Accessibility links

Ərəstun Oruclu: Azərbaycan və Ermənistan sülhə hazır deyil


Ərəstun Oruclu: Azərbaycan və Ermənistan sülhə hazır deyil

Ərəstun Oruclu: Azərbaycan və Ermənistan sülhə hazır deyil

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiya prezidentinin təşəbbüs ilə Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçirilən görüşünü uğursuz kimi qiymətləndirir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə hazırlanmış yenilənmiş Madrid sənədinin fiaskoya uğradığını deyib.

Sual: Prezidentlərin Kazan görüşünün nəticələri ilə bağlı dövlət başçılarının bəyanatını necə qiymətləndirirsiniz? Reallığı əks etdirirmi?

Cavab: Kazan görüşünün nəticələri ilə bağlı prezidentlərin bəyanatı çox formaldır və əslində, görüşdə baş verənləri ört-basdır etməyə xidmət edir. Bu, bəyanat reallığı əks etdirmir. Görüş barədə medianın məlumatları daha realdır.

Sual: Mediaya sızmış məlumatlar nə deyir? Nyu-York Tayms, Kommersant və digər qəzetlər məqalələr dərc edib. Məqalələr reallığı nə qədər əks etdirir?

Cavab: Bu və digər qəzetlərin yazıları və mediaya sızdırılmış məlumatlar daha çox reallığı əks etdirir. Elə, görüş ərəfəsində də həm Azərbaycan, həm də Ermənistan tərəfində hansısa sənədin imzalanacağını işarə verən əhval-ruhiyyə görünmürdü. Nyu-York Tayms qəzeti çox düzgün ifadə edib ki, “vasitəçilər münaqişə tərəflərindən daha çox irəli gedib”. Bu ifadə real situasiyanı çox real əks etdirir.

Sual: Prezidentlərin görüşündə real nəticələrin əldə edilməməsini seçkilər öncəsi Rusiya prezidenti Dmitri Medvedevin siyasi imicinə zərbə kimi qiymətləndirmək olarmı?

Cavab: Əlbəttə, bu məsələ də var. Hesab edirəm ki, cənab Medvedevin iki məqsədi var idi. Birincisi, o münaqişənin həllində Rusiyanın vasitəçi kimi prioritet rolunu qoruyub saxlamaq istəyir. Əgər, əsas prinsiplər üzrə razılaşma imzalanardısa, bu həm Rusiyanın, həm də şəxsən Dmitri Medvedevin böyük diplomatik qələbəsi olardı. Amma, bu baş vermədi. Cənab Medvedev də bundan siyasi divident əldə edə bilmədi.

Sual: Kommersant qəzetinin yazdığına görə, Dmitri Medvedev onun təşəbbüsü ilə prezidentlərin növbəti görüşünün, yalnız onlar sazişi imzalamağa hazır olduqları barədə bəyanat verdikdən sonra baş tutacağını bildirib. Sizcə, prezidentlər belə bəyanatla çıxış edəcəkmi? Bu mümkündürmü? Proqnozunuz nədir?

Cavab: İlk öncə, bu cür yanaşma, Rusiya prezidenti tərəfindən sərt xəbərdarlıqdır. Çünki, bu məsələyə Rusiya və D.Medvedevin reputasiyası qoyulmuşdu. Artıq, ikinci dəfə Rusiya prezidenti dövlətinin və özünün imici ilə belə risklərə gedə bilməz.

Eyni zamanda, Ermənistan və Azərbaycan prezidentinin də çərçivə sazişini imzalayacaqları barədə nə vaxtsa bəyanat verəcəklərinə təminat yoxdur.

Sual: Qeyd edilir ki, tərəflər vasitəçilərin müzakirəsinin artıq başa çatdığını hesab etdikləri bir sıra məsələlər, bəzi texniki və Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərə yenidən qayıdıb. Fikrinizcə, yenidən mübahisə mövzusuna çevrilən məsələlər hansılardır?

Cavab: Bunların hansı məsələ olması, bir o qədər də önəmli deyil. Önəmlisi odur ki, tərəflər həm xarici, həm də daxili səbəblərdən bu gün sülh sazişi imzalamağa hazır deyil. Bu səbəbdən də dəfələrlə müzakirə edilmiş, razılaşdırılmış məsələlər ətrafında yenidən müzakirələr açırlar. Bütün, bu məsələlərin sonunda saziş imzalamamaq məqsədi durur.

Sual: Danışıqların sonrakı gedişindən nə gözləyirsiniz? Yenilənmiş Madrid sənədi fiaskoya uğrayıb, ümidləri puç edib, yoxsa müzakirəsi hələ davam edir?

Cavab: Hesab edirəm ki, yenilənmiş Madrid sənədi fiaskoya uğrayıb. Çünki, bu yenilik deyil. Madrid prinsipləri gündəmə gəldikdən indiyədək, Ermənistan tərəfi heç zaman onu qəbul etdiyi barədə pozitiv bəyanat verməyib. Baxmayaraq ki, Azərbaycan bu sənədi qəbul etdiyini dəfələrlə bəyan edib. Əslində, Ermənistanın sənədi qəbul etməməsi Azərbaycanın kiçik də olsa, diplomatik qələbəsidir.

Eyni zamanda, hamının bildiyi bir həqiqət var. O da müharibənin alovlanmasına yol verməməkdir. Fransalı həmsədr Kazan görüşündən öncə bəyan etdi ki, razılıq əldə edilməsə vasitəçilər səylərini davam etdirəcək, yeni prinsiplər işləyib ortaya qoyacaq. Bu gün artıq bəyan edildi ki, həmsədrlər yenidən bölgəyə gələcək. Hesab edirəm ki, yenə də həmsədrlər Bakı-Xankəndi-Yerevan marşrutu üzrə çarter uçuşları edəcək, Azərbaycan və Ermənistan bir-birini hədələyici bəyanatlar verəcək, mütəmadi olaraq atəşkəs rejimi pozulacaq. Beləliklə, danışıqlar prosesi beləcə davam edəcək. Bu, münaqişənin real həll modeli tapılanadək davam edəcək.

XS
SM
MD
LG