Accessibility links

Güneydə ‘meyar dil’ - ‘Təbriz ağzı’ və ‘İstanbul Türkcəsi’ mövzuları [Audio-Müsahibə]


Məhəmməd Rza Heyət

Məhəmməd Rza Heyət

Türkoloq M.Rza Heyət İranda türk dili ilə bağlı dövlət siyasətini dəyərləndirir

Türkoloq alim Məhəmməd Rza Heyət Amerikanın Səsi ilə söhbətdə Urmiyə Universitetində “İstanbul Türkcəsi Dili və Ədəbiyyatı” adlı bölümün açılması eləcə də, rəsmilərin güneydə Türkiyə və Azərbaycan Respublikasındakı yazı dilindən fərqli bir “meyar dil” yaratmaq istiqamətində cəhdlərini dəyərləndirib. “Varlıq” dərgisinin redaktoru və Ankara Universitetinin güneyli müəllimi “İstanbul Türkcəsi”nin yanlış və qeyri-elmi bir termin olduğunu, “Təbriz ağzı”nın isə meyar bir dil olma xüsusiyyətlərinə sahib olmadığını vurğulayır.

“Burada əsas məsələ dilimizin adlandırılması ilə bağlıdır. Yəni bizi türk və dilimizi türkcə olaraq qəbul etmədikləri üçündür...,” deyə Heyət İran Azərbaycanında türk dili ilə bağlı yürüdülən rəsmi siyasəti tənqid edir.

Urmiyə Universitetindəki “İstanbul Türkcəsi Dili və Ədəbiyyatı” bölümünə dair düşüncələrini ifadə edən türkoloq adlandırmanın yanlış olmasına baxmayaraq bölümün açılmasının faydalı və önəmli bir addım olduğunu müdafiə edir.

Hər iki bölüm və bəlkə də bundan sonra açılacaq olan bölümlərin açılması bizim üçün faydalıdır. Bunlar iki dövlət arasındakı qarşılıqlı sözləşmələrə əsasən açılır və buna görə də genəlliklə universitetlərin xarici dillər fakültəsində yer alır. Türkcənin yabançı dil olduğunu göstərmək üçün də bölümə İstanbul Türkcəsi Dili və Ədəbiyatı adı verilir.

İran mətbuatının məlumatına görə, Tehranın Əllamə Təbatəbai Universitetindən sonra Urmiyə Universiteti də 2015-2016-cı tədris ilində İstanbul Türkcəsi Dili və Ədəbiyyatı ixtisasının tədrisinə başlayıb və ilk dönəmdə 30 tələbə qəbul edəcək.

Güneyli alim bu bölümlərin Türkiyə və İran dövlətləri arasındakı anlaşmalara əsasən açıldığını bildirir.

“Hər iki bölüm və bəlkə də bundan sonra açılacaq olan bölümlər bizim üçün faydalıdır. Bunlar iki dövlət arasındakı qarşılıqlı sözləşmələrə əsasən açılır və buna görə də genəlliklə universitetlərin xarici dillər fakültəsində yer alır. Türkcənin yabançı dil olduğunu göstərmək üçün də bölümə İstanbul Türkcəsi Dili və Ədəbiyatı adı verilir,” deyə o qeyd edir.

Heyətin bildirdiyinə görə, “Təbatəbai universitetindəki bölüm keçən 13 il içində bütün sıxıntılara rəğmən fəaliyyətini sürdürüb. Bölüm öyrəncilərinin bir qısmı məzun olduqdan sonra yüksək lisans və doktorluq üçün Türkiyə və Azərbaycana gedir və orada özlərini gəlişdirirlər.”

Güneyli türkoloq “əski türkcə, ortaq türkcə və türk dilinin tarixi qaynaqlarının” tədris olunmasını eləcə də, Türkiyədə istifadə edilən türkcənin Türk Dünyasında ortaq irtibat dili olması kimi məqamları nəzərə çatdıraraq bu bölümlərin fəaliyyətinin son dərəcə önəmli və faydalı olduğunu önə çəkir. Onun dediyinə görə, Türkiyə Türkcəsini öyrənən biri Azərbaycan Türkcəsinin də böyük hissəsini öyrənmiş olar.

