Accessibility links

Rusiya prezidenti Volqoqrad şəhərinə səfər edib


Rusiya prezidenti Vladimir Putin keçən bazar günü və bazar ertəsi 34 nəfərin ölümü ilə nəticələnmiş partlayışların baş verdiyi Volqoqrad şəhərinə səfər edib.

Hadisə yerini ziyarət edən prezident ziyarətçilər tərəfindən qoyulmuş güllər, şarlar və digər xatirə əşyalarının yanına əklil qoyub.

Cənab Putin daha sonra xəstəxanada hadisə zamanı xəsarət almış insanları ziyarət edib.

Bazar ertəsi trolleybusda baş vermiş partlayış 16 nəfərin ölümünə 30 nəfərin isə yaralanmasına səbəb olub. Bundan bir gün əvvəl intiharçının şəhərin mərkəzi dəmir yol vağzalında yoxlama məntəqəsində üzərinə bərkidilmiş bombanı partlatması nəticəsində 18 nəfər həlak olub.

Rusiyanın baş təhqiqat agentliyinin sözçüsü bazar ertəsi baş vermiş hücumda istifadə edilən bombanın bazar günü qatar stansiyasında istifadə edilən bomba ilə oxşar olduğunu deyib.

Hücumdan sonra Rusiya rəsmiləri Volqoqrad şəhəri və ətraf ərazilərdə təhlükəsizli tədbirlərini gücləndirərək, 5000-dən çox təhlükəsizlik işçisi göndərib.

Hücum Volqoqrad şəhərindən təxminən 650 kilomentr məsafədə yerləşən Soçidə Qış Olimpiya Oyunlarının açılışından bir neçə həftə əvvəl baş verib. Bundan əvvəl islamçı yaraqlılar mülkü vətəndaşlara hücum edəcəkləri və Qış Olimpiya Oyunlarına mane olacaqları barədə xəbərdarlıq etmişdilər.
XS
SM
MD
LG