Accessibility links

İran prezidenti İlham Əliyevlə telefonla danışıb


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

İran prezidenti Həsən Ruhani aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, İran prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Prezident İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı İran prezidenti Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib.

Dövlət başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün regionda təhlükəsizlik və əməkdaşlığın inkişafı işinə töhfə verəcəyini deyib.

Azərbaycan və İran prezidentləri ikitərəfli münasibətlərimizin bundan sonra da genişləndirilməsi istiqamətində tərəflərin səyləri əsirgəməyəcəyini vurğulayıblar.

XS
SM
MD
LG