Accessibility links

BMT Təhlükəsizlik Şurası bazar günü Krımda referendumun nəticələrinin tanınmamasına dair qətnaməni qəbul edə bilməyib.

Gözlənildiyi kimi, Rusiya qətnamənin əleyhinə səs verib, Çin isə bitərəf qalıb. Təhlükəsizlik Şurasının qalan 13 üzvü qətnaməyə səs verib.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin qətnamənin beynəlxalq qanunun prinsiplərinə zidd olduğunu deyib. “Biz martın 16-da Krım respublikası əhalisinin öz gələcəyini müəyyən edəcəyi referendumun qanunsiz olduğuna dair mülahizə ilə razılaşa bilmərik”-deyə Vitali Çurkin bildirib.

Çinin Rusiyanın ardınca qətnaməyə veto qoymaması Moskvanın Krımda referendum məsələsində daha da təcrid edildiyini göstərir. Səsvermədən sonra Çinin BMT-dəki səfir öz ölkəsinin mövqeyini şərh edərək, bu məqamda Təhlükəsizlik Şurasında qətnamənin hazırlanıb səsə qoyulmasının qarşıdurmaya gətirib çıxara və vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyini deyib.


Səsvermədən sonra ABŞ-ın BMT-dəki səfiri Samanta Pover Rusiyanın “təhlükəli hərəkətlərinə yekdil müxaliflik” olduğunu deyib. O, qətnamənin qəbul edilməməsinin təəssüf doğurdunu deyib.

Referendum Krım əhalisinə ya Rusiyanın tərkibində olmaq, ya da daha geniş muxtariyyət verilməklə Ukraynanın tərkibində qalmaq kimi iki seçim verir.

Qətnamədə Ukraynanın ərazi bütövlüyünə dəstək və Krımda referendumun etibarlı sayılmayacağı bildirilir.
XS
SM
MD
LG