Accessibility links

Riçard Morninqstar: Səfir Uorlik aydın bəyan edib - Dağlıq Qarabağın ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerika səfiri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Beynəlxalq Sülh naminə Karnegi Fondunda verdiyi bəyanat çox önəmlidir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün Amerikanın Azərbaycandakı konsulluğunda Work and Travel (WAT) proqramı ilə bu ölkəyə səfər edəcək Azənbaycan vətəndaşına viza təqdimatından sonra jurnalistlərə bildirib.Səfir bildirib ki, cənab Uorlikin bəyanatında səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox doğru şəkildə əks etdirir. “Bəyanatın əsas məqsədi həm Azərbaycan, həm də Ermənistanı münaqişənin birdəfəlik dinc yolla həll edilməsi üçün zəruri addımlar atmağa çağırmaq və həvəsləndirməkdir".

Morninqstar deyib ki, səfir Uorlikin çıxışında münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6 prinsip öz əksini tapıb. "Səfir Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır. Həmsədr ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri əsasında Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasının vacibliyini vurğulayıb”.

Səfir xatırladıb ki, danışıqların artıq 20 ilə qədər davam etməsi məyusedicidir. "Ümidvarıq ki, hər ki tərəfdən müsbət addımların şahidi olacağıq".

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mayın 7-də Vaşinqtonda Beynəlxalq Sülh naminə Karnegi Fondunda " Dağlıq Qarabağ: Münaqişənin nizamlanma yolları” mövzusunda çıxış edib.

Çıxışın Azərbaycan dilində tam mətnini buradan oxuya bilərsiniz:

(http://photos.state.gov/libraries/azerbaijan/749085/highlights/Amb_Warlick_NK_Settlement_az.pdf)

Cənab Uorlik bildirib ki, BMT-nin Nizamnaməsi, müvafiq sənədlər və Helsinki Yekun Aktının əsas prinsipləri sazişin əsasını təşkil edir. Həmin prinsiplər güc tətbiq etməmək və güc tətbiq etməklə təhdid etməmək, ərazi bütövlüyü və xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsidir.

Sözügedən təməl prinsiplərə əsasən əldə olunacaq hər hansı sülh sazişinin tərkib hissəsi olacaq altı element var. Həmin elementlərin ardıcıllığı və detalları danışıqlar mövzusu olaraq qalsa da, onlar bir vahid kimi qəbul edilməlidir. Bəzi elementləri digərlərindən üstün tutmaq üçün istənilən cəhd balanslaşdırılmış həllə nail olmağı mümkünsüz edəcəkdir.

Hər hansı bir ardıcıllıq güdmədən həmin elementlər aşağıdakılardır:

Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər qarşılıqlı razılıq və gələcəkdə hüquqi cəhətdən məcburi olan iradənin ifadəsi ilə yekun statusu müəyyən etməlidirlər. Bu ixtiyari deyil. Müvəqqəti status müvəqqəti olacaqdır.

İkincisi, rəsmi Bakının nəzarəti altında olmayan keçmiş Dağlıq Qarabağ Müxtar Vilayəti sərhədləri daxilindəki əraziyə elə bir müvəqqəti status verilməlidir ki, minimum, təhlükəsizlik və özünüidarəyə zəmanət versin.

Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət olunmadan orada heç bir məskunlaşma aparıla bilməz və həmin ərazilər üzərində nəzarət bərpa olunmalıdır.

Dördüncüsü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Dəhliz təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin, dəhliz Laçın rayonunu bütünlüklə əhatə edə bilməz.

Beşincisi, davamlı nizamlanma qaçqınların və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması hüquqlarını tanımalıdır.

Altıncı və sonuncusu, nizamlanma sülhyaratma əməliyyatının daxil olunduğu beynəlxalq təhlükəsizlik təminatını əhatə etməlidir. Bütün tərəflərin etimad etdiyi yaxşı düşünülmüş sülhyaratma əməliyyatı olmadan sülhün təmin edilə biləcəyi variant yoxdur.
XS
SM
MD
LG