Accessibility links

Azərbaycanlı heykəltəraş onlarla tarixi şəxsiyyətin heykəlini yaradıb


Azərbaycanlı heykəltəraş onlarla tarixi şəxsiyyətin heykəlini yaradıb
Azərbaycanlı heykəltəraş onlarla tarixi şəxsiyyətin heykəlini yaradıb

Hazırda Kanadada yaşayan Ruhi Tuna Məhəmməd Hüseyn Şəhriyarın Təbrizdəki və Nəbatinin Kəleybərdəki heykəllərinin müəllifidir. O, heykəltəraşlıq fəaliyyətindən əlavə olaraq yeni sənətkarları da yetişdirməyə çalışır. Bu elə əvvəldən onun incəsənət fəaliyyətinin mühüm bir hissəsini təşkil edib

Azərbaycanlı heykəltəraş Ruhi Tunanın 70-dən çox heykəli müxtəlif ölkələrin fərqli şəhərlərində qoyulub. Sənətkar İran Azərbaycanı, Azərbaycan, Türkiyə və digər türk dilli xalqların tarixi, ədəbi və milli şəxsiyyətlərinin heykələrini hazırlayıb.O, İranda yaradıcılığına tətbiq olunan məhdudiyyətlərə görə Türkiyəyə keçərək səkkiz il sənətini Türkiyədə davam etdirib.

Hazırda Kanadada yaşayan Ruhi Tuna Məhəmməd Hüseyn Şəhriyarın Təbrizdəki və Nəbatinin Kəleybərdəki heykəllərinin müəllifidir. Ancaq onun əsərləri bunlarla qurtarmır.O, Səttarxanın, Bağırxanın, Dədə Qorqudun, Üzeyir Hacıbəyovun, Viraninin, Şah İsmail Xatainin, Sehendin, Nəsiminin, Pişəvərinin, Babəkin, Əmir Teymurun, Səlcuq Bəyin, Oğuz Xanın, Qaşqayılı İsmail Xanın, Koroğlunun, Məhəmməd Xarəzminin, Mustafa Kamal Atatürkün, Nadir Şahın, Nazım Hikmətin, Hacı Baba Xanın, III. Səlimin, Kubilay Xanın və Dr. Rza Bərahinin heykəllərinin müəllifidir.

Ruhi Tuna heykəltəraşlıq fəaliyyətindən əlavə yeni sənətkarları da yetişdirməyə çalışır. Bu elə əvvəldən onun incəsənət fəaliyyətinin mühüm bir hissəsini təşkil edib. O deyir ki, bəzi ayətullahların fikrincə heykəltəraşlıq işi haram olduğuna görə İranda bu sənətin inkişafı çox çətindir. İranın Mədəniyyət Nazirliyi də dövlətin din siyasəti əsasında tətbiq etdiyi məhdudiyyətlərə görə heykəltəraşlığa, rəssamlığa və digər incəsənət sahələrinin inkişafına maneə törədir. Ruhi Tunanın fikrincə, yuxarıda sadalanan və on illərdən bəri davam edən məhdudiyyətlərin nəticəsi kimi indi İran və İran Azərbaycanı incəsənət sahəsində Türkiyə, Azərbaycan Cümhuriyyəti və incəsənətin azad olduğu başqa dünyəvi ölkələrlə müqayisə edilə bilməz. “İranda ələlxüsus azərbaycanlılar dərin potensiala malikdir və imkan yarandığı təqdirdə burada böyük incəsənət xadimləri yetişə bilər. Buna görə də onlar İrandan çıxandan sonra heykəltəraşlıq, rəssamlıq, musiqi, rəqs və başqa sahələrdə çox nailiyyətli olurlar”.

Təbrizli heykəltəraş və rəssam Ruhi Tuna 8 il Turkiyədə yaşayıb. Onun müəllifi olduğu tarixi şəxsiyyətlərin heykəlləri Türkiyənin müxtəlif şəhərlərində ucalıb. Ruhi Tuna Türkiyədə də dinin incəsənət üzərindəki təzyiqini hiss etdiyini, hətta incəsənət fəaliyyətinə görə hədələrlə üzləşdiyini söyləyir. O, belə meylləri və dindarların incəsənətə müdaxiləsini Türkiyənin gələcəyinə təhlükə hesab edir.

Ruhi Tunanın hazırda üzərində işlədiyi ən böyük layihə İran Azərbaycanı üçün bir səyyar heykəl muzeyi hazırlamaqdır. O, İran Azərbaycanının tarixi şəxsiyyətlərinin heykəllərini planlaşdırdığı muzeydə yerləşdirmək arzusundadır. Ruhi Tunanın planına əsasən bu İran Azərbaycanının səyyar muzeyi Kandanın Toronto şəhərində gerçəkləşəcək. Daha sonra Amerika Birləşmiş Ştatları və türkdilli ölkələrdə nümayiş etdiriləcək.

Azərbaycanlı heykəltəraşın ən böyük arzusu bir gün bu səyyar muzeyi Təbrizə aparıb, həmişəlik orada yerləşdirməkdir.

XS
SM
MD
LG