Accessibility links

Rita İsmayılova: Ebola virusunun keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür


Ebola virusu

Ebola virusu

Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdirinin Amerikanın Səsinə müsahibəsi

Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova Amerikanın Səsinə müsahibəsində Ebola virusunun yayılma riskləri, insanlar bu virusdan özünü necə qoruması, virus daşıyıcılarının ölkəyə daxil olmaması üçün görülən tədbirlərdən, dərman ehtiyatlarından danışıb.

Amerikanın Səsi: Azərbaycanda Ebola virusunun yayılma ehtimalları varmı? Nə qədər realdır?

Rita İsmayılova: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Azərbaycan risk qrupuna daxil olan ölkə deyil. Ölkəmizə xəstəlik yalnız keçirilmə yolu ilə gələ bilər. Bunun qarşısını almaq üçün səhiyyə nazirinin “Ebola virusuna qarşı profilaktik tədbirlərin keçirilməsi haqqında” müvafiq əmri olub. Hazırda profilaktik tədbirlər görülür ki, xəstəlik bizim respublikaya keçməsin.

Amerikanın Səsi: Hava limanlarında, vağzallarda, ölkənin sərhədlərində hansı tədbirlər görülür?

Rita İsmayılova: Səhiyyə nazirinin müvafiq tapşırıqları olub, o cümlədən Respublika Sanitariya Karantin Müfəttişliyinin rəisinə tapşırıq verib ki, sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaratsın. Virus müşahidə edilən ölkələrdən Azərbaycana gələn insanların üzərində tibbi müşahidənin təmin edilməsi təşkil edilsin.

Amerikanın Səsi: Ebola virusu yayılmış ölkələrlə Azərbaycanın ticarət əlaqələri varmı? Həmin ölkələrdən gətirilən məhsullar vasitəsi ilə virusun Azərbaycana keçə bilməsi nə qədər realdır?

Ebola virusu

Ebola virusu

Rita İsmayılova: Sözsüz ki, ticarət əlaqələrimiz var. Bütün instansiyalarda qabaqlayıcı tədbirlər görülür, nümunələr götürülür, yoxlanılır ki, xəstəlik ölkəmizə keçməsin.

Amerikanın Səsi: Azərbaycanda dərmanlar, palataların hazırlanması baxımından hazırlıq işləri necədir? İnsanlar hansı xəstəxanalara müraciət edə bilər?

Rita İsmayılova: Xəstəliyə şübhə olarsa, həmin şəxslər Elmi-Tədqiqat Ağ Ciyər İnstitutuna müraciət edə bilər. Bu institutda palatalar təşkil edilib və xüsusi şərait yaradılıb. Yəni əks təzyiqli otaqlar, simptomatik müalicə üçün dərman preparatları və s. Orada insanları qəbul etmək üçün bütün avadanlıqlar və ləvazimatlar var.

Amerikanın Səsi: Xəstəliyin ilkin əlamətləri necədir? Necə büruzə verir?

Rita İsmayılova: Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, baş ağrısı, qripəbənzər simptomlarla başlayır, ürəkbulanma, qusma və qanaxmalarla nəticələnir.

Amerikanın Səsi: İnsanlar virusa yoluxmamaq üçün nə etməlidir?

Rita İsmayılova: İnsanlar virusa yoluxmamaq üçün əsasən fərdi gigiyenik qaydalara əməl etməlidir. İnsanlar çox olan yerlərdə özünü qorumaq lazımdır. Bu zaman maskalardan istifadə edilməli, lazım olmayan əşyalara toxunmamaq, əlləri tez-tez sabunla yumaq lazımdır.

Amerikanın Səsi: Virus hansı yollarla yayıla bilər?

Rita İsmayılova: Virus xəstə heyvanlardan, əsasən meyvə yarasaları, insanabənzər meymunlardır və s.- yayılır. Xəstə heyvanlara toxunan zaman onların bioloji mayeləri, - qan, sidik, tüpürcək və sairə, - eləcə də xəstə insanın da bioloji mayeləri təhlükəlidir.

XS
SM
MD
LG