Accessibility links

Rizvan Talıbov: Dörd il həbsdə saxlanmağıma baxmayaraq mövqeyim bu gün də, eyni ilə qalır


Rizvan Talıbov: Dörd il həbsdə saxlanmağıma baxmayaraq mövqeyim bu gün də, eyni ilə qalır
Rizvan Talıbov: Dörd il həbsdə saxlanmağıma baxmayaraq mövqeyim bu gün də, eyni ilə qalır

Cənab Talıbov azad cəmiyyət və demokratiya uğrunda mübarizəsini davam etdirəcəyini, onu şərləyən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi uğrunda mübarizəsini davam etdirəcəyini bildirib

Keçmiş səhiyyə naziri Əli İnsanovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri olmuş Rizvan Talıbov Amerikanın Səsi radiosuna müsahibəsində həbsinin səbəbləri, dörd illik həbsxana həyatı, mənəvi təzyiqlərə məruz qalmasından danışıb. Cənab Talıbov azad cəmiyyət və demokratiya uğrunda mübarizəsini davam etdirəcəyini, onu şərləyən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi uğrunda mübarizəsini davam etdirəcəyini bildirib.

Sual: Siz, 2007-ci il aprelin 19-da həbs edildiniz və 4 il həbsdə qaldınız. Həbsinizin əsas səbəbi nə idi?

Cavab: 2007-ci il aprelin 19-da küçə ilə adi işlərimin dalınca gedərkən Sumqayıt polisləri məni həbs etdi və saxta ittiham irəli sürdülər ki, guya xuliqanlıq etmişəm. Cinayət işi qaldırdılar. Məhkəmə ittihamın tam saxta olmasına baxmayaraq, mənə 4 il həbs kəsdi. Dörd illik həbsimi Azərbaycanda ən ağır vəziyyətdə olan 14 saylı cəzaçəkmə müəssisəsində keçirdim. Həbsxana həyatım çox ağır keçdi. Həm mənəvi cəhətdən ağır keçdi, həm də səhhətimdə problemlər yaratdı. Şükürlər olsun ki, azadlığa çıxmağım nəsib oldu.

Sual: Hiss olunur ki, sağ qolunuz yaxşı işləmir. Həbsxanada olub?

Cavab: Siz, düş müşahidə edibsiniz. Bu, ittihamın gülünc tərəfi ondan ibarət idi ki, göstərilib ki, guya mən sağ əlimlə bir vətəndaşı vurmuşam. Yəni, o vətəndaş ifadəsində göstərib ki, mən sağ əlimlə onu vurmuşam, o da yıxılıb. Halbuki, mənim sağ əlim anadangəlmə iflicdir və mən buna görə ikinci qrup əliləm. Buna baxmayaraq, nə istintaq, nə də məhkəmə dövründə sağ əlimlə bir stəkan suyu belə qaldırmaq iqtidarında olmadığımı sübut edə bilmədim.

Sual: Məhkəmə və ya istintaq orqanı Sizi tibbi ekspertizadan keçirmədi?

Cavab: Tibbi ekspertizadan keçirdilər və tibbi ekspertizanın mütəxəssisi öz alətləri vasitəsi ilə yoxladı. Mənimlə təklikdə söhbətdə təsdiq etdi ki, doğrudan da sağ qolum işləmir. Ancaq, üzrxahlıq edərək, bu tapşırılmış sifarişli iş olduğundan istintaqın rəyini dəyişə bilməyəcəyini bildirdi. Rəydə yazılıb ki, iflic sağ əllə baş nahiyəsinə zərbə vura bilər. Məhkəmədə də tələb etdim ki, tibbi mütəxəssislər gəlib, iflic diaqnozu ilə zərbə vurmaq sözlərinin izahını versin. Amma məhkəmə məhəl qoymadı.

Sual: Siz, dörd illik həbs müddətini günbəgün çəkdiniz. İndi mövqeyiniz necədir? Yenə də, Əli İnsanovun hüquqlarını müdafiə edirsinizmi? O zaman, Müsavat partiyasının mitinqində də alovlu çıxış etmişdiniz.

Cavab: Dörd il həbsə məhkum edilməyimə baxmayaraq mövqeyim bu gün də, eyni ilə qalır. Mən, o iş uğrunda mübarizə aparıram ki, Azərbaycanda həqiqi hüquqi demokratik dövlət mövcud olsun, azad vətəndaş cəmiyyəti qurulmuş olsun, hər bir vətəndaşın hüquqları tanınsın, insanların hüquqları tapdanmasın, qanunun aliliyi tanınsın. Haqq-ədalət mövcud olan cəmiyyət quraq.

O vaxt da elan etmişdim, bu gündə fikrimdə qalıram, bu əqidəni bölüşən, bu iş uğrunda mübarizə aparan insanlarla bundan sonra da bir yerdə olacam. Azərbaycanda həqiqi hüquqi dövlətin, demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparan insanlarla bir yerdə olacam.

Sual: Siz dörd illik həbs müddətini günbəgün çəkdiniz, əfv olunmadınız. Hüquqlarınızın bərpası uğrunda çalışacaqsınızmı?

Cavab: Mənim əfv olunmağımla bağlı beynəlxalq təşkilatlar, ombudsman Elmira Süleymanova əfv komissiyasına müraciət edib. Mən, onlara təşəkkürümü bildirirəm. Amma, bu müraciətlər təmin edilmədi. Hətta, mən gözləyirdim ki, bəlkə də səhhətimlə bağlı və ya haqsızlığın aradan qaldırılması üçün əfv edəcəklər. Amma, görünür onlar məndən çox acıqlı olublar. Məndən qisas almaq üçün günbəgün həbsdə saxladılar.

Hüquqlarımın bərpası uğrunda mübarizə aparmaqda qətiyəm. Mənə məhkəmə qərarları da çox gec çatdırıldı. Baxmayaraq ki, qanunvericiliyə görə, məhkəmə qərarı üç gün ərzində təqdim edilməli idi. Apelyasiya Məhkəməsinin qərarını şikayətlərdən sonra üç aya ala bildim. Ali Məhkəmənin qərarı isə bir il keçməsinə baxmayaraq mənə təqdim edilmədi, yalnız sonradan şikayətlər nəticəsində qərarı əldə etdim. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm. Mən, hüquqlarımı bərpa etməklə yanaşı, qanunsuz həbsimə qərar vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmağa çalışacam. Gələcəkdə başqa insanların, mənim özümün də bir daha şərlənərək saxta ittihamlarla həbs edilməməyim üçün, həmin vəzifəli şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasınadək mübarizə aparacam.

XS
SM
MD
LG