Bu bölümün Urmiyə Universitetində olmasının xüsusi önəm daşıdığına diqqət çəkən M.Rza Heyət bunların hansı universitetlərdə açılmasının qismən də tələb edən ölkə, yəni Türkiyənin istəyinə görə müəyyən edildiyini deyir.

Azərbaycan Quruluşunun katibi Səfipur: İstanbul və Bakı dilindən fərqli bir meyar dil yaratmaq önəmli prioritetlərimizdəndir.

Azərbaycan Quruluşunun katibi Səfipur: İstanbul və Bakı dilindən fərqli bir meyar dil yaratmaq önəmli prioritetlərimizdəndir.

Onun söylədiklərinə görə, Türkiyənin başqa şəhərlərdə də bölüm açma tələbi var. Təbriz, Zəncan və hətta Şiraz universitetləri üçün də belə bir tələb vardır. Amma onların nə zaman həyata keçiriləcəyi bəlli deyil.

Türkiyə universitetlərindəki fars dili bölümləri ilə müqayisədə İranda türk dili bölümləri daha məhdud bir şəkildə və daha az universitetdə fəaliyyət edirlər. Məhəmməd Rza Heyət bunun səbəbinin İran hakimiyyətinin türk dilinə baxışı ilə bağlı olduğunu söyləyir:

“Fars dili Türkiyə üçün bir güvənlik məsələsi sayılmır. Yəni buna bir təhlükəsizlik məsələsi kimi baxmır. Ehtiyaclarına görə istədikləri dildə bölümlər açılır, o cümlədən də farsca da. Ancaq 90 ildir ki, İranda türkcə bir güvənlik məsələsi kimi ələ alınır. İşin siyasi tərəfi ağırlıq basır.”

Heyət Urmiyə və Əllamə Təbatəbai universitetlərdəki bölümlərin fəaliyyəti ilə bərabər bu təhlükəsizlik istiqamətli yanaşmanın ortadan qaldırılmasını ümid edir: “Bu ikili anlaşmalar nəticəsində belə bir bölümlərin açılması ilə yavaş- yavaş bəlkə dil məsələsi də təhlükəsizlik məsələsi kimi görünməkdən çıxar, o qorxu ortadan qalxar və türkologiya sahəsində də ciddi araşdırmalar aparıla bilər.”

Ankara Universitetində Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün müəllimi universitetdə tədris olunan bir ixtisas üçün verilən adda “İstanbul Türkcəsi” ifadəsinin işlədilməsini akademik və elmi baxımdan yanlış olduğunu deyir.

Təbriz ağzı bir neçə səbəbdən dolayı meyar dil ola bilməz. Birincisi Təbriz ağzı keçən 90 ildəki siyasətlər nəticəsində pozulmuş, ikincisi, ağız özəllikləri olaraq da türkcəmizin qaydalarını tam olaraq riayət etmir. Türkiyədə İstanbul ağzı əsas alındığı zaman, o ən gəlişmiş ağız idi. Amma İranda, bu gün bu durumda gəlişmiş bir ağızdan danışmağımız komik bir şeydir, o 90 il assimilyasiyadan sonra.

Onun dediklərinə görə, “Türkiyə Türkcəsi genəl türk dilinin bir ləhcəsidir... Hər bir ləhcə üçün ayrı bir bölüm açılarsa sadəcə bir universitetdə 30 fərqli bölümün açılması gərəkə bilər. Dünyada bunun bənzərini görməmişəm. Bunun elmi açıqlaması yoxdur, siyasi olaraq belə yorumlana bilər; biz bu ləhcələri ayrı-ayrı müstəqil dillər olaraq görürük ki, bu da bunların birinin türkcə olmadığı anlamına gələr.”

Güneyli alimin fikrincə, məsələyə siyasi baxılmasa bu növ bölümlərin fəaliyyəti daha yaxşı inkişaf edə bilər:

“Bu bölümlər türk dili və ədəbiyyatı adı ilə açılsaydı, orada həm Azərbaycan, həm Türkiyə ləhcələri öyrədilə bilərdi. Gələcəkdə isə digər türk ləhcələri də ona əlavə olunardı... Bu bölümdə Divanu Luğati-t-Türk ya Gök Türk dönəmi də öyrədilir, siz bunlara Türkiyə Türkcəsi deyə bilməzsiniz.”

Ankara Universitetinin müəllimi Türkiyə universitetlərində türk dili və ədəbiyyatı bölümlərinin nə şəkildə fəaliyyət etdiyini də açıqlayır:

“Türkiyədə iki fərqli bölüm var, biri əskidən qalan Türk Dili və Ədəbiyyatı bölümüdür, orada türk dilinin müxtəlif dönəmləri, tarixi dialektləri və müasir ləhcələri incələnir. Bir də, Sovetlər Birliyi dağıldıqdan sonra Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümü açıldı. Bunların içində də çeşidli ana bilim dalları var.”

“Varlıq” dərgisinin redaktoru həmçinin yerli məsullar, xüsusilə son vaxtlarda təsis edilmiş Azərbaycan Kültür və Sənət Computer HopeQuruluşu (Fondu) əməkdaşlarının İran Azərbaycanına məxsus və Təbrizdə danışılan dil əsasında “meyar” bir dilin yaradılması ilə əlaqəli sözlərini dəyərləndirir.

O, qədim yazı tarixinə sahib olan türk dili ilə əlaqədar meyar dil yaratma cəhdlərinin “işi pozmaq və siyasiləşdirməkdən” başqa bir şey olmadığını vurğulayır:

“Bu növ yeni meyar dil yaratmaq səyləri bəlkə yazı dili gələnəyi olmayan dillər üçün uyğun ola bilər, ancaq, türk və ərəb kimi dillərlə bağlı belə məsələni ortaya atmaq məncə işi pozmaq və siyasiləşdirməkdən başqa şey deyil.”

“Qaldı ki, Təbriz ağzı bir neçə səbəbdən dolayı meyar dil ola bilməz. Birincisi Təbriz ağzı keçən 90 ildəki siyasətlər nəticəsində pozulmuş, ikincisi, ağız özəllikləri olaraq da türkcəmizin qaydalarına tam riayət edilmir. Türkiyədə İstanbul ağzı əsas alındığı zaman o, ən gəlişmiş ağız idi. Amma İranda, bu gün bu durumda gəlişmiş bir ağızdan danışmağımız komik bir şeydir, 90 illik assimilyasiyadan sonra,” deyə o əlavə edir.

Güneyli türkoloq bütün bu cəhdlərin türk dili və türk kimliyini inkar siyasəti istiqamətində olduğunu deyir:

“Burada əsas məsələ dilimizin adlandırılması ilə bağlıdır, onlar bizi türk və dilimizi türkcə qəbul etmirlər. Amma özləri çarəsiz qalır. Bir də, xalqımızın güvənini itirirlər, xalqımız zatən dilinə türkcə deməyə davam edir. Azəri dedikləri zaman bu heç bir vətəndaş tərəfindən mənimsənmir.”

O, bu problemlərin çözülməsinin siyasi baxışlardan uzaq duraraq mümkün olduğunu söyləyir:

“Burada qaynaqlara baş vurmaq lazim, millətin dediyinə baş vurmaq lazim, heç bir siyasi məsələ qatmadan, hətta Türkiyəni və Quzey Azərbaycanı da işin içinə qatmadan dilimizin adı, ədəbiyyatımız və tariximizi öyrənmək olar.”

XS
SM
MD
LG