Accessibility links

Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)


Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)

Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)

Bir qrup gənc Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib

“Fransa Milli Assambleyasının səsverməsində parlamentin deputatlarının 10 faizi belə iştirak etməyib. Səsvermə mərhələlidir. Hələ Senat səs verməli və prezident sənədi təsdiq etməlidir. Bununla belə? Milli Assambleyanın qərarı qəbuledilməzdir”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünki mətbuat konfransında Fransa Milli Assambleyasının “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyəti müəyyən edən qərarı ilə bağlı jurnalistlərin sualının cavabında bildirib.
Qanuna görə, qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri bir il müddətinə həbs cəzası və 45 min avro cərimə gözləyir.
Nazir Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb. “Fransa ədalətli mövqe tutursa, 100 il əvvəl baş verməsi güman edilən məsələlərə deyil, son illər azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına, Azərbaycan ərazilərinin işğalına, bir milyon Azərbaycan qaçqını ilə bağlı məsələlərə münasibət bildirməlidir”, - deyə nazir qeyd edib.
Cənab Məmmədyarov eyni zamanda həmsədr missiyasını başa vurmuş Bernar Fasyenin Fransa Senatında və Yerevandakı bəyanatlarına da toxunub. “Cənab Fasye bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ən böyük problem Azərbaycanın işğal altında olan torpaqlarıdır. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir və nizamlanmadan sonra da belə olacaq. Biz qəbul edirik ki, bu, həm də Fransanın mövqeyidir”, - deyə nazir xatırladıb.
O, eyni zamanda jurnalistlərin Amerika Nümayəndələr Palatasında Azərbaycana səfir təyinatına blok qoyan ölkənin nizamlanma prosesində ədalətli mövqe tuta biləcəyinə şübhə ifadə edən sualının cavabında deyib ki: “Bu, daxili məsələdir. Azərbaycan başa düşür ki, bunun arxasında erməni diasporasının təsiri altında olan bəzi ermənipərəst senatorlar dayanır. Amma bunu Minsk Qrupu ilə bağlamaq olmaz”.

Azərbaycan parlamentinin noyabrın 23-də keçirilən plenar iclasında da deputatlar Fransa parlamentinin qərarını kəskin tənqid edib. İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, bu qərarı Türkiyəni dəstəkləyən Azərbaycan xalqı qətiyyətlə pisləyir.

YAP İcra katibinin digər müavini, deputat Mübariz Qurbanlının fikrincə, Fransa parlamentinin qəbul etdiyi qərar ondan xəbər verir ki, bəzi ölkələr Türkiyənin güclənməsindən qorxur. “Senatın qərarı antidemokratikdir və fransızların özlərinə qarşı yönəlib”.

Müxalifətdə olan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, bu qərar ifadə azadlığı prinsipini pozur.

Millət vəkili Məlahət İbrahimqızı deyib ki, bundan sonra Fransanın hansısa ölkədə demokratiyanın olmadığını söyləməyə haqqı yoxdur.
YAP sədrinin müavini, deputat Əli Əhmədov qeyd edib ki, Aransa Milli Assambleyasının qərarı ATƏT-in Minsk Qrupunun həmsədri kimi Parisin fəaliyyətini şübhə altına alır.

Vitse-spiker Bahar Muradova hesab edir ki, bu addım Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı yönəlib.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan və Türkiyə Fransa Senatının bu qərarın qanuni qüvvəyə minməməsi üçün tədbir görməlidir.

Türkiyə prezidenti Abdulla Gül TRT Haber televiziyasına deyib ki,

Fransa qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, “Çünki ölkə öz neytrallığını itirib”.

Cənab Gülün fikrincə, "erməni soyqırımı" haqqında qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur, o cümlədən, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir.

Dekabrın 23-də bir qrup gənc fəal Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər Fransa hökumətini qərəzli mövqe tutmaqda günahlandırıb və ATƏT-in Minsk Qrupunda həmsədrlikdən geri çəkilməyə çağırıb.

Dekabrın 22-də Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

XS
SM
MD
LG