsusilə ABŞ Azərbaycanda baş verənlərlə bağlı bu cür fəal diplomatiya yürütmür. Bunun səbəblərin bilmək istərdik?

- Bu iki ölkəni müqayisə etmək asan deyil. Əlbəttə elə düşünmək lazım deyil ki, bizim bir ölkədə etdiklərimiz digər ölkəyə uyğundur və orada tətbiq oluna bilər.

- Azərbaycanda son dövrlər mətbuata təzyiqlər artıb. Mətbuat yayımına ciddi problemlər yaradılıb ki, bu da azad mətbuatı ağır vəziyyətə salıb. Sizin hökumətin Azərbaycanda azad mətbuatın qorunub saxlanması üçün hansısa səyləri varmı?

“Azadlıq” qəzeti kimi bir mətbu orqanının bağlanması Azərbaycan xalqı üçün böyük itki ola bilər.
- Biz əlbəttə ki, Azərbaycanda müstəqil mətbuatı dəstəkləyirik. “Azadlıq” qəzeti kimi bir mətbu orqanının bağlanması Azərbaycan xalqı üçün böyük itki ola bilər. Siyasi plüralizm Azərbaycanın gələcəyi üçün vacibdir. Azərbaycanlıların müxtəlif siyasi fikirlərin ifadə olunduğu mətbu orqanlarına çıxışı olmalıdır ki, onlar müstəqil şəkildə öz fikir, ideya baxışlarını formalaşdıra bilsinlər. “Azadlıq” qəzeti 1989-cu ildən fəaliyyət göstərir. “Azadlıq” Azərbaycanın həyatında vacib, önəmli rol oynayıb və biz ümid edirik ki, o, bu rolu oynamaqda davam edəcək.
XS
SM
MD
LG