Accessibility links

Oktyabrın 31-də saat 10.35-də Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayəti üzrə ilkin baxış iclası olacaq. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov deyib.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt tənqidi çıxışlar edib. Dekabrda isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Rüfət Səfərov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir.

XS
SM
MD
LG