Accessibility links

Ruhani Tehranda yüzlərlə insan tərəfindən qarşılanıb


Yüzlərlə iranlı ABŞ prezidenti Barak Obama ilə tarixi telefon söhbəti apardıqdan sonra Tehrana qayıdan prezident Həsən Ruhanini qarşılamağa çıxıb.

Lakin İran xəbər agentliklərinin verdiyi məlumata görə, “Amerikaya ölüm” şüarı bağıran sərt xətt tərəfdarlarından ibarət kiçik bir qrupun üzvləri prezident Ruhanini Tehran hava limanında maşın karvanına müxtəlif əşyalar atıblar.

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edən cənab Ruhani Tehrana dönməzdən əvvəl ABŞ prezidenti Barak Obama ilə telefon söhbəti edib.

Prezident Obama 15 dəqiqə sürən söhbət zamanı İranın nüvə proqramı ilə bağlı razılığın əldə edilməsi istiqamətində səylərin müzakirə edildiyini bildirib.

İranın dövlətə məxsus İRNA agentliyinin verdiyi məlumata görə, ABŞ rəsmiləri Nyu-Yorkda cənab Ruhaniyə xoş niyyət əlaməti olaraq, eramızdan əvvəl 7-ci əsrə aid gümüş cam bağışlayıblar.

Əhəmənilər dövrünə aid tarixi əşyanın yenidən ölkəyə qaytarılması ABŞ və İran arasında münasibətlərdə yeni başlanğıca işarə kimi qiymətləndirilir.
XS
SM
MD
LG