Accessibility links

Rəsmi Bakı Fransada "erməni soyqırımı" iddialarını pisləyir


Rəsmi Bakı Fransada "erməni soyqırımı" iddialarını pisləyir
Rəsmi Bakı Fransada "erməni soyqırımı" iddialarını pisləyir

Prezident Administrasiyasının şöbə müdiri və Milli Məclisin sədr müavini sənədin müzakirəsinin xalqlararası münasibətlərə zərbə vuracağını bildirib.

Fransada ermənilərin iddia etdiyi soyqırımın tanınmasının cinayət hesab edilməsi ilə bağlı təklif edilmiş qanun layihəsi Azərbaycanda hiddətlə qarşılanıb. Çoxsaylı ictimai xadimin, müxalifətdə olan siyasi partiya liderlərinin, ziyalıların kəskin tənqidlərindən sonra bu gün rəsmi Bakı da Fransa parlamentinə təqdim edilmiş sənədə münasibət bildirib.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, Fransa parlamentində ermənilərin təkidlə qəbul etdirmək istədikləri soyqırımı iddiaları qondarmadır, saxtadır. “Bu iddiaların tarixi reallıqla heç bir əlaqəsi yoxdur. Tarixdə “erməni soyqırımı” deyilən hadisə baş verməyib. Ona görə də harada və hansı səviyyədə müzakirəyə çıxarılmasından asılı olmayaraq Azərbaycan dövləti bu uydurmaya qarşıdır və belə təşəbbüsləri pisləyir”, - deyə o qeyd edib.

O hesab edir ki, qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması Fransa-Türkiyə münasibətlərinə mənfi təsir edəcək. “Tarixlə bağlı məsələni siyasiləşdirmək, özü də bu səviyyədə siyasiləşdirmək dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək. Azərbaycan dövləti bu baxımdan da Fransa parlamentində “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin gündəmə gəlməsini pisləyir”.

Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova isə bildirib ki, Fransa tarixindəki məqamlar da başqa ölkələr tərəfindən dəyərləndirilə bilər. “Bu da ölkələr, xalqlar arasında münasibətlərə xələl gətirə bilər. Hesab edirəm ki, Fransada məntiqi mühakiməsi olan, dünyada gedən prosesləri düzgün dəyərləndirən və ölkələr, xalqlar arasındakı münasibətlərin qarşılıqlı inama, hörmətə əsaslanmasını istəyən şəxslər buna qarşı çıxmalıdır”.

Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasına toxunan xanım Muradova deyib ki, qondarma soyqırımı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirməsi bu ölkənin bitərəf həmsədr olmasını şübhə altına alacaq.

XS
SM
MD
LG