Accessibility links

ABŞ səfiri fevralın 12-də Azərbaycana gəlir [Video]


Robert F. Cekuta

Robert F. Cekuta

O, video müraciətini yayıb

ABŞ-ın Azərbaycanda yeni səfiri Robert Sekuta Azərbaycana fevralın 12-də gələcək. Bu barədə ABŞ səfirliyinin Twitter-dəki səhifəsində bildirilir.

Robert Sekuta Azərbaycana gəlməsi ilə bağlı video müraciət yayıb. Yeni səfir müraciətinin giriş hissəsində Azərbaycan dilində danışır.

O bildirib: "ABŞ prezidenti Barak Obamanın Azərbaycanda xidmət göstərmək üçün mənim namizədliyimi irəli sürməsindən şərəf duyuram.

ABŞ-ın yeni səfiri olaraq Azərbaycana gələcəyimi səbirsizliklə gözləyirəm. Çox şadam ki, sizi beynəlxalq münasibətlər fakültəsində təhsil almağa başladığım Corctaun Universitetinin “Riggs” kitabxanasından salamlayıram. Mən 36 ildən çoxdur ki ABŞ diplomatıyam və müxtəlif yerlərdə çalışmışam. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə güclü əməkdaşlıq qurub və bir sıra eyni məqsədləri bölüşür. Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması bizim münasibətlərin iki əsas prioritetidir. Üçüncüsü, demokratik inkişafdır. Hər üçü Azərbaycanın sabitliyi üçün labüddür və bizim ikitərəfli münasibətlərimiz üçün mühümdür. Səfir olaraq bütün azərbaycanlılarla bu prioritetlər üzərində işləməyi, xalqlararası əlaqələrimizi dərinləşdirmək və genişləndirməyi səbirsizliklə gözləyirəm. Qarşılıqlı anlaşmaya əsasən biz ölkələrimizi daha da yaxınlaşdıra bilərik. Həyat yoldaşım Ann mənimlə birlikdə Azərbaycana gələcək. “Şah plov”un dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik. Sizcə, biz ilk olaraq hara səfər edək - Beşbarmaq, Yanardağ, yoxsa Qobustana? Səfirliyimizin “Facebook” səhifəsində öz fikirlərinizi bölüşün. Orada həmçinin ABŞ-Azərbaycan əlaqələrinin zənginləşdirilməsi yolları barədə də fikir mübadiləsi apara bilərik”.

Bir müddət əvvəl Robert Sekuta ABŞ dövlət katibinin energetika məsələləri üzrə köməkçisinin müavini vəzifəsində, habelə Tokio (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) diplomatik missiyalarda işləyib.

Robert Sekuta Corctaun Universitetinin məzunudur. O, Qlobal Menecment Məktəbi və Milli Hərbi Kollecdə magistr dərəcəsi alıb.

2014-cü ilin dekabrında Robert Sekuta ABŞ Senatı tərəfindən səfir kimi təsdiq edilib. Bu vəzifədə o, 2014-cü ilin yayında Azərbaycanı tərk etmiş Riçard Morninqstarı əvəz edəcək.

XS
SM
MD
LG