Accessibility links

Ros Vilson:"Fikrimcə, tərəflər münaqişənin həllinin baza prinsipləri üzrə razılığın əldə edilməsinə bir qədər yaxınlaşa bilib."


Ros Vilson:"Fikrimcə, tərəflər münaqişənin həllinin baza prinsipləri üzrə razılığın əldə edilməsinə bir qədər yaxınlaşa bilib."

Ros Vilson:"Fikrimcə, tərəflər münaqişənin həllinin baza prinsipləri üzrə razılığın əldə edilməsinə bir qədər yaxınlaşa bilib."

Ros Vilson ABŞ-Azərbaycan münasibətlərinin bugünkü durumu və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərilə bölüşüb

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ros Vilson Amerikanın səsinin Azərbaycan xidmətinə müsahibə verib. Cənab Vilson ABŞ-Azərbaycan münasibətlərinin bugünkü durumu və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərilə bölüşüb.

Səfir Vilson iki ölkə arasında münasibətlərdə son zamanlar yaşanan gərginliyi qeyd edib.

“Hamıya məlumdur ki, bu keçən il ərzində münasibətlərdə gərginlik mövcud idi. Bu, xüsusilə də Bakıda səfirin olmamasına aiddir. Corctaun universitetində çıxışımda qeyd etdiyim əsas məqam ondan ibarətdir ki, ABŞ və Azərbaycan strateji müttəfiq və tərəfdaş olaraq qalır. Bizim bir sıra birgə maraqlarımız var. İstər enerji sahəsində əməkdaşlıq, istərsə Əfqanıstanda və ya terrorizmlə müharibədə müvəffəqiyyətə nail olmaq, ya da Cənubi Qafqazda və elə başqa yerlərdə ərazi problemlərinin həlli olsun, biz birgə məqsədləri bölüşürük. Biz əslinə baxanda, eyni şeyi istəyirik və mən inanıram ki, biz birlikdə effektiv şəkildə işləmək üçün yollar tapacağıq."

Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrin səviyyəsindən nə dərəcədə razıdır və demokratiyanın inkişafı və insan hüquqları sahəsində Azərbaycandan gözləntilər nədən ibarətdir. Səfir Vilson.

“Mən indi Birləşmiş Ştatlar hökumətinin adından danışa bilmərəm. Mən adi vətəndaşam. Fikrimcə, Azərbaycan liderlərinin həm öz xalqına, həm də amerikalılara iki ölkənin enerji, terrorizm və başqa sahələrdə necə, nə üçün və hansı yollarla birgə işləyə bilməsini nümayiş etdirmək olduqca mühümdür. Azərbaycanın qanunun aliliyi prinsipinə əsaslanan bazar iqtisadiyyatını inkişaf etdirmək və gücləndirmək işinə sadiq olması bu prosesin olduqca mühüm bir hissəsidir. Bu, həm də Azərbaycanın xüsusilə də enerji sektorundan kənarda xarici investisiyaları cəlb edə bilməsi üçün çox mühümdür. Mənim baxışım ondan ibarətdir ki, insan hüquqları və demokratiya vətəndaşların və xarici investorların etibar etdiyi və qanunun aliliyinin təmin olunduğu effektiv rejimin bir hissədir. Buna görə də bu sahədə başqa sahələrdə olduğu kimi inkişafa nail olmaq çox vacibdir.”

Bir ildən artıqdır Azərbaycanda ABŞ səfiri vəzifəsinin boş qalması bəzən Birləşmiş Ştatların regiona diqqətinin azalması kimi qəbul edilir. Ros Vilson.

“Böyük bir müddətdir Bakıda səfirin olmaması hər hansı bir administrasiyanın səfir seçmək və sonra Senatda onu təsdiq etmək üçün keçdiyi prosesin uzanmasından başqa bir şey deyil. Bu, başqa heç bir şeyi əks etdirmir. Bu, Azərbaycana marağın azalması, ya da etibarın olmaması demək deyil. Bu, bizim Rusiya, ya da hər hansı üçüncü bir ölkə ilə münasibətlərimizin göstəricisi deyil. Burada söhbət bütünlüklə bizdə səfirlərin seçilməsi prosesindən gedir.”

Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. İki ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına indi daha yaxın olduğunu demək mümkündürmü. Səfir Vilson.

“Mən bir neçə ildir münaqişənin həllinin yaxın, da mümkün olduğunu deyən ABŞ-ın bir sıra siyasətçilərindən ibarət siyahıya daxil olmaq istəmirəm. Mən Bakıda olduğum zaman belə bəyanatla çıxış edə bilməyəcəyimi düşünürdüm. Amma təbii ki, bunu etmək mümkündür və biz nikbin olmalıyıq. Mənim şəxsi fikrim ondan ibarətdir ki, tərəflər münaqişənin həllinin baza prinsipləri üzrə razılığın əldə edilməsinə bir qədər yaxınlaşa bilib. Söhbət əsas həll yolundan getmir, buna nail olmaq daha çətindir və burada detallar üzərində işləmək lazımdır. Lakin baza prinsiplərinə gəldikdə, fikrimcə, onlar buna daha yaxındır. Biz ümid edirik, mən ümid edirəm ki, iki prezident o qədər də böyük olmayan fikir ayrılıqlarını azaltmaq üçün siyasi iradəni özlərində tapa biləcək və bundan sonra əsas həll yolu istiqamətində irəliləyə biləcək. Mən hesab edirəm ki, bunun üçün perspektiv var. Amma problem uzun illərdir həllini tapmayıb və bunun səbəbləri də aydındır.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG