Accessibility links

Eldar Sabiroğlu: Rüfətə qarşı tətbiq edilən bu işgəncə metodu təcili aradan qaldırılsın


Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

“Mən qəti olaraq öz etirazımı bildirir və penitensiar xidmətin rəhbərliyindən xahiş edirəm ki, Rüfətə qarşı tətbiq edilən bu işgəncə metodu təcili aradan qaldırılsın və dustağın saxlanma şəraitindəki ciddi problemlərə diqqət artırılsın”. Bu barədə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun atası Eldar Sabiroğlunun bəyanatında deyilir.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Səfərov məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Eldar Sabiroğlu sentyabrın 30-da Rüfətin evə zəng etdyini bildirib.

“Danışarkən çox pis öskürür və taqətsiz görünürdü.O, mənə bərk soyuqladığını və hal-hazırda temperatura altında olduğunu bildirdi. Xəstələnməsinin səbəbini soruşarkən Rüfət bildirdi ki, qaldığım kameranın pəncərəsinin şüşəsi olmadığına görə gecələr soyuqdan, küləyin səsindən yata bilmirəm. Dəfələrlə pəncərəyə şüşə salınması barədə müraciət etsə də, buna əhəmiyyət verən olmayıb”, o bəyanatında qeyd edib.

Sabiroğlu güman edir ki, bunu bilərəkdən edirlər və bununla Rüfəti işgəncə altında saxlamaqla ona təziqlər göstərirlər.

“Yaxşı, qanunsuz hökmlə 9 il müddətinə azadlıqdan məhrum etdiniz. İndi bu soyuq havada, bu cür işgəncə verməkdə məqsədiniz nədir?! Bəlkə xəstələndirib öldürmək istəyirsiniz? Ayıbdır belə şeylər. Yoxsa, Rüfət hansısa əsirlikdədir?”

Sənəddə deyilir ki, artıq onunla ailəsinin görüşlərinə də maneçiliklər törədirlər.

“Başqaları üçün həftədə iki dəfə olduğu halda Rüfətlə görüşə həftədə bir dəfə icazə verilir. Oğlumdan soruşdum ki, saxlanma şəraitindən və münasibətdən həmişə razılıq edirdin, o isə cavabında dedi ki, istəmirdim indiyəcən hansısa şikayətlə məşğul olum və sizi də buna görə narahat edim. Deməli, məsələ başqa cür imiş. Dustağa göstərilən bu münasibət ölkədə bəyan edilən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bir araya sığmır”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimiyyətlə Əlaqələr Şövbəsindən Amerikanın Səsinə bildiriblər ki, 1 saylı İstintaq Təcridxanasında bütün kamerlara, o cümlədən Rüfət Səfərovun saxlandığı kameraya baxış keçirilib. “Hazırda hər hansı problem yoxdur”, xidmətin əməkdaşı qeyd edib.

XS
SM
MD
LG