Accessibility links

Azərbaycanın rus icması Moskvada millətlərarası ədavətin qızışdırılmasından narahatdır


Mixail Zabelin

Mixail Zabelin

Azərbaycanda 120 min rus yaşayır. Rus icması Rusiyada millətçi meyllərin, ksenofobiya və ayrı-seçkiliyin inkişafına imkan verilməyəcəyinə ümid edir

Azərbaycanın rus icmasının (ARİ) Respublika Şurası moskvalı Yeqor Şerbakovun faciəvi ölümündən ayrı-ayrı qüvvələrin millətlərarası ədavəti qızışdırmaq üçün istifadə etməsi cəhdlərinə təəssüf ifadə edən bəyanat yayıb.

ARİ-nın bəyanatını icmanın rəhbəri, parlamentin deputatı Mixail Zabelin oktyabrın 24-də keçirilən mətbuat konfransında açıqlayıb.

Sənəddə həlak olan Y.Şerbakovun ailəsinə başsağlığı verilir. Daha sonra qeyd edilir ki, qanunsuz əmək miqrasiyasının artmasından hiddətlənən Biryulevo sakinlərinin emosional-etiraz rəftarı daha çox bu faciəvi hadisəyə aidiyyəti olmayan miqrantlara yönəlib.

“Mağazaların, ticarət köşklərinin dağıdılması, gənclərin özbaşınalığı, zorakılıq, ehtimal edilən cinayətkar saxlanılarkən baş verənlər, daha sonra telekanallar və internet vasitəsilə yayımlananlar, bütün KİV-lərdə vurğunun süni şəkildə şişirdilərək ehtimal edilən cinayətkarın milləti üzərinə qoyulması ancaq ictimai rəyi həyəcana salmağa, situasiyanı süni şəklidə şişirtməklə ksenofobiya meyllərini gücləndirməyə, qarşılıqlı ədavət yaymağa xidmət edirdi. İndiki halda Rusiya KİV-ləri Rusiya ictimaiyyətində qeyri-slavyan millətlərə neqativ münasibət formalaşmasına yardımçı rolunda çıxış edib ki, bu da sağlam düşüncə ilə daban-dabana ziddir”, bəyanatda belə deyilir.

“Bizim doğma evimizə dönən Azərbaycan nəinki mane olmur, əksinə, hər vəchlə bizim mədəni və mənəvi məkanımızın qorunmasına kömək edir. KİV-lərdə süni şəkildə şişirdilərək millətlərarası sülhü zərbə altına qoyan cinayətkarın milli və dini mənsubiyyəti burada heç zaman müzakirə predmeti olmur. Eyni zamanda bizim tarixi vətənimiz Rusiya çoxmillətli dövlətdir və onun nüfuzuna biganə deyilik. Azərbaycan rusları Rusiyada baş verən hadisələrə, xüsusilə xalqlarımız arasındakı münasibətlərə zərər vuracaq hadisələrə diqqət və həyəcanla yanaşır və öz növbəsində dostluq və qarşılıqlı anlaşma işinə öz töhfəsini vermək istəyir”, deyə sənəddə qeyd olunur.

Sənəd müəllifləri Rusiya ictimaiyyətinin baş verənlərə düzgün qiymət verəcəyinə, hakimiyyətin millətlərarası münaqişənin qarşısını alacağına, məlum faciənin hüquqi şəkildə obyektiv həllinin tapacağına, aidiyyəti qurumların millətçi meyllərin, ksenofobiya və ayrı-seçkiliyin inkişafına imkan verməyəcəyinə ümid etdiklərini bildirirlər.

M.Zabelin bəyanatın MDB məsələləri və yerlilərlə iş üzrə Dövlət Duması əlaqə komitəsinə və başqa Rusiya strukturlarına göndərildiyini nəzərə çatdırıb.

Bundan əlavə, noyabrın əvvəllərində ARİ-nin Rusiyaya gedəcək nümayəndə heyəti Ümumrusiya Azərbaycanlıları Konqresinin təmsilçiləri ilə birgə mövcud problemi nizamlamaq üçün Rusiyanın rəsmi şəxsləri, o cümlədən daxili işlər naziri, paytaxt meri ilə görüşlər keçirməyi nəzərdə tutur.

Rusiyada azərbaycanlıların durumuna toxunan M.Zabelin onların 90%-nin qanuna riayət edən şəxslər olduğunu söyləyib, onların bu ölkənin həyatında iştirak etdiklərini, onun iqtisadi inkişafına paylarını verdiklərini, yeri gələndə rus uşaqlarının həyatı naminə öz həyatlarını qurban verməyi bacarırlar.

Azərbaycanda 120 minə yaxın rus yaşayır. ARİ-yə 78 min nəfər daxildir.
XS
SM
MD
LG