Accessibility links

Rolan Kobia: Avropa Qonşuluq Siyasəti daha çox dəstək, daha çox öhdəlik prinsipi əsasında qurulacaq


Rolan Kobia: Avropa Qonşuluq Siyasəti daha çox dəstək, daha çox öhdəlik prinsipi əsasında qurulacaq

Rolan Kobia: Avropa Qonşuluq Siyasəti daha çox dəstək, daha çox öhdəlik prinsipi əsasında qurulacaq

Avropa İttifaqının nümayəndəsi Rolan Kobia deyib ki, Azərbaycanın öz spesifikası var və bu ölkəni ərəb dövlətləri ilə müqayisə etmək düzgün olmaz. Eyni zamanda, o hesab edir ki, Azərbaycanda bu hadisələrdən nəticə çıxarıb və son aylar korrupsiyaya qarşı başlanmış mübarizə buna dəlalət edir. “Hökumətin yaxşıya doğru nə isə etmək lazım olduğunu anlaması artıq müsbət haldır”.

Avropa İttifaqı dünən Avropa Qonşuluq Siyasətinin (AQS) modifikasiyası haqqında elan edib. Bundan sonra AQS “daha çox dəstək, daha çox öhdəlik” prinsipləri əsasında qurulacaq. Bu barədə bugünki mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.
AQS 2004-cü ildə qəbul edilib və Aİ-nin qonşusu olan Şimali Afrika, Yaxın Şərq ölkələri və bir sıra postsovet dövlətlərinə yardım proqramlarının həyata keçirilməsinə yönəlib.
Cənab Kobianın dediyinə görə, yenilənmiş AQS Aİ tərəfdaşlarına daha çox yardım edilməsini nəzərdə tutur və eyni zamanda onların üzərinə daha çox öhdəliklər qoyur. Ümumilikdə yaxın illər üçün proqrama 1,2 mlrd. avro ayrılması nəzərdə tutulur.
Yeni kursun əsas məqamı Aİ-nin tərəfdaşları ilə demokratikləşmə məsələlərində əməkdaşlığıdır. Söhbət demokratik seçkilər keçirilməsi, söz, ifadə, mətbuat, toplaşmaq azadlığının, qanunun aliliyinin və qərəzsiz məhkəmə sisteminin təmin edilməsi, dövlət xərclərinin şəffaflığı, ordu və polis üzərində vətəndaş nəzarətindən gedir.
O qeyd edib ki, hər bir ölkə öz inkişaf yolunu və Aİ ilə əməkdaşlıq dərəcəsini seçməkdə azaddır. “Hər bir ölkə qloballaşmaqda olan dünya sisteminə inteqrasiya imkanlarından istifadə etmək və ya təcrid olunmaq və beynəlxalq əlaqələrini minimuma endirmək istədiyinə özü qərar verəcək”.
Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ölkələrə verilmiş investisiyaların Avropa Komissiyası tərəfindən təşviqi bu tərəfdaşlıqdan asılı olacaq. Yeni siyasət öhdəliklərə daha ciddi riayət olunmasını nəzərdə tutur.
Ərəb dünyasında baş verən hadisələr Qərbin avtoritar rejimlərlə əməkdaşlığının səmərəli olmadığını göstərdi. Belə olan halda avtoritar rejimlərlə demokratiya sahəsində əməkdaşlıq nə dərəcədə faydalı olacaq? Yardımları avtoritar rejimlərin öhdəliklərinə uyğun müəyyən edilməsi nə dərəcədə səmərəli olacaq? Amerikanın Səsi radiosunun bu sualının cavabında cənab Kobia deyib ki, Azərbaycanın öz spesifikası var və o, bu ölkəni ərəb dövlətləri ilə müqayisə etmək düzgün olmaz. Eyni zamanda, o hesab edir ki, Azərbaycanda bu hadisələrdən nəticə çıxarıb və son aylar korrupsiyaya qarşı başlanmış mübarizə buna dəlalət edir. “Hökumətin yaxşıya doğru nə isə etmək lazım olduğunu anlaması artıq müsbət haldır”.
Bununla belə, o əlavə edib ki, Aİ vətəndaş cəmiyyətinə - QHT-lərə, mediaya, gənclərə, qadınlara dəstək göstərəcək.

Dünən Aİ son bir il ərzində Azərbaycanın AQS çərçivəsində Fəaliyyət Planını yerinə yetirməsində irəliləyişlər olması haqqında hesabat yayıb. Hesabatda müsbət məqamlar kimi cənab Kobia makroiqtisadi sabitliyin saxlanmasını, yoxsulluğun azalmasını, korrupsiyaya qarşı mübarizəni, mütəşəkkil cinayətkarlığa, insan alverinə qarşı mübarizədə uğurları, gender bərabərliyinin təmin edilməsini, Qarabağ nizamlanması üzrə sülh prosesinin davam etdirilməsini (hərbi əsirlərin dəyişdirilməsi, münaqişə tərəfləri və ATƏT-in MQ həmsədrlərinin ATƏT-in Astana sammitində bəyannamə qəbul etməsi), Aİ ilə assosiativ saziş üzrə danışıqlara başlanmasını qeyd edib.
Mənfi hallar kimi isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması yolunda irəliləyiş olmadığını qeyd edib ki, bunsuz ölkənin Aİ ilə azad ticarət rejiminin yaradılması mümkün deyil. "Demokratik islahatlar və insan hüquqlarının təmin edilməsi sahəsində dəyişikliklər olmaması da mənfi məqamdır, bu, ciddi narahatlıq doğurur”.

Cənab Kobia həmçinin Amerikanın Səsi radiosunun sualının cavabında Aİ qurumlarının jurnalist Eynulla Fətullayev və gənc blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbsdən azad edilməsi çağırışlarını təsdiq edib. O eyhamla Aİ-nin Azərbaycanın beynəlxalq öhdəliklərindən artıq heç nə tələb etmədiyini əlavə edib

Azərbaycan nümayəndəliyinin rəhbəri deyib ki, Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger iyunun 6-8-də Azərbaycanda səfərdə olacaq. O, “Xəzər neft-qaz-2012” beynəlxalq sərgi-konfransda iştirak edəcək. “Səfər zamanı Ottinger Azərbaycan rəhbərliyi ilə enerji əməkdaşlığını, Nabucco da daxil olmaqla, qaz nəqliyyat layihələrinin reallaşması perspektivlərini müzakirə edəcək”.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin “Azərbaycan Nabucco layihəsindən istifadə etməyə də bilər” bəyanatının şərhi ilə bağlı suala cavab olaraq cənab Kobia deyib ki, neft şirkətinin rəhbəri yalnız ehtimal irəli sürüb, “və bu, Bakının son qərarı deyil”.

Onun sözlərinə görə, bu məsələyə dair müzakirələr davam edir. “Nabucco yalnız Avropa üçün deyil, həm də Azərbaycan üçün vacibdir. Azərbaycan “Şahdəniz-2” ilə yanaşı digər yataqları da işləyəcək və qaz ixrac edəcək. Odur ki, böyük qaz ixracı üçün infrastruktura malik olmaq yaxşıdır. Bu mənada çoxsaylı alıcıları olan Avropa etibarlı bazardır”.

O ümidvar olduğunu bildirib ki, “Aİ və Azərbaycan arasında yaxşı enerji əməkdaşlığı davam etdiriləcək”.

XS
SM
MD
LG