Accessibility links

Ağ Ev və Respublikaçılar partiyasının liderləri ABŞ-ın keçmiş müdafiə naziri Robert Geytsin prezident, vitse-prezident və keçmiş dövlət katibi Hillari Klinton haqda fikirlərini açıq ifadə etmiş memuar kitabına reaksiya verib.

Ağ Evin bəyanatında prezident Barak Obamanın administrasiyanın siyasətinin gücləndirilməsi üçün milli təhlükəsizlik komandasında fikir ayrılıqlarını alqışladığı deyilir.

“Xidməti borc: Müharibə nazirinin xatirələri” adlı kitabında cənab Geyts prezident Obamanı Ağ Evi onun sözlərilə, Riçard Nikson dövründən görülməyən bir şəkildə mərkəzləşdirməsi və milli təhlükəsizlik məsələlərinə nəzarət etməsinə görə kəskin tənqid edib. Keçmiş müdafiə naziri cənab Obamanın administraiyanın Əfqanıstanda əsgərlərin sayının artırılmasına tərəfdar olmaması və hərbi rəhbərliyə açıq şəkildə etibar etməməsinə baxmayaraq, onun yüksək əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib.

Respublikaçı Robert Geyts Buş administrasiyası dövründə müdafiə naziri olduqdan sonra iki il cənab Obamanın prezidentliyi dövrü Pentaqon rəhbəri kimi xidmət edib. O, kitabında prezident Obamanın əsgərlərə dəstəyinə heç bir zaman şübhə etmədiyini yazıb.

Respublikaçı senator Con Makkeyn CNN televiziyasına müsahibədə Robert Geytsin sözlərinin böyük təsiri olduğuna inandığını deyib.

Vitse-prezident Co Bayden və keçmiş dövlət katibi Hillari Klintonla bağlı tənqidlər onların ABŞ-da növbəti prezident seçkisində namizədliyinin nəzərdən keçirildiyi bir vaxt səslənir.

Keçmiş müdafiə naziri vitse-prezident Baydeni şərəfli insan adlandırsa da, onun “son 40 ildə başlıca xarici siyasət və milli təhlükəsizlik sahələrində demək olar hər bir məsələdə yanlış olduğunu” qeyd edib. Ağ Ev açıqladığı bəyanatında bununla razılaşmayaraq, Co Baydeni dövrünün ən görkəmli dövlət xadimlərindən biri və Amerikanın dünyada liderliyinin artması işində böyük xidmətləri olduğunu bildirib.

Robert Geyts kitabında Hillari Klintonun cənab Obamaya 2007-ci ildə prezident Buşun İraqa əlavə əsgəri qüvvə göndərməsinin əleyhinə çıxmasının siyasi səbəblərlə bağlı olduğunu dediyini xatırladıb.
XS
SM
MD
LG