Accessibility links

Riçard Morninqstar ABŞ-ın Azərbaycanda səfiri kimi and içib


Cənab Morninqstarın yaxın zamanlarda Bakıya gəlişi gözlənilir

İyulun 20-də ABŞ Dövlət Departamentində Birləşmiş Ştatların Azərbaycanda səfiri vəzifəsinə təyin olunmuş Riçard Morninqstarın andiçmə mərasimi keçirilib. Mərasim ABŞ dövlət katibi Hillari Klintonun iştirakı ilə keçib.

ABŞ prezidenti Barak Obama Riçard Morninqstarın Azərbaycanda səfir vəzifəsinə namizədliyini aprel ayında irəli sürmüşdü. Senat Riçard Morninqstarı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə iyun ayının 30-da təsdiq etmişdir.

Cənab Morninqstarın andiçmə mərasimindən sonra yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.

Riçard Morninqstar 2009-cu ildə ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

Səfir Morninqstar 1999-2001-ci illərdı ABŞ-ın Avropa İttifaqında səfiri olmuşdur. Bundan öncə isə o, ABŞ prezidenti və dövlət katibinin Xəzər hövzəsində enerji diplomatiyası məsələləri üzrə xüsusi nümayəndəsi kimi çalışmışdır. Bu vəzifədə o, ABŞ-ın Xəzər hövzəsində energetika və nəqliyyat sahələrinin inkişaf etdirilməsi istiqamətində siyasətinə yardım göstərmək məqsədilə yerli hökumətlər və beynəlxalq təşkilatların birgə səylərinin koordinasiyasını təmin etməli idi.

Riçard Morninqstar habelə Birləşmiş Ştatlar prezidenti və dövlət katibinin MDB dövlətlərinə yardım məsələləri üzrə xüsusi müşaviri olmuşdur.

Riçard Morniqstat 1945-ci ildə Massaçusets ştatında anadan olmuşdur. O, 1967-ci ildə Harvard universitetini bitirmiş, 1970-ci ildə Stanford universitetində hüquqşünaslıq üzrə master dərəcəsi almışdır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG